26 dekabr 2023 02:16
346

Jurnalist siyasətçilərə “çobanlıq” edir

Hayastanda sülh çağırışları çoxalır

Bölgəmizdə yeni müharibə ehtimalı ətrafında müzakirələr və mübahisələr intensivləşməyə başlayıb. Bu barədə iddialar həm Ermənistanda, həm Rusiyada, həm də Qərb siyasi dairələrində xüsusi olaraq ön planda tutulur. Ermənistan cəmiyyətində bu ehtimalın əsas daşıyıcısı rolunda məhz hərbi məğlubiyyətlə barışmaq istəməyən radikal-revanşist düşərgə çıxış edir. Bu düşərgə erməni toplumunu Azərbaycana qarşı düşmənçilik əhval-ruhiyyəsində saxlamağa çalışır.

Ancaq Ermənistanda elə tanınmış şəxslər var ki, həm revanşistlərin, həm də xarici qüvvələrin təhlükəli  çağırışlarını rədd edir, sülh istəyirlər. Hayastan hökuməti isə ortada çaşbaş vəziyyətdə qalaraq qətiyyətli qərar qəbul edə bilmir.

Ermənistanda sülh sazişini necə bağlamaq üstündə baş sındırarkən jurnalist Natali Aleksanyan haylara elə sadə həll yolu göstərib ki, dövlətin başında duranların  bunu ağıllarına gətirməməsi təəccüb doğurur. Düşünürsən ki, yəni baş nazir, parlament sədri, prezident və ikinci dərəcəli dövlət məmurları bu qədərmi kütbeyin və avamdırlar? Təfərrüatları açıqlayaq.

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirdə yayımlanıb. Verilişin qonağı erməni jurnalist və bloger Natali Aleksanyan olub. O, Azərbaycanın və Ermənistanın gələcəyə baxmalı və heç nədən asılı olmayaraq sülh şəraitində yaşamağa başlamalı olduğunu qeyd edib: "İki xalq arasında münasibətlərin yolunda olmasını və milli mənsubiyyətindən asılı olmayaraq hamının normal şəraitdə yaşamasını istərdim. İlk növbədə, iki ölkə ümumi fikrə gəlməli, danışıqlar aparmalıdır", - Aleksanyan deyib. Çox sadə, anlaşıqlı və ağıllı fikir.

Bloger bunun ardınca Azərbaycanla Ermənistan arasında son danışıqlarda üçüncü tərəfin olmamasını müsbət məqam olaraq qiymətləndirib: "İki ölkə liderinin görüşü və bu istiqamətdə digər rəsmilərin atdığı addımlar müsbət təzahürdür və mən bunu dəstəkləyirəm. Burada digər qüvvələrin iştirakına ehtiyac yoxdur. Hər şeyin əvvəlki məcraya qayıtmasını, müharibə, döyüş əməliyyatlarının olmasını istəməzdik. Üçüncü tərəflərin iştirakı ilə yenidən əvvəlki vaxtlara qayıda bilərik. Azərbaycan və Ermənistan aralarındakı problemləri özləri həll etməlidir".

Aleksanyan ilk növbədə erməni toplumunun içərisindəki daxili qorxusundan yaxa qurtarmalı olduğunu qeyd edib. "İzləyicilərim və həmfikirlərim tez-tez zəng edir, yazır və hər şeyin yoluna düşməsi üçün nə etmək lazım olduğunu soruşurlar. Mən onlara deyirəm ki, ilk növbədə erməni xalqı daxili qorxusundan qurtulmalıdır. Onlar qonşularının onlara daim təzyiq göstərəcəyindən qorxurlar və buna görə də düşünürlər ki, hazır olmaq lazımdır. 44 günlük müharibə başlayana qədər onlar qorxmurdular, əhvalları tamam fərqli idi. Lakin müharibədən sonra erməni cəmiyyətində böyük qorxu hökm sürür. Lakin bu düzgün deyil, bu qorxunu aradan qaldırmaq və qarşılıqlı anlaşma əldə etmək lazımdır. Sonda qeyd etmək istəyirəm ki, keçmiş rəhbərlərimiz və valideynlərimiz vaxtilə bizi doğru məcraya yönəldə bilmədilər. İndi biz gələcək barədə düşünməliyik və elə etməliyik ki, gələcək nəsillər bir-birlərinə düşmənçilik hissi bəsləməsinlər".

“Valideynlərimiz vaxtilə bizi doğru məcraya yönəldə bilmədilər”. Bu bir cümlədə kitablara sığmayan çox böyük həqiqətlər var. Əlbəttə, daşnak ideologiyasına uymuş ermənilər uşaqlarına “türk bizim düşmənimizdir, harada görsən öldür” kimi düşmənçilik aşılayırlarsa o təbliğatın zərərli nəticələri olacaqdır. Necə ki, iki əsrdir barışmaz düşmənçilik davam edir. Özü də daim haylar tərəfindən vəhşiliklə davam etdirilir. 1918-ci il qırğınları, Birinci və İkinci Qarabağ müharibələri buna ən pis misaldır. Erməni toplumu bir dəstə beyninin pası hələ də təmizlənməmiş daşnakın felinə uyub qonşulara buynuz atmaqla özünə düşmən qazanır. Ona görə də Natali Aleksanyanın dediyi kimi, hesab verəcəyini bildiyindən canını xof bürüyüb. Özü yaratdığı türkofobiya onu xof içində, inamsızlıq məngənəsində boğur. Kimdir səbəbkar və günahkar? Yenə özləri, törətdikləri vandal əməllər, insanlıqla bir araya sığmayan görünməmiş cinayətlər.

Hay jurnalistin belə düzgün mühakimələr irəli sürməsi təəccüblü gəlir. O cür çürük və xəstə bir cəmiyyətdə jurnalistin belə ağıllı fikirlər söyləməsi nadir hadisələrdən biridir. Əlbəttə, yüz illərlə düşmənçilik aparmaq heç bir xalqa xoşbəxtlik gətirməyib. Bütün müharibələrin sonu sülhlə bitir. Nəhayət, Ermənistanda da bunu başa düşənlər tapılır və getdikcə sayları artır. Beləliklə, bölgəmizə sülh nə qədər tez gələrsə, bir o qədər yaxşı olar. Düşmənçiliyə son qoyular, münasibətlərdəki gərginliklər aradan götürülər, kommunikasiyalar açılar, insanlar azad nəfəs alar, həyat normallaşar.

Vəli İlyasov, “İki sahil”