26 dekabr 2023 02:58
345

Azərbaycan-Çin əməkdaşlığı geostrateji perspektiv vəd edir

Prezident İlham Əliyevin doğum günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdə davam edir. Onların arasında dünyanın fövqəldövləti - Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olmasının xüsusi vurğulandığı məktubda deyilir: “Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram”.

Çin-Azərbaycan dostluğunun təməli necə qoyulub?  

Azərbaycanın müasir dünya düzənində qurduğu uğurlu diplomatik münasibətlər çoxsaylı ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan-Çin münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Həmin münasibətlərin uğurlu, həm də davamlı inkişafını təmin edən  isə Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Lider hələ sovetlər dönəmində Çinin əhəmiyyətini və gələcək perspektivlərini görür, bu ölkə ilə münasibətlərin inkişafına çalışırdı. Ulu Öndər Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu xətti inamla davam etdirib.  Belə ki, Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 7 mart 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfər edib.  Həmin səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalanıb, həmçinin hava yolunun açılması, elmi-texniki, mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlanıb. Həmin səfər çərçivəsində Ulu Öndər Azərbaycanın üzləşdiyi ən böyük problem - Qarabağ münaqişəsi barəsində ətraflı söz açıb,  onun həll olunması üçün BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin, o cümlədən Çinin səylərini birləşdirməyin vacibliyini vurğulayıb. Səfərin yekunlarından danışan  Ulu Öndər həmin səfəri Azərbaycan üçün böyük tarixi hadisə kimi dəyərləndirmişdir.
Çinin “China Media Group” media korporasiyasının müxbiri ilə söhbətində bu hadisədən söz açan Prezident İlham Əliyev vurğulamışdır ki, Ulu Öndər həqiqətən də Azərbaycan-Çin münasibətlərinin inkişafında danılmaz rol oynayıb: “O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir”.
İkitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatmasında  Prezident İlham Əliyevin xidmətləri danılmazdır. Bu mənada  Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırması heç də təsadüfi deyil.

Haqq işimizi dəstəkləyən ölkə

İki ölkə arasındakı bu isti münasibət Azərbaycanın haqq işi uğrundakı mübarizəsində özünü daha çox büruzə verib. Məsələn, 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bildirib. 2020-ci il sentyabrın 27-də - Vətən müharibəsi başlayanda da Çin Azərbaycanın yanında olduğunu bəyan edib. Çin 30 illik işğal dövründə böyük dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası istiqamətində həyata keçirilən layihələrin gerçəkləşməsinə mühüm önəm verməkdədir. Bəli, Azərbaycanla Çin arasında dostluq, siyasi qarşılıqlı anlaşma yüksək səviyyədədir. Hətta bu iki ölkə eyni mövqedən çıxış edir. 

“Bir kəmər, bir yol” və…

İqtisadi əlaqələrə gəldikdə… Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Qeyd edək ki, Azərbaycan ərazisindən keçən Şərq-Qərb nəqliyyat dəhlizi Avropa və Asiya qitəsini birləşdirən ən qısa nəqliyyat marşrutudur və Çin-Qazaxıstan sərhədindən Avropa arasında yükdaşımalarda mühüm əhəmiyyətə malikdir. Bu marşrut xətti yükdaşımaların vaxtına, həmçinin yükdaşımalara çəkilən xərclərə qənaət etməyə imkan verir.  
Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycanın tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən Azərbaycan–Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində indiyədək çoxsaylı tədbirlər həyata keçirilib. Bütün bunlarla bərabər Çinin enerji müəssisələri ilə uzunillik əlaqələr hazırda “yaşıl enerji” və “yaşıl texnologiya”lar üzrə layihələrlə münasibətlər yeni inkişaf mərhələsinə daxil olub. 
Yeri gəlmişkən bildirək ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığına imza atılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Ötən il Azərbaycan–Çin ticarət əlaqələrinin həcmi əvvəlki illə müqa¬yisədə 21 faizdən çox artaraq, təxminən 2,2 milyard ABŞ dolları təşkil edib. Bu müsbət dinamika cari ildə də nəzərə çarpıb və ilin 9 ayında qarşılıqlı ticarətin həcmi təxminən 50 artıb. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. 
Qeyd edək  ki, cari ildə Çin ilə Azərbaycan arasında dəmir yolu nəqliyyatı vasitəsi ilə yük dövriyyəsinin artımında xeyli irəliləyiş müşahidə olunub. Belə ki, idxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549, ixrac daşımalarda isə 331 faiz artım qeydə alınıb. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.

Təsadüfi olmayan xatırlatma

Çin Xalq Respublikasının Sədri Si Cinpinin həmin məktubda ötən ilin sentyabrın 15-də Səmərqənddə Prezident İlham Əliyevlə görüşünü xatırlaması heç də təsadüfi deyil. Belə ki, həmin görüşdə Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırmaqla yanaşı, iki  ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığın və yüksək səviyyədə inkişaf etdiyini də vurğulamışdır. Prezident İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini bildirmişdi. 

Prezident İlham Əliyev, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə Çinin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini, Çindən alınmış peyvəndlər sayəsində Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələrdən olmasını həmrəyliyin nümunəsi kimi dəyərləndirmişdi.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulanmış, tələbə mübadiləsinin artırılmasının, ölkələrimizin şəhərləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edilmişdi.

Bəli, strateji əməkdaşlıq göz qabağındadır. Sadaladığımız bu faktlar bir daha təsdiq edir ki, Çin-Azərbaycan münasibətləri yüksək səviyyədədir və bu ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini göstərir. Amma bu, son hədd deyil. Bu mənada daha yüksək göstəricilərin olacağı şəksizdir. Ona görə də Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün birgə səyləri davam etdirməyə hazır olduğunu həmin məktubunda bir daha vurğulayıb. Bütün bunlar da düzgün, praqmatik və ölkəmizin maraqlarını ifadə edən xarici siyasətin nəticəsidir. Bu isə o deməkdir ki, Azərbaycan-Çin əməkdaşlığı daha geniş  geostrateji perspektiv vəd edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”