Oyunçular meydana böyük istəklə çıxmışdılar. Azərbaycanlı basketbolçuların qələbədə pay sahibi olmaları sevindirici haldır.
“İki sahil” xəbər verir ki, bu sözləri "NTD-İndiqo"nun baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının VIII turunda "Cəlilabad"a 108:93 hesabı ilə qalib gəldikləri oyun barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Oyuna çox yaxşı başladıqlarını bildirən mütəxəssis əlavə edib: “Dərhal təşəbbüsü ələ aldıq. Matçın sonunda gənc oyunçulara şans verdik. Öz üzərilərində işləməlidirlər. Sevindirici haldır ki, bu gün xalların 50 faizdən çoxunu azərbaycanlı oyunçular topladılar. Adətən, əksinə olur. Bu, komanda oyunu oynadığımızı göstərir. Legionerləri də qeyd etmək lazımdır, xəsislik etmirlər. Bu, məni çox sevindirir".
Gənc oyunçulardan razı qaldığını söyləyən T.Baxşıyev deyib: "Rəşid Abbasov məşqlərdə öz üzərində çox çalışır və bunun bəhrəsini görür. Bu gün Əkbər Məmmədov, Murad Babayev də yaxşı oynadılar. Əgər Rəşid və Murad keçən mövsüm əsasən ehtiyatda qalırdılarsa, bu gün onları rahatlıqla əsas heyətdə meydana buraxa bilirəm. Bu, məni sevindirir. Yaxşı oyun göstərirlər. İnanıram ki, bu şəkildə davam edəcəklər".