22 fevral 2024 23:02
414

Gültəkinin kirvəlik arzusu...

Künc zərbəsi

Bəs erməniylə qohum olmaq istəyən Hacıbəylini Azərbaycanın uğurları niyə narahat edir?

Radikal müxalifətin cəmləşdiyi antimilli “şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bir neçə gün öncə “Facebook” hesabından ermənilərə məsləhət xarakterli müraciət edib. Yazıb ki, demişdim, yenə öz mövqeyimin arxasındayam, nə qədər ki, Qarabağda ruslar var, ermənilər ora qayıtmayacaqlar! Cümlənin sonunda da hiss-həyəcan bildirən nida işarəsi qoyub. Əgər yazının davamı olmasaydı, ermənilərin Qarabağa qayıtmamasının Hacıbəylidə hiss və həyəcan yaradan səbəbi bəlkə də müzakirə mövzusu ola bilərdi. Baxmayaraq ki, onun və onunkimilərin Azərbaycanın qələbələrinə, uğurlarına, inkişafına qərəzli, xain, satqın münasibətləri bəlli olduğu üçün ümummilli və taleyüklü məsələlərimizdə də kimlərinsə sifarişi ilə nələr etmək istədikləri də məlumdur. Qərəz, Gültəkinin ermənilərə müraciətinin aşağıdakı hissələri artıq onun məqsədini açıq şəkildə göstərir: “Türkiyəyə və Azərbaycana qarşı sərsəm iddialarınızdan əl çəkin, adam kimi yaşayaq, dost olaq, kirvə olaq.

... Bizim qəlbimiz böyükdür. Yenə dost olarıq, yetər ki, onun-bunun maşası olmağı buraxın.

...Beş günlük həyatdır, adam kimi yaşayıb gedək.”

Göründüyü kimi, söhbət sadəcə sülh şəraitində yaşamaqdan deyil, kirvəlikdən gedir. Yəqin kirvəliyin el-obamızda qohumluq kimi qəbul edildiyini xatırlatmağa isə ehtiyac yoxdur. Elə tarix boyu başımıza gələn müsibətlərin kökündə dayanan səbəblərin qəlbimizin böyüklüyündən, unutqanlığımızdan və bir də ermənilərlə kirvəliklərdən qaynaqlandığını da bilirik artıq. Bütün yaşadıqlarımızdan sonra indi adını azərbaycanlı qoyan biri deyir ki, gəlin yenə ermənilərlə dost, qohum olaq. Özü də fevral ayında, ötən əsrin ən dəhşətli soyqırımı aktlarından biri, Gültəkin Hacıbəylinin yenidən kirvə olmaq istədiyi ermənilərin dinc, silahsız, günahsız insanlarımıza qarşı törətdikləri Xocalı faciəsinin 32-ci ildönümü ərəfəsində! İllər boyu hər dəfə adı çəkiləndə ürəyimiz parçalanıb, hətta şanlı Qələbəmizdən sonra da fevralın 26-da bir gözümüz sevinib, bir gözümüz qan ağlayıb. İndi siz deyin, həmin qanlı soyqırımı törədənlərlə qohum olmaq istəyənlərin soyu soyumuzdan, kökü kökümüzdən ola bilərmi?!

Bu satqın sözügedən sifarişli yazısında əndazəni aşaraq belə bir fikir yaratmağa çalışır ki, guya hər bir halda ermənilərin təhlükəsizlik zəmanətinə ehtiyac var. Eynilə ermənilərin özlərinin yalandan iddia etdikləri kimi. Görün, Gültəkin Hacıbəyli necə açıq mətnlə ermənilərin xeyrinə çıxış edib ki, öz əqidə(siz)daşı, AXCP sədrinin müavini yazının şərh bölümündə düzəliş etməyə məcbur olub. Yazıb ki, ermənilərin idda etdiyi təhlükəsizlik təminatı növbəti avantüradır. Bu gün xüsusi təhlükəsizlik təminatına ona görə gərək yoxdur ki, ermənilər hər hansı təhlükəyə görə Qarabağı tərk etməyiblər, onlar sadəcə Azərbaycan dövlətinin qanunları ilə yaşamaq istəmədikləri üçün bu ərazidən könüllü olaraq çıxıb gediblər. Hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan Ordusu tərəfindən onlara qarşı hər hansı təzyiq və ya zorakılıq olmayıb. Bu isə o deməkdir ki, olmayan təhlükəyə görə də hər hansı təhlükəsizlik təminatı istəmək yersizdir.

Guya, bütün bunları Gültəkin Hacıbəylinin özü bilmir? Əlbəttə ki, çox yaxşı bilir. Sadəcə, ona verilən təlimat və tezislərə uyğun olaraq Azərbaycanın adını ləkələməyə çalışır. Əgər xislətində xainlik, xəbislik, satqınlıq olmasaydı Hacıbəyli bir zamanlar Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları, İslam Oyunları və digər nüfuzlu beynəlxalq tədbirlər zamanı olduğu kimi, indi də Bakıda keçirələcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində yenidən əleyhimizə qarayaxma kampaniyasına başlamaz, bütün dünyanın diqqət mərkəzində olan COP29-u hədəf seçməzdi. Məlumdur ki, Gültəkinin, yəni onun bu məqsədli təxribat cəhdlərinin arxasında dayanan, ölkəmizin uğurlarını həzm edə bilməyən qara qüvvələr var. O, həmin qüvvələrin sifarişlərinin zavallı icraçısıdır. Nələrinsə xatirinə ermənilərlə kirvə olmaq istəyəndən bundan başqa nə gözləmək olar ki?..

Mahir Rəsuloğlu, “İki sahil”