22 fevral 2024 22:14
360

Ermənistanda separatçıların fəaliyyətinə dərhal son qoyulmasa...

Qərbi Azərbaycan mühacirət hökumətinin formalaşdırılmasına başlanmalıdır 

Xankəndidə 30 ildən artıq meydan sulayan separatçı xunta rejimi 2023-cü ilin sentyabr ayında 23 saat davam edən lokal antiterror tədbirlərindən sonra tarixin zibilliyinə atıldı. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində azərbaycanlılara qarşı soyqırımlar törətmiş və hərbi cinayətlərdə əli olmuş bir qrup separatçı, həmçinin qondarma rejimin üç təlxəyi (Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan) həbs olunaraq Bakıya gətirildilər. Amma separatçılardan bəziləri, o cümlədən qondarma rejimin keçmiş “başçı”sı Samvel Şahramanyan həbsdən yayına bildi.

Son günlər Ermənistanda o və digər separatçılar təşkilatlanmaqla yanaşı, həm də fəallaşıblar. İrəvanda üzərində “artsax bayrağı” dalğalanan “arsax nümayəndəliyi”nin saxlanması, Vardan Oskanyanın rəhbərliyi ilə  «artsax xalqının vətənə qayıdışı”nı koordinasiya edəcək komissiyanın yaradılması, 20 fevral Qarabağda separatçı hərəkatın başlamasının ildönümü günü “artsax” “rəhbərləri”nin yenidən üzə çıxması dediklərimizin əyani sübutudur. Hətta fevralın 20-də separatçı rejimin tör-töküntüsü Samvel Şahramanyanın başçılığı altında “Qarabağ hərə­katı”nın 36-cı ildönümü münasibətilə Erablurda İkinci Qarabağ müharibə­si zamanı Azərbaycan torpaqlarında cəhənnəmə vasil olmuş erməni hər­bçilərinin qəbirlərini ziyarət ediblər. Bundan sonra separatçılar qapalı tədbir keçiriblər. Tədbirdə Şahramanyan Ermənistan hakimiyyəti ilə əməkdaşlıq yollarının tapılmasından söz açmaqla yanaşı, nə vaxtsa Qarabağa qayıtmağa ümid etdiyini də dilə gətirib. Hələ bütün bunlar azmış kimi, keçmiş separatçı rejimin “nümayəndələri” gizli olaraq Ermənistan parlamentinin fraksiyaları və siyasətçilərlə çoxsaylı görüşlər də keçirirlər. Həmin görüşlərdə də “Qarabağ münaqişəsi həll olunmayıb” kimi gülünc iddialarla çıxışlar edirlər. Qondarma “artsax”ın “ərazi idarəsinin keçmiş naziri” Ayk Xanımyan isə bundan bir neçə gün əvvəl bildirmişdi ki, məhz “artsax”ın hökumət orqanları kollektiv qayıdış, muxtariyyət yaratmaq və regionda sülhün bərqərar olması məqsədi ilə Azərbaycanla bu mövzuda danışıqlara başlamalıdır. Halbuki “kollektiv qayıdış”, “muxtariyyət” onların xam xəyallarından başqa bir şey deyil.

Bu “canlanma”nın arxasında Xocalı caniləri Robert Koçaryanın, Serjik Sarkisyanın, Seyran Ohanyanın, həmçinin onların xarici havadarlarının olmaları şəksizdir. Bu debil separatçılar hələ də anlamırlar ki, ermənilərin Azərbaycanda  törətdikləri vəhşiliklərdən sonra onların burada nəyəsə iddia etməyə heç bir mənəvi haqları qalmayıb. Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söylədi­yi kimi, erməni separatçılarının tabutuna seşki bülletini formasında son mismar da vurulub. Buna qə­dər artıq bir neçə mismar separatçıların tabutunun qapağına vurulmuşdu. Yəni, qondarma rejim də, onun statusu da cəhənnəmə göndərilmişdi. Cəhənnəmə gedənin qaytarılması isə qeyri-mümkündür. Görəsən, niyə onlar bu adi reallıqları dərk etmək istəmirlər?

Şübhəsiz, bütün bunlar bir daha separatçıların son 35 ildə baş verənlərdən heç bir dərs çıxarmadıqlarını göstərir. Halbuki bütün bunlar Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatları ilə tamamilə ziddiyyət təşkil edir. Sual olunur:  Nikol Paşınyan ölkəmizin ərazi bütövlüyünü tanıyırsa, onda öz ərazisində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçıların fəaliyyətinə niyə son qoymur? Niyə onların nazı ilə oturub-durur? Niyə Ermənistan Azərbaycan ərazilərinə iddiada olanları, hətta özlərini “prezident”, “parlament sədri” və sair adlandıran separatçıları  bəsləyir? Əslində isə Ermənistan hakimiyyəti ərazisində Azərbaycanın suverenliyini təhdid edən, hələ də “öz müqəddəratını təyin etmək”dən dəm vuran, keçmişin qalıqları olan tör-töküntülərin fəaliyyətinə tamamilə qadağa qoymalıdır. Amma nədənsə hakimiyyət bu məsələdə tutarlı addımlar atmır. Digər tərəfdən, axı istənilən halda məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bu kimi iddialar, bu kimi addımlar həm də Ermənistanın sülh danışıqları prosesinə qeyri-səmimi yanaşmasını bir daha sübut edir. Daha doğrusu, bu, eyni zamanda, bütün günü yalandan sülhdən danışan Ermənistan hakimiyyətinin, ən yumşaq formada desək, qeyri-səmimiliyindən xəbər verir. Halbuki, rəsmi İrəvan da, separatçılar da anlamalıdırlar ki, sülh Azərbaycandan çox onların özlərinə lazımdır. Ona görə də Ermənistan bu kimi təxribatlara son qoymalıdır.

Şübhəsiz, buna qarşı Azərbaycan tərəfi də biganə qalmayacaq. Belə ki, Ermənistanda separatçı rejimin qalıqlarının saxlanması davam edərsə, Azərbaycanda da Qərbi Azərbaycanın mühacirət hökumətinin formalaşdırılmasına başlanılacaq. 

Qvami Məhəbbətoğlu, “İki sahil”