28 dekabr 2023 01:15
320

İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu məqsədə doğru atılan mühüm addımlar sırasındandır

“Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük” söyləyən dövlət başçısı İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacağına əminliyini ifadə edərək onu da bildirir ki, dünyada hər kəs gündəliyimizin yaşıl enerji ilə bağlı olduğunu bir daha görəcək. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.

Bugünümüzün uğurları, ən əsası çağırışları ötən dövrə qısa nəzər salmağı bir zərurət kimi qarşımıza qoyur. Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azəraycanın neft ölkəsi ilə yanaşı, qaz ixracatçısı kimi tanınmasında da öz sözünü deyir. Ulu Öndərin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyimizə xidmət edən mühüm addımlardandır. Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə biri-birindən mühüm layihələrin iştirakçısı və təşəbbüsçüsü kimi diqqətdə oldu. Ölkəmiz qısa müddətdə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsindən sonra 2014-cü ildə, “Əsrin müqaviləsi”nin 20 illiyində çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Bu mərasimdə cənab İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirərək, qısa müddətdə, nərdə tutulduğu vaxtda reallığa çevriləcəyinə əminliyini ifadə etdi. 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, həm ilin iyununda bu layihənin əsas tərkib hissələrindən olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi. Bununla da Cənub Qaz Dəhlizi layihəsinin icrası tam şəkildə başa çatdı. Azərbaycan daim əməkdaşlıqda, yeni formatların yaradılmasında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir.

«Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə, bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verir.

Prezident İlham Əliyev bu il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında bu mühüm məqama da xüsusi diqqət yönəltmişdir ki, özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir.

Keçilən yolun təhlili Azərbaycanın enerji sektorunda hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə təsdiqləyir. Avropa İttifaqına daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə daim xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq yalnız region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası, həmçinin bu reallığı təsdiqləyir ki, nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Hazırda Azərbaycan yaşıl enerji ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır.

Təkcə cari il çərçivəsində cənab İlham Əliyevin xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərə, iştirak etdiyi tədbirlərdəki çıxışlarına diqqət yetirsək görərik ki, əsas müzakirə mövzularından biri işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, bu torpaqların malik olduğu bərpaolunan enerji mənbələridir. Hazırkı dövrün əsas çğırışı məhz bu sahəyə investisiyaların yatırılmasıdır. O da məlumdur ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar bütün sahələrdə yeniliklərə, təkmilləşməyə geniş yol açdı. Yeni Dövlət proqramlarının qəbulu da hazırkı dövrün çağırışlarını özündə əks etdirir. Belə ki, cənab İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıdakı illərdə 5 prioritetin reallığa çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub ki, bunlardan biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Milli Prioritetlərdə qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq.

Əsas çağırışlar sırasında bu mühüm məqam da başlıca yer tutur ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı. Bu çağırışlar öz növbəsində belə bir tələbi qarşıya qoyur ki, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Dövlət başçısı İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ilə bağlı Sərəncamında da bu çağırışlar xüsusi vurğulanır ki, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Azərbaycan bu sahədə əməkdaşlığa vediyi önəmi atdığı addımları ilə təsdiqləyir. Belə ki, ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gələrək yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. «Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur» söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etmişdir ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik. Bu da əlavə töhfəmiz olacaq.

Qeyd etdiyimiz kimi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialı mövcuddur. Artıq ilkin hesablaması aparılıb. 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə potensial çox böyükdür.

Təkcə son iki ildə ənənəvi, eyni zamanda, bərpaolunan enerji sahəsində qazanılan uğurlara diqqət yetirdikdə bu mühüm məqam bir daha təsdiqini tapır ki, səylərin birləşdirilməsi hədəflərə zamanında nail olmağa əsas verir. Məhz bu reallığa söykənərək dövlət başçısı İlham Əliyev bu il Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında bildirmişdir ki, əlbəttə, görüləcək işlər çoxdur. TANAP, TAP genişlənməli, digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməli, komanda işi davam etdirməlidir. Çünki artıq yeni iştirakçılarımız, ideyalarımız, planlarımız var. Bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcək.

Bu ilin dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi də bu kimi çağırışlara işıq saldı. “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir” söyləyən dövlətimizin başçısı onu da bildirdi ki, gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Cənab İlham Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək.

2024-cü il “Yaşıl dünya naminə həmrəylik İli”ndə belə mərasimlərin keçirilməsi inkaredilməsdir. Bunlardan ən mühümü Azərbaycanın
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyidir.

Ölkəmizlə həm ənənəvi enerji, həm də bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artır. Bu, ölkəmizin enerji siyasətinin uğurlarıdır. Belə ki, daim bu fikir qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma onlarda bu resurslar heç də onların tərəqqisinə xidmət etmir, əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Ölkəmizin iqtisadi strtaegiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən işləyib hazırlaması Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında öz sözünü deyir. Bu gün dünyanın ən böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir. İşğaldan azad edilmiş ərazilərimizin malik olduqları bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bu isə öz növbəsində Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi potensialı var.

Dövlət başçısı İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik İli” ilə bağlı Sərəncamında da qeyd olunduğu kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Sərəncamın imzalanmasını zərurətə çevirən əsas amil iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir.

Yeganə Əliyeva, “İki sahil”