26 dekabr 2023 23:46
285

İqtisadi inkişafın təməlində islahatlar dayanır

Dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanun ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Azərbaycanın iqtisadi möcüzələr ölkəsi, ən islahatçı ölkə kimi tanınmasında və nüfuz qazanmasında təkmil iqtisadi islahatlar əhəmiyyətli rol oynayır. 1993-cü ildən, yəni Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar göz qabağındadır. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların əsasını qoydu. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi artdı ki, bu da öz növbəsində ölkənin hərtərəfli inkişafına xidmət edən sosial-iqtisadi layihələrin uğurlu icrasını şərtləndirdi.

Ümumilikdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkəmizin hər bir çətinlikdən uğurla çıxmasına geniş yol açır. 2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi beynəlxalq səviyyədə də təqdir edilir. Azərbaycanın son 20 ildə sosial-iqtisadi uğurları gələcək barədə aydın təsəvvür yaradır.

Cənab İlham Əliyevin bu yaxınlarda “Euronews” televiziyasına müsahibəsi ölkəmizin son 20 ildə iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Bir daha qeyd edildi ki, iqtisadi inkişafımızın təməlində tərəfimizdən aparılan islahatlar dayanır. Ölkəmiz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən iqtisadi artım nisbətən zəifdir: “Lakin ötən illərə nəzər salsaq görərik ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.” Bu iqtisadi rəqəmi də qeyd edək ki, xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlər görüldü. Bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Cənab İlham Əliyev bu inamı da ifadə etdi ki, gələn il iqtisadi artım daha böyük olacaq.

Bu hədəf də açıqlandı ki, 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir. “Hökumətin siyasətinə gəldikdə, bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq” söyləyən Prezident İlham Əliyev qeyd etdi ki, xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var. Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq: “Biz artıq ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışını etdik. Növbəti 5-6 ildə isə biz 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq. Zənnimcə, rəqəmsal transformasiya gündəliyimizlə yanaşı, sərmayə qoyuluşu üçün əsas sahələr bunlar olacaq.”

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu məqsədə xidmət edir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

Azərbaycan hər gün özünün sosial dövlət imicinə yeni əlavələr edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik» söyləyən Prezident İlham Əliyevin bu istiqamətdə Fərman və sərəncamları davamlılığı ilə diqqət çəkir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 faiz artırılaraq 345 manata yüksəldi. Həmçinin minimum pensiya 280 manata çatdırıldı. Müavinət və təqaüdlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri artırıldı. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxardı. Ümumilikdə sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə inkişaf dinamikası mövcuddur. Bütün bunlar ölkəmizdə güclü sosial siyasəti, sosial inkişafın da davamlı xarakter aldığını göstərir. Prezident İlham Əliyevin sosial sahəyə böyük qayğısı ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradır.

Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır. Əvvəldə də qeyd etdiyimiz kimi, elan edilmiş və icra olunan ciddi iqtisadi və sosial islahatlar əlavə maliyyə resurslarını məhz vətəndaşların rifah halının yaxşılaşmasına yönəltməyə imkan verir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı da edir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz - vətəndaşlara eyni şərait yaratmaq. Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası dövlət başçısı İlham Əliyevin rayonlara səfərləri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlərin say tərkibindən də daha aydın görünür. Ölkə Prezidenti bildirir: “Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur... Mən hər il bölgələrə səfərlər edirəm. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir.» Bu gün böyük əminliklə və qürurla qeyd edirik ki, nəinki işğaldan azad edilmiş ərazilərimizin, bütün bölgələrimizin həyatında yeni mərhələ başlayıb. Dövlət başçısı İlham Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasiminin keçirilməsi ilə tarixə yazılır ki, bu da öz növbəsində həmin bölgənin sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması, əhalinin rifah halının yüksəlməsi deməkdir.

Ölkəmizin hər sahədə təcrübəsi nümunədir. Yeni sosial və iqtisadi çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil siyasətin, qazanılan uğurların nəticəsidir. Azərbaycanın qarşısında daha geniş imkanlar yaranır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizin malik olduğu iqtisadi imkanlar gələcəkdə ölkəmizin dayanıqlı inkişafında öz sözünü deyəcək. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının prioritetliyi atılan addımlardan aydın görünür. Bu torpaqlar, eyni zamanda, böyük turizm imkanlarına malikdirlər. Qarabağ və Şərqi Zəngəzur böyük turizm məkanına çevriləcək.

İqtisadiyyatın aynası büdcədir. Dövlət başçısı İlham Əliyev hər zaman çağırışlarında bu mühüm məqamı qeyd edir ki, qarşıdakı ilin dövlət büdcəsi ötən ildəkindən kəmiyyət və keyfiyyət baxımından daha zəngin olmalıdır. Dekabrın 26-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanunu təsdiqlədi. Azərbaycanın 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 397 645,0 min manat, yerli gəlirləri 775 355,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 978 197,0 min manat, yerli xərcləri 784 803,0 min manat) məbləğində təsdiq edildi. Onu da qeyd edək ki, cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanunları təsdiqlədi. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir. Hər iki qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə ayrılan vəsait dövlət büdcəsində prioritetlər sırasındadır. Dövlət başçısı İlham Əliyev bunu ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən beynəlxalq Forumda da xüsusi qeyd etmişdir. “Qarabağın yenidən qurulmasına gəldikdə, təbii ki, əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək. Müqayisə üçün deyim ki, Qarabağın yenidən qurulmasına daha çox vəsait xərcləyəcəyik, - mən dövlət investisiyalarını nəzərdə tuturam, - ölkənin qalan hissəsinə nisbətən daha çox” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir. Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.

2024-cü ilin dövlət büdcəsi qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir. Təbii ki, büdcədən ayırmalarda işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə yanaşı, müdafiə qabiliyyətimizin gücləndirilməsi də əhəmiyyətli rol oynayır. Bu, bir daha təsdiqləyir ki, hər bir ölkə iqtisadiyyatı və ordusu ilə diqqətdədir. Bu gün dünyaya dayanıqlı inkişaf modelini təqdim edən Azərbaycan iqtisadi uğurları ilə diqqətdədir.

Yeganə Əliyeva, “İki sahil”