20 fevral 2024 17:57
850

Pediatr valideynlərə çağırış etdi - AÇIQLAMA/EKSKLÜZİV

Qrip mövsümi xəstəlikdir və epidemiyalar əsasən soyuq aylarda baş verir.  Qış aylarında demək olar ki, hər kəs, istisnasız olaraq, qripə həssasdır. Lakin risk altında olan insanlar üçün qrip xüsusilə təhlükəlidir. Bunlar xroniki xəstəlikləri olan insanlar, qocalar, həmçinin beş yaşınadək uşaqlardır. Virusa yoluxduqda onların immun sistemi viruslarla mübarizə apara bilmir, ona görə də orqanizmlərində müxtəlif fəsadlar yaradır.  Uşaqlarda  3-14 yaş arasında qripə yoluxma daha tez-tez baş verir və mütəxəssislərə görə onlar qripə böyüklərdən üç dəfə çox yoluxurlar. Uşaqlarda qrip virusuna həssaslıq böyüklərdən dörd dəfə yüksəkdir.

Bu məqamda valideynlərdə yaranan yeganə sual o olur ki, bəs nə edək ki, övladımızı tüğyan edən virus infekiyalarından qoruyaq? Qripin uşaqlar, körpələr üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq suallarımızı pediatr Gülnar Abdullayevaya ünvanladıq.

HƏKİM MƏSLƏHƏTİ: Təmiz havada çox olmaq, mütəmadi D vitamini qəbul etmək, xüsusən Günəşli havalarda bacardıqca çox gəzmək, düzgün qidalanmaq lazımdır

G. Abdullayeva bildirdi ki, virus infeksiyalarından qorunmaq üçün təmiz havada çox olmaq, mütəmadi D vitamini qəbul etmək, xüsusən Günəşli havalarda bacardıqca çox gəzmək, eyni zamanda da, düzgün qidalanmaq lazımdır: “Düzgün qidalanmaq deyəndə nəyi nəzərdə tuturuq? Gündə 3 dəfə rasional qidalanmaq şərtdir. Hazır, ziyanlı qidalardan, içkilərdən uzaq durmaq lazımdır. Bol vitaminli meyvə və tərəvəzlərdən istifadə etməyi, ağartı məhsullarına üstünlük verməyi tövsiyyə edirik.  Burada bir məsələni də vurğulayım ki, uşaqlar sakit, normal mühitdə böyüməlidirlər. Çünki xoşbəxt ailədə böyümək hər bir uşağın haqqıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, övladlarını stresdən uzaq tutsunlar”. 

“Əgər vacib deyilsə, qapalı məkanlara uşaqları aparmayaq” deyə valideynlərə çağırış edən pediatr xatırlatdı ki, evə gələn kimi əllər axar su altında sabunla yuyulmalıdır: “Təbii ki, dezinfeksiyaedici vasitələrdən də istifadə etmək olar. Bu vərdişlər uşaqlara lap kiçik yaşlardan aşılanmalıdır. Sadaladığım faktorlar həm uşaqların immunitetinin möhkəmləndirilməsi, həm də sağlamlığı  üçün vacibdir”.

Günel Cəlilova, "İki sahil"