12 dekabr 2023 00:16
362

Neft kontraktları təkcə iqtisadi müqavilə deyildi

Bunu təsdiq etmək üçün həmin dövrü, Azərbaycanın 1988-1993-cü illərdəki daxili  vəziyyətini və  ətrafında baş verən siyasi hadisələri təhlil etmək lazım gəlir. Hakimiyyət böhranı, Ermənistanın hərbi təcavüzü, Rusiyanın bölgədə at oynatması, ordumuza və hökumət strukturlarına doluşmuş xarici ölkələrə xidmət edənlərin xəyanətləri, qəsdən xaotik vəziyyətin yaradılması, iqtisadiyyatın işbazlar tərəfindən darmadağın edilməsi, aclıq, işsizlik və s. həmin dövr üçün səciyyəvi hal idi.

1993-cü il iyununda görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gələndən sonra bütün bu problemlərin aradan qaldırılması üçün ağlasığmaz və heyrətamiz addımlar atdı. Daxildə nizam-intizam yaradılandan dərhal sonra xarici təsirləri azaltmaq üçün dünyanın nüfuzlu dövlətlərini neytrallaşdırmaq məqsədi ilə ölkənin neft strategiyasını işləyib hazırladı. O zaman bu, ən düzgün və yeganə yol oldu. Çünki gözləri Bakı neftində olanlarla ortaq olmadan, əməkdaşlıq etmədən müstəqilliyi və dövlətçiliyi möhkəmləndirmək mümkün deyildi. Heydər Əliyev müdrik bir siyasətçi kimi bunu hamıdan tez gördü və istiqaməti düzgün müəyyənləşdirdi.

1994-cü il sentyabrın 20-də Bakıdakı Gülüstan sarayında Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin sulu qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan hasilatın pay bölgüsü tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi, beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı və təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapdı. "Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı), 13 ən məşhur neft şirkəti ("Amoco", "BP", "McDermott", UNOCAL, ARDNŞ, "Lukoil", "Statoil", "Exxon", "Türkiyə Petrolları", "Pennzoil", "ITOCHU", "Ramco", "Delta") iştirak etdi. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" şirkətlərinin (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10 faiz), Norveçin "Statoil" şirkətinin (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Dövlət Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton oldu, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatdı və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edildi; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80 faiz, sərmayəçilərin payına 20 faiz düşdü.

"Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. "Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu.

İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. İstismar quyuları böyük neft hasilatı ilə işə düşdülər. 1997-ci ildə "Çıraq" yatağında neft hasilatına başlandı.

1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Şimal istiqamətindəki uzunluğu 231 kilometr, diametri 720 millimetr olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa və inşa edildi, ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olundu. Kəmər istifadəyə verilən gündən 2007-ci ilin sonunadək bu marşrutla 11 milyon 34 min ton neft nəql edildi.

Qərb istiqamətində uzunluğu 837 kilometr, diametri 530 millimetrlik Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salındı. İstifadəyə verilən gündən 2007-ci ilin sonunadək Bakı-Supsa kəməri ilə 45 milyon 542 min ton neft nəql edildi. 1997-ci ildə Azərbaycanda neft hasilatı 9 milyon ton idisə, 2007-ci ildə bu rəqəm 40 milyon tonu keçdi.

Xəzərin böyük dərinliklərində yerləşən sahələrdə dərin kəşfiyyat quyularının qazılması məqsədilə "Dədə Qorqud" (keçmiş "Kaspmorneft") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edildi. Dənizin 7620 metr dərinliyinə qədər quyu qazmaq imkanına malikdir. Digər qurğu "İstiqlal" (keçmiş "Şelf-5") yarımdalma üzən qazma qurğusu təmir və modernizə edilərək 7620 metr dərinliyə qədər quyu qazmaq mümkün oldu. Modernizə olunmuş qazma qurğularının köməyi ilə "Azəri-Çıraq-Günəşli" yataqlarında birgə aparılan işlər nəticəsində 6 kəşfiyyat quyusu qazıldı, bunların sayəsində sonradan neft ehtiyatları 30 faizdən çox artırıldı. Bu qurğular 1996-cı ildə yaradılmış "Kaspian Drillinq Kompani" müştərək müəssisənin tərkibində "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarında öz işlərini uğurla davam etdirirlər. Xarici şirkətlər tərəfindən Azərbaycan üçün tikilmiş Heydər Əliyev adına "Lider" qurğusunun köməyi ilə də texnika-texnoloqiya sahəsində böyük irəliləyişlər əldə edildi.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Neft Kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Ulu Öndər Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC istismara verilən gündən 2007-ci ilin sonunadək Ceyhan limanından 36 milyon 796 min 555 ton Azərbaycan nefti dünya bazarlarına yola salındı. Sonrakı illərdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bir neçə beynəlxalq iqtisadi layihə reallaşdırıldı və Azərbaycan dünyada söz sahibinə çevrildi. Hazırda qışın tüğyan etdiyi bir vaxtda bir sıra ölkələr Azərbaycan qazından istifadə edir. Təbii ki, həmin dövlətlər ölkəmizin təhlükəsizliyində maraqlıdırlar və lazımi məqamda öz köməklərini əsirgəməzlər.

Beləliklə, Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə işbirliyi quraraq öz təhlükəsizliyini təmin etdi. Ulu Öndərin neft strategiyasının bəhrəsidir ki, işğalçı Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğradıldı və Qarabağ torpaqları 28 illik işğaldan azad edildi. Həyata keçirilən iqtisadi və siyasi tədbirlər nəticəsində ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxdı və bu sırada böyük addımlarla irəliləyir. Yadda saxlayaq ki, bütün bunların hamısı  Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının reallaşması hesabına qazanılıb. Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyaları yüz illər boyu yaşayacaq və Azərbaycanı yeni qələbələrə aparacaqdır.

Vəli İlyasov, “İki sahil”