24 fevral 2024 02:16
479

Haylar hara və niyə gedir?

Erməni deputat: Bu miqrasiya deyil, vətəndaşların kütləvi şəkildə dövləti rədd etmək qərarıdır

Ermənistanda mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir. Yerli ekspertlər bunu Ermənistan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin aşağı səviyyədə olması ilə əlaqələndirirlər. Bildirilir ki, Ermənistan iqtisadiyyatı ekstremal hallarda baş verən dəyişikliklərə hər hansı bir adekvat reaksiya vermək gücündə deyil. Buna görə də kənar və yaxud gözlənilməz təsirlər ölkədə uzunmüddətli mənfi proseslərlə müşayiət olunur. Bu mənada, xüsusilə İkinci Qarabağ müharibəsinin Ermənistan iqtisadiyyatına təsirləri də istisna təşkil etmur. Müharibə dövründə açıq-aydın hiss olunurdu ki, işğalçı ölkənin iqtisadiyyatı artan xərcləri kompensasiya etmək iqtidarında deyil və hökumətin fors-major halları idarə etməklə bağlı planları yoxdur. Buna görə də məğlub Ermənistan dərin sosial-iqtisadi problemlər məngənəsindən qurtula bilmir.

Hadisələrin inkişaf istiqaməti bu nəticəyə gəlməyə əsas verir ki, bütün regional layihələrdən kənarda qalan Ermənistan hazırda sosial partlayış ərəfəsindədir. İlk növbədə ona görə ki, əhalinin maddi gəlirləri aşağı düşdüyü bir vaxtda inflyasiyanın səviyyəsi artır, kommunal xidmətlərə görə insanlardan daha böyük həcmdə vəsait tələb olunur. Bu fonda Ermənistanda əhalinin sosial durumu dözülməz bir həddə çatmaqdadır. Hazırda baş verənlər Ermənistan əhalisinin haqlı narazılığının daha da artmasına səbəb olmaqdadır. Vəziyyətdən yeganə çıxış yolu kimi Ermənistan əhalisi ölkədən birdəfəlik miqrasiya edərək yaşamaq üçün başqa ölkələrə üz tutmağa  üstünlük verir.

Əgər bir neçə il əvvəl əsasən regionlarda, ucqarlarda və sərhədyanı ərazilərdə yaşayan yerli əhali ölkəni tərk edirdisə, bu gün artıq iri şəhərlər və paytaxt İrəvan da ciddi miqrasiya problemi ilə üzləşib.  Çünki rüşvət və korrupsiya burada dözülməz həddə çatıb. Eyni zamanda, yerli ermənilər məhkəmələrdən də narazıdırlar. Çünki məhkəmələrdə məsələlərin qanuni həllinə nail olmaq mümkün deyil. Addımbaşı rast gəlinən korrupsiya, bürokratiya, rüşvət, telefon zəngi ilə elementar məsələni həll etmə kimi neqativ təzahürlər artıq pik həddə çatıb. Bu kimi səbəblərdən hər il ölkəni tərk edən və geri dönməyənlərin sayı durmadan artır.

Ermənistandan əhalinin xaricə axını artıq çox ciddi rəqəmlərlə özünü büruzə verir. Ermənistan parlamentinin deputatı Elinar Vardanyanın dediyinə görə, son on ildə Ermənistanı təxminən 300 minə yaxın insan tərk edib: “Belə ki, 2023-cü ildə 36 min 512 vətəndaş Ermənistan pasportu ilə gedib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil, bu dövlətdən ayrılmaq deməkdir. Ermənistan pasportu ilə gedib geri qayıtmayanların sayı 10 il ərzində 291 min 327 nəfərdir. Bu müddət ərzində yalnız 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 min 786 nəfər üstələyib, bu da COVID pandemiyası məhdudiyyətləri ilə əlaqədar idi. Maraqlıdır ki, 291 min 327 nəfərin yarısı, təxminən 138 min 024-ü Ermənistanı tərk edib və son üç ildə geri qayıtmayıblar. Bu rəqəmlər 2021-ci ildə 73 min 521, 2022-ci ildə 27 min 941, 2023-cü ildə 36 min 512 nəfər olub”.

E.Vardanyan bildirib ki, təkcə son üç ildə 138 min 024 Ermənistan vətəndaşı ölkəyə dönməyib: “Üstəgəl, qalan yüz minlərlə vətəndaşımız “Yaşıl kart” (Amerikaya getmək) arzusundadır. 2019-2021-ci illər üçün “Yaşıl kart”a müraciət edənlərin statistikası ABŞ-nin rəsmi dərc olunmuş statistikasında ümumiləşdirilib. ABŞ-də daimi yaşamaq üçün səfirliyə 602 min 359 müraciət olub. 2021-ci ildə 160 min 965 nəfər ABŞ-da rezidenturaya müraciət ünvanlayıb. Bu atmosferdə son iki ildə belələrinin sayının nə qədər olacağını təxmin etmək olar. Ermənistandan “Yaşıl kart”a müraciət edənlərin sayı Gürcüstan və Azərbaycanla müqayisədə bir neçə dəfə çoxdur. Bu, miqrasiya deyil, vətəndaşların kütləvi şəkildə dövləti rədd etmək qərarıdır. İnsanlar ona görə gedirlər ki, dövlətimizə, gələcəyimizə əmin deyillər. Hər kəs sabahla bağlı qeyri-müəyyənlik içindədir”.

Ümumiyyətlə, Ermənistan  Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdəndən bəri sosial-iqtisadi böhran məngənəsində olub. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra isə ermənlərin vəziyyəti daha da pisləşib. Bu gün Ermənistanın sülhdən yayınma siyasəti, regiondakı qeyri-konstruktiv mövqeyi işğalçı ölkəni  uçuruma aparır. Rəsmi İrəvanın apardığı siyasətdən əziyyət çəkən isə sadə əhalidir. Bu və ya digər səbəblərdən də, insanlar haqlı olaraq bu ölkəni tərk etməyə üstünlük verirlər.

Nigar Orucova, “İki sahil”