23 dekabr 2023 11:18
462

ECA rəsmisi: “Qarabağ” heç vaxt Avropa Superliqası kimi qanunsuz layihəyə qoşulmayacaq

“Avropa Superliqası uğursuz layihədir”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Qarabağ"ın baş meneceri və Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasının üzvü Asif Əsgərov Superliqanın yaradılması ilə bağlı məsələnin yenidən aktuallaşması ilə bağlı danışarkən deyib.

O bildirib ki, ECA İcraiyyə Şurasının son iclasında böyük klubların nümayəndələri düşünmədən Avropa Ədliyyə Məhkəməsinin turnirlə bağlı qəbul etdiyi qərara qarşı çıxıblar: “Məhkəmələr hər zaman ümumi qərarlar verir. Məsələn, iddia edilir ki, başqa turnirlərin keçirilməsinə şərait yaradılmalıdır. Amma reallıq odur ki, bütün klublar FIFA və UEFA-nın bayrağı altında təşkil olunan yarışlarda çıxış edirlər”.

ECA rəsmisi Avropa Superliqası layihəsinin tamamilə yanlış qərar olduğunu vurğulayıb: “Çünki böyük klublarin istəyi bütün gəlirlərin yalnız özlərində qalmasıdır. Hətta bu məsələdən sonra “Mançester Siti”, “Bavariya” kimi klublar buna etiraz etdilər. Çünki klublar gəlir mənbəyi bilinməyən yarışda mübarizə aparmağı düzgün saymırlar. Hətta bizim bir qrupumuz var və orada klub nümayəndələrinin bununla bağlı rəsmi açıqlamaları yer alıb. Bu, FIFA-ya qarşı atılmış addımdır. UEFA prezidenti Aleksander Çeferin “Barselona” ilə “Real Madrid”in iki komandadan ibarət Superliqa yaratmaq niyyətlərinin olduğu ilə bağlı məzəli bir açıqlama da verib”.

A.Əsgərov Avropa Superliqasının reallaşacağına inanmadığını əlavə edib: “Azərbaycan, İngiltərə və ya Monteneqronun hansısa klubunun Superliqada oynaması, sadəcə, istəməklə olmur. Sən öz çempionatında nailiyyət qazanmalısan ki, bu yarışda da iştirak edəsən. Üstəlik, UEFA burada mübarizə aparan komandalara qarşı sanksiyalar tətbiq edəcək. Bilirsiniz ki, təklif ilk dəfə ortaya atılanda 6 klub var idi, lakin “Barselona” və “Real Madrid”i çıxmaq şərtilə, digər komandalar geri çəkildilər. Əgər məşhur klublar burada mübarizə aparmaq istəsəydi, gələcək üçün müsbət yol görünə bilərdi. Hazırda layihədə qalan iki klub elə düşünür ki, UEFA gəlirləri düzgün bölmür və böyük komandaların qazandıqları pullar kiçik klublara verilir. Çünki Çempionlar Liqasının maliyyə balansı çox olduğu üçün oradan gələn pullar Avropa və Konfrans Liqasında mübarizə aparan komandalara ayrılır. Bu da İspaniya nəhənglərini qane etmir”.

“Qarabağ”ın baş meneceri Ağdam klubunun bu layihəyə qoşulmayacağını diqqətə çatdırıb: “Azərbaycanın digər klublarının adından danışa bilmərəm. Amma “Qarabağ” Avropa Superliqası adlı qeyri-qanuni turnirdə deyil, UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edib nəticələr qazanmaq istəyir”.

Qeyd edək ki, Avropa Ədalət Məhkəməsi bu yaxınlarda Superliqa layihəsi ilə bağlı FIFA və UEFA-nın əleyhinə qərar çıxarıb.