27 dekabr 2023 00:48
321

COVID-19-un ağına da lənət, qarasına da…

Koronavirus yenidən dirçəlir?: ÜST xəbərdarlıq edir ki…

Son həftələr dünyanın bir sıra ölkələrində koronavirusa kütləvi yoluxma halları qeydə alınıb. Statistika göstərir ki, dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı noyabrın 20-dən dekabrın 17-dək ötən dörd həftə ilə müqayisədə 52 faiz artıb. Ən çox - 279 359 yoluxma halı Rusiyada aşkar olunub. Dünyada orta hesabla ölüm hallarının sayı 8 faiz azalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir. ÜST-ün məlumatına görə, dünyada dörd həftə ərzində 854 673 yoluxma halı və 3 005 ölüm halı qeydə alınıb.

Cənub-Şərqi Asiyada COVID-19-a yeni yoluxma hallarının sayı dörd həftə ərzində 388 faiz, ölüm hallarının sayı isə 3 dəfədən çox artıb. Afrikada yoluxma hallarının sayının 77 faiz artması, ölüm hallarının sayının isə 50 faiz azalması qeydə alınıb. Avropada yoluxma hallarının sayının artması 54 faiz təşkil edib, ölüm hallarının sayı 14 faiz artıb.

Koronavirusa yeni yoluxma hallarının sayının ən çox olan beşliyə Rusiya Federasiyasından başqa Sinqapur (120 898), İtaliya (114 795), Polşa (39 828) və Avstraliya (39 505) daxil olub. İtaliyada ən çox – 510 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə İsveç (396), Rusiya (376), Avstraliya (211) və Polşa (141) qərarlaşıb.

Ümumdünya Səhiyyə Təşkilatı artan statistika barədə  yaydığı məlumatın davamında qeyd edilib ki, ABŞ-da COVID-19-un “JN.1” variantına yoluxma son iki həftədə iki dəfə artıb, ölkədə virus infeksiyasına yoluxanların 44 faizində də məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə götürülənlərin sayında 10,4 faizlik artım var. “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb. Məlumata görə, “JN.1”in “Omikron” ştammının yarımnövü olduğu aydınlaşdırılır.

“Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri (“JN. 1” üçün) “Delta” dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük”, - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin “Veksner” Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər. O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

ÜST dünya əhalisi üçün hazırda təhlükənin miqyasının kiçik olduğunu bildirsə də, insanları peyvənd etdirərək bundan qorunmağa çağırıb. "JN.1" ştamının yayıldığı ABŞ-da xəstə sayının artacağı qaçınılmazdır.İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bu virusun koronavirusa yoluxanların bəzilərində aşkarlandığını bildirib. "JN.1"in koronavirusun başqa ştammlarına nisbətən daha təhlükəli olub-olmadığı hələ ki, araşdırılmayıb.

Göründüyü kimi, son zamanlar bütün dünyada  kəskin respirator viruslara yoluxma sayında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin alovlanması, xüsusilə də vaksinasiya prosesində müşahidə olunan passivlik  səbəb olub. Mütəxəssislər virusun 2024-cü ildə yox olmayacağını, bəşəriyyətin yeni ştamlara hazır olmalarını tövsiyə edirlər.

Bəs, ölkəmizdə vəziyyət necədir?

Dekabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 17 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 834 min 189 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 770 nəfər müalicə olunaraq sağalıb, 10 min 377 nəfər vəfat edib. Aktiv xəstə sayı 42 nəfərdir. Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 89, bu günə qədər isə ümumilikdə 7 milyon 721 min 568 test icra olunub.

Göründüyü kimi, hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Yeni ştamlara ölkəmizdə rast gəlinməməsi sevindirici haldır. Mütəxəssislər bu qənaətdədirlər ki, ölkəmizdə əhali arasında kollektiv immunitet formalaşıb: "Bu da xəstəliyin daha yüngül keçməsinə şərait yaradır. Beləliklə, səhiyyə sistemi, xəstəxanalar yüklənmir, insanlar ev şəraitində müalicə olunurlar. Bu uğurlu nəticədə peyvəndin rolu danılmazdır. İnsanların zamanında vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmamasının, habelə ölüm hallarının kəskin azalmasına zəmin yaradır.

Buna baxmayaraq…

Mütəxəssislər bu qənaətdədirlər ki, virusun  qonşu ölkələrdə artdığını nəzərə alaraq, epidemioloji vəziyyətin kəskinləşməməsi üçün vətəndaşlar tədbirli olmalıdır. Bayramla əlaqədar olaraq ölkələrarası səyahətlərin, insanlar arasında təmasların artması yoluxma hallarının çoxalmasına səbəb ola bilər. Virusun yayılmasının qarşısını yalnız birgə səylər nəticəsində ala bilərik. İnsanlar sosial məsafəni qorumalı, gün ərzində gigiyena qaydalarına riayət etməlidirlər. Payız-qış mövsümündə immunitetin aşağı düşdüyünü nəzərə alaraq gündəlik qida rasionuna və mövsümə uyğun meyvə-tərəvəzin qəbul edilməsinə xüsusi diqqət yetirilməlidir. Mütəxəssislər, həmçinin xəstəliklərlə mübarizənin ən effektiv yolu kimi peyvəndlərin vacibliyi barədə də  zaman-zaman çağırışlar edilir.

Yaqut Ağaşahqızı, “İki sahil”