27 dekabr 2023 02:57
348

Paşinyan hökuməti Ermənistanı fəlakətə sürükləyir

Ermənistan blokada şəraitindən çıxmaq şansına malik olsa da, zaman itirməkdə davam edir. İtirilmiş hər gün isə Ermənistanı aclıq və səfalət təhlükəsinə doğru sürükləyir. Baş nazir Nikol Paşinyan isə milyardlarla dollar artımından danışır. Belə artımlardan sonra Ermənistanda yoxsulluq xeyli azalmalı idi. Amma 2022-ci ildə olduğu kimi, bu il də də Ermənistanda 833 min insan yoxsul qalmaqda davam edib. Hazırda Ermənistanda 40.000-dən çox ifrat yoxsul var. Rəsmi statistikanın dərc etdiyi son məlumatlara görə, 2022-ci ildə Ermənistanda əhalinin 24,8 faizi yoxsul olub. 2018-ci ildə 23,5 faiz yoxsul idi. Faizləri quru rəqəmlərə çevirsək, məlum olar ki, 2018-ci ildə Ermənistanda 792 min, 2022-ci ildə isə 833 min nəfər yoxsul olub. Düzdür, 2019-cu ildə yoxsulluğun qiymətləndirilməsi meyarları dəyişdirilib, lakin bundan sonra Ermənistanda yoxsulluğun mənzərəsi çox dəyişməyib. Dörd il ərzində, 2019-cu ildən 2022-ci ilə qədər Ermənistanda yoxsulluq cəmi 1,6 faiz bəndi azalıb. Orta hesabla ildə cəmi 0,4 faiz bəndi təşkil edir. Göründüyü kimi, dörd il ərzində büdcə gəlirləri bu müddət ərzində milyardlarla dollar artsa da, yoxsulluq səviyyəsində çox az dəyişiklik baş verib. Sual yaranırki, Ermənistanda cəmiyyətin sosial vəziyyəti yaxşılaşmayıbsa, 900 minə yaxın insan yoxsulluq içində yaşamağa davam edibsə, həmin pullar hara gedib?

Bir çox insanlardan fərqli olaraq, bu müddət ərzində erməni səlahiyyətlilərin həyatı əhəmiyyətli dərəcədə dəyişib. Onlar təkcə dövlət büdcəsi hesabına deyil, başqa yollarla da gəlirlərini dəfələrlə artırıblar. Əvəzində yüzlərlə, minlərlə sadə erməni yoxsulluq içində yaşamağa davam edib. Onların gəlirləri yoxsulluğu aradan qaldıracaq qədər artmayıb. Həmin dövrdə Ermənistanın yüksək inflyasiya mühitində olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Qiymətlər çoxlarının gəlirlərindən qat-qat sürətlə artıb. Rəsmi olaraq beş il və ya 2019-2023-ci illərdə Ermənistanda orta inflyasiya 18,4 faiz təşkil edib. Həmin dövrdə ərzaq məhsullarının qiymətləri 30 faizə qədər artıb. Hələ ondan danışmırıq ki, bir çox zəruri malların qiymət artımı bəzən hətta onlarla faizlə məhdudlaşmır, dəfələrlə hesablanır. Ermənistanda təkcə ərzaq inflyasiyası dörd il ərzində 27 faizi ötüb. Bu, yoxsulluq şəraitində yaşayan sakinlərin gəlir artımından 7 faiz bəndi çox olub. Bu göstəricilər sübut edir ki, yoxsulluq baxımından Ermənistanda vəziyyət son dərəcə acınacaqlıdır. Lakin bu da yoxsulluğun bütün mənzərəsini tam təsvir etmir. Ermənistanda yoxsulluğun səviyyəsi yuxarı yoxsulluq həddinə görə 41,3 faizə çatır.

Ermənistanda cəmiyyətin böyük bir təbəqəsi yüksək iqtisadi artım şəraitində belə yoxsul olmaqda davam edir. Əhalinin dörddə biri yoxsuldur. Demək olar ki, əhalinin yarısının gəlirləri yoxsulluq həddindən aşağıdır. Halbuki erməni səlahiyyətlilər və onların yaxınları hökumətin imtiyazlarından istifadə edirlər. Onlar təqaüd və müavinətlərini bir neçə min dram qədər qaldırır, maaşlarını yüzlərlə, minlərlə artırır, böyük mükafatlar və bonuslar alırlar.

Erməni ekspertləri hesab edirlər ki, ölkə sosial partlayış ərəfəsindədir. Müxəlif mövqedə olanlar bununla bağlı bildirir ki, yeni büdcənin vəziyyətindən də aydın görünür ki, Paşinyan hökuməti Ermənistanı bərbad hala qoyub. Çünki yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Artıq ölkə fəlakətin bir addımlığındadır. Gözlənilən fəlakətin qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir. Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V.Aramyan 2023-ci ilin iqtisadi göstəricilərini və 2024-cü il üçün proqnozlarını təhlil edərkən bildirib ki, növbəti ildə də Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: “2020-ci böhran ilindən sonra gələn 2021, 2022 və 2023-cü illərin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ ölkələri, həm də region ölkələri arasında ən dərindir. Təəssüf ki, 2024-cü ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağı olmaqda davam edir. Ən azı 7 faizə yaxınlaşa biləcəyimizlə bağlı proqnozlar fantaziya janrındandır”.

Aramyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini təcili yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib. Qeyd edib ki, sağalmaq üçün hələ də ümid var. Amma bunun üçün hakimiyyət populist addımlardan, xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə, bunu özündən başlamalıdır:  “Hökumət özünü necə doğrultsa da, iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili səsləndirəcəyəm. Xahiş edirəm unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq. Bu, transfertlərin axını və misin dünya bazarındakı qiymətlərində yüksək artımın baş verməsi hesabına olur”.

Bu gedişlə 2024-cü ildə Ermənistanın daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.

Sevinc Azadi, “İki sahil”