12 dekabr 2023 00:58
301

Mərkəzi Asiyaya Qərbdən açılan pəncərə

Artıq xeyli vaxtdır ki, Azərbaycan Qərblə Mərkəzi Asiya ölkələri arasında əlaqə vasitəsinə çevrilib. Bu, həm də o deməkdir ki, dövlətimizin xarici siyasətində sözügedən regionun ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur.

Qeyd edək ki, Azərbaycanı Mərkəzi Asiyanın ölkələri ilə tarixi, dini, etnik və mədəni əlaqələr birləşdirir. Bu gün isə bu qarşılıqlı əlaqələrin yeni dinamikasının şahidi oluruq. Belə ki, son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal qarşılıqlı əlaqə görünməmiş dərəcədə yüksəkdir. Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər.

Mərkəzi Asiya ölkələrinə Avropa bazarına çıxış üçün lazım olan mühüm, həm də müasir nəqliyyat əlaqələri birbaşa həm Qərb, həm də Mərkəzi Asiya ölkələri ilə normal münasibətlər saxlayan Azərbaycan ərazisindən keçir. Elə götürək Orta Dəhlizi. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər.

Bütün bu mühüm amillər nəzərə alınaraq, Mərkəzi Asiyanı Azərbaycanla birləşdirən mühüm, həyati əhəmiyyətli layihələrdən biri olan Orta Dəhlizin  (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) gələcək inkişafının zəruriliyinə də diqqət yetirilir. Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış yol xəritələrində qeyd olunduğu kimi, Orta Dəhlizin ötürücülük qabiliyyətinin 2025-ci ilədək 10 milyon tonadək artırılması üzrə işlər görülür.

Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz yalnız ölkəmizin deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Şimal və cənub qonşularımız sanksiya altında olduğundan Çin, Mərkəzi Asiya və Avropa Azərbaycandan keçən Orta Dəhlizə daha çox maraq göstərirlər. Məsələn, Çin nəzərə alır ki, Rusiya-Ukrayna müharibəsi Şimal dəhlizi ilə yükdaşımaları məhdudlaşdırıb. Elə bu səbəbdən Şimal dəhlizinə məsafə və müddət baxımından alternativ sayılan   Orta Dəhlizə marağın artması müşahidə olunur ki, bu da Azərbaycan ərazisindən daha çox yükün daşınması imkanı deməkdir. 

Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir. Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Şübhəsiz, neft və qaz layihələri tamamlananda, nəhəng yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verildikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı da nəzərə alınmalıdır. Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda  bu vacib məqama toxunaraq demişdir ki, hazırda gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır: “Əldə olunan çox nikbin məlumata görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Müqayisə üçün deyim ki, hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10-15 tankerə çatdırmaq mümkün olacaq. Düzdür, istehsal edilən gəmilərin hamısı tanker olmayacaq, arasında quru yük gəmiləri, bərə qayıqları da olacaq. Mən bu misalı mənzərəni daha yaxşı təsvir etməyiniz üçün çəkdim. Bu, Orta Dəhlizin əhəmiyyətinin və potensial yüklərin həcmi barədə təsəvvürümüzün göstəricisidir”.

Azərbaycandan keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində də fəal iş gedir. Hazırda Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq məsələsi də gündəmdədir. Prezident İlham Əliyevin sözləri ilə desək, bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər. Orta Dəhliz marşrutunun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması da böyük perspektivlər vəd edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”