27 dekabr 2023 01:14
403

Ya Qərbin diktəsi, ya da “rəngli inqilab”, iğtişaş...

Serbiyada baş verən olaylar bir daha təsdiq edir ki, Qərbə iplə idarə olunacaq oyuncaq dövlətlər lazımdır

Qərb dünyanın qaynar nöqtələrindəki prosesləri alovlandırmaqda davam edir. Son günlər Serbiyada baş verən iğtişaşlar, daha doğrusu, ölkədə dövlət çevrilişinə cəhd edilməsi bunu bir daha sübut edir. Lakin Qərbin bu niyyəti də ürəyində qaldı. “Pink” telekanalına müsahibəsində ölkədəki iğtişaşların Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı növbəti “rəngli inqilab” ssenarisindən başqa bir şey olmadığını vurğulayan Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin sözləri ilə desək, "xaricdən göndərilən "quldurlar" ölkədə sabitliyi pozmağa çalışırdılar. Onların cəhdi uğursuzluğa düçar oldu".

Qarşıdurma zamanı iki polis yaralanıb, 30-dan çox etirazçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Xatırladaq ki, ötən  bazar günü Qərbin əli ilə Belqrad şəhərinin mərkəzində bu ölkədə dekabrın 17-də keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz mitinqi olub. Lakin aksiya tezliklə zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara çevrilib. Etirazın təşkilatçısı olan "Serbiya Zorakılığa Qarşı" koalisiyası parlament seçkilərində cəmi 23 faiz səs toplayıb. Prezident Vuçiçin sədri olduğu Serb Tərəqqi Partiyasının liderliyində qurulan koalisiya seçkilərdə ümumi səslərin, təxminən, 47 faizini toplayıb. Bununla da “Aleksandar Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyası ölkə parlamentində özünə 250 yerdən 129-nu təmin edib.

Mütəxəssislərin fikrincə, bu, indiyədək bir çox ölkələrdə sınaqdan çıxarılan "rəngli inqilab" ssenarisinin tərkib hissəsidir. Bəs Qərb niyə bu dəfə Serbiyanı hədəfə götürüb?

Qərbin sözü ilə oturub-durmayanlara “qırmızı vərəqə”

Bəri başdan qeyd edək ki, bu, hər şeydən əvvəl, Serbiyanın xarici siyasətini Qərbin diktəsi ilə qurmaqdan imtina etməsi, Qərb-Rusiya qarşıdurmasında Moskvaya qarşı sanksiya siyasətinə dəstək verməməsi, xüsusilə Kosovonun müstəqilliyini tanımaqdan boyun qaçırması ilə əlaqədardır. Yeri gəlmişkən, iplə idarə olunacaq oyuncaq dövlətə çevrilmək istəməyən keçmiş Yuqoslaviyanın ən böyük respublikası olan Serbiyanın Avropa İttifaqının rəhbərliyi ilə münasibətlərində fikir ayrılıqları mövcuddur. Bəli, Qərb Serbiyaya öz iradəsini yeritmək istəyirdi. Qərb hələ  2000-ci ildə  “rəngli inqilab” texnologiyasını ilk dəfə elə Serbiyada Slobodan Miloşeviç hakimiyyətinin dəyişdirilməsi zamanı sınaqdan çıxarmışdı.

Yalnız Fransa deyil, ABŞ da  Serbiyanı “cəzalandırmağa can atır”. Belə ki, Ağ Ev Beynəlxalq İnkişaf Agentliyi - USAID xətti ilə Qərbin diktəsini yerinə yetirməyən ölkələrdə iğtişaşlar törətmək, loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasətini davam etdirir. Sirr deyil ki, Serbiya da  “qara siyahı”ya salınan dövlətlərdəndir. USAID-in vasitəsilə həyata keçirilən xüsusi proqramlar göstərir ki, Qərbin sözü ilə oturub-durmayanlara, daha doğrusu, dediyini əməl etməyənlərə “qırmızı vərəqə” göstərmək, bu yolla nələrəsə nail olmaq artıq ənənə halına çevrilməkdədir. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində baş verən xaosun, qarşıdurmaların artmasında USAID-ın izləri açıq-aşkar görünür. Yəni, “rəngli inqilab”lar dalğasında bu qurumun əli vardır. Təəssüf ki, həmin bədnam agentlik postsovet məkanındakı bəzi ölkələrdə fəaliyyətini hələ də davam etdirir. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAID-i ifşa edən rəsmi açıqlama yayaraq onu bu ölkədə inqilabi proseslərin planlaşdırılmasında ittiham etmədimi? Amma USAID  artıq Ermənistanı da, əgər belə demək mümkünsə, ələ alıb.  Bu siyasəti ABŞ və Qərb ölkələri vaxtilə Ukraynada həyata keçiriblər və hazırda sözügedən məmləkəti faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. Hadisələrin gedişatı göstərir ki, Serbiyada qanuni seçilmiş iqtidarı devirmək planları mümkün olmayacaq.

ABŞ-ın “demokratiya dəyənəyi” -  USAID 

ABŞ-ın “demokratiya dəyənəyi” rolunda çıxış edən USAID Azərbaycanda da dəfələrlə qarşıdurma və gərginlik cəhdlərinə rəvac verib. Amma onların heç biri baş tutmayıb. Hətta 2003-cü il prezident, 2005-ci il parlament seçkiləri zamanı ekspertlər postsovet məkanını bürüyən “rəngli inqilablar”ın Azərbaycandan da yan keçməyəcəyi barədə silsilə proqnozlar verirdilər. Lakin proqnozları elə proqnoz olaraq qaldı. Şübhəsiz, bu prosesdə xalqımızın bir yumruq ətrafında birləşməsi mühüm rol oynadı. 44 günlük Vətən müharibəsindən və bu ilin sentyabrında Qarabağdakı separatçı qurumun varlığına birdəfəlik son qoyan 23 saatlıq lokal antiterror tədbirlərindən sonra ölkəmizdə iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan USIAD Bayden administrasiyasının göstərişləri ilə addımları atır. Hətta ABŞ Senatı “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar bəyanat qəbul etdi.  Həmin sənədə əsasən, ABŞ Prezidenti “Azadlığa dəstək aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edildi. Həmin sənəd Azərbaycana dövlət yardımının qadağan olunmasını nəzərdə tutur. Bütün bunlara rəğmən Azərbaycan  ABŞ-a, həm də  Qərbə öz yerini göstərir və öz müstəqil siyasətini yürüdür.  Elə bu səbəbdən Prezident İlham Əliyevin uğurlu xarici diplomatiyası sayəsində Azərbaycan öz sözü və mövqeyi olan ölkə kimi tanınır. Bu da ölkəmizin geosiyasi çəkisini getdikcə artırır.

Qvami Məhəbbətoğlu, “İki sahil”