23 fevral 2024 00:48
449

Qərb özü addımbaşı azad medianı boğursa...

C.Assanjın təhlükəli cinayətkar kimi 15 ilə yaxın təqib olunması demokratiya və söz azadlığına ikili yanaşmanın real göstəricisi kimi qəbul edilməlidir

Britaniyanın paytaxtı Londonda “WikiLeaks”in yaradıcısı Culian Assanjın ABŞ-a ekstradisiya məsələsi ilə bağlı məhkəmə dinləmələri keçirilir. Son günlər Londonda Ali Məhkəmənin qarşısında “WikiLeaks”in qurucusu Culian Assanja dəstək aksiyaları keçirilir. Aksiyalarda Böyük Britaniya Jurnalistlər Milli Birliyinin keçmiş rəhbəri Tim Douson, həmçinin Leyboristlər Partiyasının keçmiş lideri Ceremi Korbin də iştirak edirlər.

“Bu, 21-ci əsrin mətbuat azadlığı ilə bağlı ən vacib işdir. Məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti hesab edir ki, jurnalist həqiqəti söylədiyi üçün həbsxanaya düşməməlidir”, - aksiya iştirakçıları vurğulayıblar.

Xatırladaq ki, daha əvvəl Britaniya hökuməti London Ali Məhkəməsinin fevralın 20-də ikigünlük dinləmələrə başlayacağını və bu dövr ərzində “WikiLeaks”in təsisçisinin Britaniya məhkəmələrində onun ABŞ-a ekstradisiyasına dair qərara etiraz etmək imkanının olub-olmadığını müəyyən edəcəyini açıqlamışdı. Onun ABŞ-a ekstradisiyasının qarşısını almaq üçün son variantlardan biri Avropa İnsan Haqları Məhkəməsinə müraciət ola bilər. Bundan əvvəl Fransanın paytaxtı Parisdə analoji aksiya keçirilib.

Culian Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanc orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

2022-ci ildə ABŞ, Böyük Britaniya, İspaniya və Almaniyanın aparıcı media qurumları Ağ ev hökumətini “WikiLeaks” portalının qurucusu Culian Assanja qarşı irəli sürülən məxfi hərbi və diplomatik məlumatların əldə edilməsi və yayılması ittihamlarını ləğv etməyə çağırıb. Birləşmiş Ştatlar hökumətinə açıq məktubu “The New York Times”, “The Guardian”, “Le Monde”, “Der Spiegel” və “El Pais” qəzetlərinin redaksiyaları imzalayıb. Onların fikrincə, Assanjın məhkum edilməsi söz azadlığına xələl gətirəcək və milli təhlükəsizlik məsələlərinin mediada işıqlandırılmasını çətinləşdirə biləcək “təhlükəli presedent yaradacaq”.

“İctimai rifah üçün həssas məlumatların əldə edilməsi və lazım gəldikdə dərc olunması jurnalistlərin gündəlik işinin bir hissəsidir. Əgər bu iş kriminallaşdırılarsa, ictimai diskursumuz və demokratiyamız xeyli zəifləyəcək”, - məktubda belə deyilir.

Təbii ki, Assanjın təhlükəli cinayətkar kimi 15 ilə yaxın təqib olunması Qərbdə demokratiya və söz azadlığına ikili yanaşmanın real göstəricisi kimi qəbul edilməlidir. Başqa ölkələrə “söz azadlığı” dərsi keçən Qərbin özündəki real vəziyyət Assanjın timsalında açıq-aydın sezilir. Jurnalist fəaliyyətinə görə Qərb həmin şəxsi girov saxlayır, əslində, mənəvi və fiziki olaraq onu öldürüb. Qərb bu işlərlə məşğul olduğu halda, azad media haqqında danışmağa mənəvi haqqı yoxdur.

Əslində, əgər kim kimi nəyinsə pozulmasında ittiham etmək istəyirsə birinci, güzgüdə özünə baxıb görməlidir, özündə qüsurlar varmı? Culian Assanjın başına gələnlər tamamilə qəbuledilməzdir. Bu, söz azadlığının kobud şəkildə pozulması deməkdir. Həmin insan səfirliklərin birində illər boyu mənəvi işgəncəyə məruz qalıb. Hazırda o, işgəncədədir. Bu insan bəzi mənbələrdən əldə etdiyi müəyyən məlumatı açıqladığına görə əzab-əziyyətlərlə üzləşib. Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Lakin Culian Assanjın məsələsinə gəlincə, görün həmin insanla necə rəftar edilir? Onda Qərb kimisə bu məsələlərdə necə ittiham edə bilər? Həmin hadisə Qərb tarixində ən qara səhifədir. Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır.

Əgər Qərb bu qədər demokratik və obyektivdirsə, nəyə görə Assanjı jurnalist fəaliyyətinə görə həbsxanada saxlayır? Qərb ilk öncə bu suala cavab verməli, ikili standartlar mövqeyindən geri çəkilməlidir. Əks təqdirdə, Qərbin özü təhlükəli duruma düşəcək.

Cavid Əkbərov, “İki sahil”