24 fevral 2024 01:14
770

Gəlirik biz!..

Qarşıla, günahsızlarının ruhları dinclik tapan azad Xocalım!

Sonsuzluq qədər uzun, qapqara 32 il sonra Qarabağın göylərindən barıt qoxusu, mərmilərin hisi-pası çəkilib, səması aydınlanıb. O göylərdə dolaşan körpə ruhları azadlığın verdiyi xoşbəxtliklə gündüzün al günəşini, gecənin parlaq ayını, işıldaböcəklər kimi yanıb-sönən ulduzları oyuncağa çevirib 32 il əvvəl qanla dayandırılmış yarımçıq oyunlarını oynamağa başlayılar. Daha bundan sonra gündüzlərimiz bozarmayacaq, gecələrimiz qaralmayacaq, körpələrimizin oyunları yarıda qalmayacaq. Günəş daha çox isidəcək, aydınladacaq bu yerləri!

...Səmalar aydınlandıqca, günəş güldükcə huşu-başı getmiş nənələr öz ana-qızlarını, döşlərindən süd sızan analar qana bələnmiş kuklalara oxşayan yavrularını, belini yaş deyil, dərd bükmüş babalar ata-oğullarını, qabarlı əlləri özləri kimi fağır atalar isə məftildən düzəltdikləri oyuncaq arabaları tank tırtılları altında əziklənmiş körpələrini görə bilirlər. Az qala bir qərinə sonra hamısı bir-birini tanıyır, salamlaşır, hal-əhval tutur və birincilər ikincilərə “salam, günahsızımın ruhu” deyir. Bir də yəqin mütləq deyir ki, daha rahat ola bilərsən, rahat ölə bilərsən! Qisasın alınıb! Allah üz çevirdiklərinə üzünü çevirib!

Bu gün qar da yağsa, çovğun da olsa əgər şəhidlərimizin xatirəsinə qovuşmaq məqamında nə ürəyimiz, nə əlimiz-ayağımız 32 il əvvəl Xocalı gecəsində olduğu kimi üşümürsə, donmursa demək günahsızlarımızın ruhu dinclik tapıb! Əvvəllər belə olmurdu. Bir-iki gün əvvəldən hava çönürdü qəfildən, qanlı gecənin qurbanları kimi donurduq, buz bağlayırdıq. Yer-göy qan ağlayırdı, təbiət bizlərə qoşulub yas saxlayırdı. Qisas hissi boğurdu, çarəsizlik əzirdi bizi, nəfəs ala bilmirdik. Göz yaşlarımızı son ümidimizi isladacaq qorxusuyla içimizə axıdıb ədaləti oyunlarının oyuncağına çevirmiş dünyaya göz yumduğu, görmək istəmədiyi faciəmizə görə, susduğuna görə qəzəb dolu nifrin yağdırırdıq. Haqlı idik! İnsan olanlar, canı yananlar, canından can ayrılanlar, soyqırımına uğramış bir şəhərin faciəsini faciəsi bilənlər bilir haqsız olmadığımızı! Xocalının yaralı torpağından baş qaldırıb gün üzünə çıxan kütləvi məzarlıqlar sübut edir haqlı olduğumuzu...

Əgər bu 26 fevralda ürəyimiz qədər də əlimiz-ayağımız üşümürsə, donmursa, demək, çıxmağa məcbur qalanda az qala sinəmizə çatan qarla bağlanmış yollarımız açılıb, Qarqar suyunu dayandırıb yol verir. Və biz ora qayıdırıq! Yavaş-yavaş, torpağını ovuclayıb üzümüzə sürtərək aclığımızı, havasındakı həsrət nəmini sinəmizə çəkib susuzluğumuzu söndürə-söndürə. Biz Xocalıya qayıdırıq!

Torpağının ətrini hər nəfəsdə ciyərlərimə çəkə biləcək qədər yaxından duyuram, daşının-qayanın səsini ürəyimin döyüntüsü ilə birgə eşidirəm, Xocalı, mənim ölüb, öldürülmüş, yenidən dirilən kənd-şəhərim! Açıq, azad, düşməndən təmizlənmiş, kafirlərdən arındırılmış yollarınla sənə sarı gəlirəm yaraları 32 ildən sonra qaysaq bağlayan, evləri tikilən, ocaq yerləri illərdir yurd həsrəti ilə yanıb-tutuşmuş sahiblərini gözləyən Vətən!

Bir vaxt yazmışdım ki,

...orada bir kənd var uzaqda! Gedə bilməsək də, görə bilməsək də! Dərdi duz yükündən ağır, faciəsi çəkilməz oldu illər boyu. Güllərinin rəngi solmuş, çiçəklərinin ətri dəyişmiş, ağacları-daşları mamır bağlamış... İllərdir hayına-harayına yığışdığımız!

İndisə sevinc göz yaşları işində deyirəm ki,

...orada bir kənd var yaxında! Gedə bildiyimiz, görə bildiyimiz! Yandırılmış, külündən yenidən doğulmuş, qisası qanla alınmış, uğrunda Zəfər çalınmış, günahkarlarına haqq divanı tutulmuş bir kənd-şəhər!

Faciənə qurban, gözəl yurdum, sənə gəlirik!

Mahir Rəsuloğlu, “İki sahil”