"Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Turnirdə 50-yə yaxın ölkədən yüzlərlə idmançının mübarizə aparması yarışın əhəmiyyətindən xəbər verir".
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev Bakıda keçirilən “Azerbaijan International 2024” yarışı haqqında danışarkən deyib.
O, 1/4 finala yüksələn yığma üzvləri Keişa Fatimə Zəhra və Edi Reski Dviçayoya ümidlərin böyük olduğunu bildirib: "Onlar "Paris-2024" Yay Olimpiya Oyunlarına əsas namizədlərimizdir. Ümid edirik ki, bu turnirdə reytinq xallarını yüksəldərək şanslarını daha da artıracaqlar".
Baş katib yeniyetmə badmintonçuların da şanslarını dəyərləndirib: "Bu, onların iştirak etdiyi ilk beynəlxalq turnirdir. Millinin baş məşqçisi Morteza Validarvi onlara özlərini beynəlxalq arenada sınamaları və xallar qazanmaları üçün şans verdi. Təbii ki, onlardan sürpriz nəticələr gözləyirik".