22 fevral 2024 16:07
382

Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib

Azərbaycan torpaqlarının işğaldan azad olunması Azərbaycan və Türkiyənin qlobal əhəmiyyətli yeni layihələri həyata keçirməyə,təhlükəsizliyin təmin olunmasına və eyni zamanda ölkələr arası əməkdaşlığı inkişaf etdirməyə əlavə imkanlar yaradır. Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərindən sonra cənab İlham Əliyevin 19 fevral tarixində ilk rəsmi səfərinin Ankaraya olması ölkələr arası əlaqələrin inkişafının göstəricisidir.

Səfərdə bildirilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi ilk dəfə 7.5 milyard dollar səviyyəsinə çatdırılıb , gələcəkdə isə bu rəqəmin 15 milyard dollar səviyyəsinə çatdırılması planlaşdırılır. Eyni zamanda Qars-Naxçıvan dəmir yolu layihəsi, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğu qeyd edilib.

Ümumi dəyəri 40 milyard avro təşkil edən TANAP ( Trans-Anatolian-Natural Gas Pipeline ) layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə Türkiyə ərazisindən keçən 1850 km – lik boru xəttinin Gürcüstan sərhədindən Eskişehre qədər olan 1337 km-lik boru xəttinin ikinci lot üzrə 375-825 km-ləri əhatə edən 460 km-lik hissəsinin “Sicim –Yüksel-Akkord” ortaqlığı tərəfindən tikintisi həyata keçirilmişdir. Türkiyə-Azərbaycan arasında olan bu ortaqlıq 2014 – cü il 23 oktyabrda imzalanan müqaviləyə əsasən əlverişsiz hava şəraitlərinə baxmayaraq başlamışdır. Dörd mərhələdə həyata keçirilməsi planlaşdırılan bu layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. TANAP layihəsinin Eskişehredek olan hissəsinin işə düşməsi Şahdəniz ll layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2018 – ci ildə baş tutub. 2019 – cu ilin aprel ayında “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb. Qazıntılar zamanı elmə məlum olmayan bitki növləri və eyni zamanda 154 yerdə arxeoloji qazıntılar aşkarlanmışdır.

Azərbaycan və Türkiyənin birgə tərəfdaşlıq əlaqələrinin inkişafına digər bir nümunə olaraq, “Şahdəniz-2” layihəsi haqqında danışmaq mümkündür. Bu layihə Xəzər qazını ilk dəfə olaraq Avropa qaz bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə uğurların, qətiyyətli praqmatik siyasətin davamı olaraq dünya enerji siyasi palitrasında çox mühüm fundamental sənəd kimi xarakterizə oluna bilər. Çünki bu qərar dünyanın transenerji strukturunun ən mühüm komponenti kimi yanacağın şaxələndirilməsinə yeni üfüqlər açır. Azərbaycanın və xarici neft-qaz kampaniyalarının qətiyyəti və siyasi iradəsi nəticəsində regionun geosiyasi-iqtisadi xəritəsini dəyişən, enerji tarixinə qızıl hərflərlə yazılan ən mühüm hadisənin baş verməsi ilə yanacağın çoxşaxəli diversifikasiyasının ana arteriyası işə düşmüş olur.

Ölkə başçısı Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Şahdəniz- 2” enerji layihəsi dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.

Azərbaycan 19 il əvvəl “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. “Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. 

Azərbaycanın dünya enerji siyasətinə möhür vurduğu siyasi qətiyyət davamlılıq xarakteri daşımaqla yanaşı, yeni iqtisadi tarixi hadisələrin yaranmasına səbəb olur. Respublikamızın bu pozetiv və dinamik təşəbbüsləri dünya enerji iqtisadiyyatının sağlamlaşdırılması, regionda yeni enerji və iqtisadi əməkdaşlıq sisteminin yaradılması baxımından həddindən artıq dərəcədə səmərəlidir, təklifləri reallığa uyğundur, kontinental enerji sabitliyi, təhlükəsiz və çoxşaxəli əməkdaşlıq platformasının yaradılması, siyasi dialoq üçün əhəmiyyətlidir.

İlham Əliyev 19 fevral tarixli Türkiyəyə səfərində bildirib ki, “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”. Azərbaycanla Türkiyə arasında enerjidaşıyıcıları sahəsində əməkdaşlığın genişlənəcəyindən danışan Prezident İlham Əliyev deyib ki, ötən il Azərbaycandan Türkiyəyə doqquz milyard kubmetr təbii qaz ixrac edilib: “Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”.

Azərbaycan-Türkiyə əlaqələrinin perspektiv inkişafını aşağıdakı kimi sıralamaq olar:   İki ölkə arasında siyasi sahədə əməkdaşlığın davam etməsi;

Enerjidaşıyıcılarına dair yeni layihələrin reallaşacağı; Yol-nəqliyyat layihələrinin genişlənməsi; Türk Dövlətlər Təşkilatında əməkdaşlığın genişləndirilməsi;

Aniterror əməliyyatlarında birgə əməkdaşlıq və müdafiə sənayesi sahəsində ortaq fəaliyyət; Gənc nəslin yetişdirilməsi istiqamətində yeni layihələrin reallaşması; Türkiyə-Azərbaycan təhsil sistemində birgə layihələrin reallaşması.

Sevinc Orucova,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 86" ərazi partiya təşkilatının üzvü