12 dekabr 2023 02:37
298

Sabitlik olmasa...

Ölkəmiz əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunur. Azərbaycan həm də dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Bunun səbəbi son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir. Məhz dövlət başçısının sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüslər Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır.

Bu gün ölkəmiz düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Prezident İlham Əliyevin “Euronews” televiziyasında dekabrın 9-da yayımlanan müsahibəsində bildirib ki, bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə: “Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”.

Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən Azərbaycan Prezidenti müsahibəsində bildirib: “Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”.

Müsahibəsində Şərq-Qərb Trans-Xəzər nəqliyyat marşrutunun Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və inteqrasiya olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünki indiki çətin geosiyasi vəziyyətdə SPECA Proqramına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünki sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Proqramına üzv olan ölkələrə baxsanız görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır”.

Bəli, son dərəcədə mürəkkəb qlobal iqtisadi fonda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam etdirilir, Prezident tərəfindən müəyyənləşdirilən strateji inkişaf kursu bütün istiqamətlərdə uğurla həyata keçirilir. Son illərdə ölkədə reallaşdırılan yeni islahatlar və iqtisadiyyatın şaxələndirilməsi sahəsində görülən irimiqyaslı işlər, işğaldan azad olunan ərazilərin bərpası və reinteqrasiyası orta və uzunmüddətli dövrdə dayanıqlı, keyfiyyətli iqtisadi inkişafın təməllərini daha da gücləndirib. Məsələn, cari ilin 9 ayında neft-qaz sektorunda real ÜDM-in 1,5 faiz azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 3 faiz yüksəlməsi ümumi iqtisadi artıma müsbət təsir edib.

Belə ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.

Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin yaratdığı yeni reallıqlar, yürütdüyü tam müstəqil siyasət və qlobal lider kimi artan nüfuzunun nəticəsidir. Etibarlı tərəfdaş statusuna sahiblənən Prezident İlham Əliyev həyata keçirdiyi diplomatiya ilə əsl reallığı nümayiş etdirir. Xüsusən də reallıq budur ki, dövlət başçımızın beynəlxalq problemlərin həllində mühüm rol oynayan Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin mütləq əksəriyyəti tərəfindən təqdir edilir. Əgər belə olmasaydı, bitən sədrlik müddəti yenidən Azərbaycana həvalə olunmazdı. 2022-ci ildə ölkəmizin hərəkata sədrlik müddət başa çatsa da, üzv dövlətlər Azərbaycanın təşkilata uğurlu sədrliyini nəzərə alaraq əlavə 1 il müddətinə sədrlik etməsi ilə bağlı təklif irəli sürdülər. Beləliklə, Azərbaycanın hərəkata sədrliyi 2023-cü ilin sonunadək uzadıldı.

Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. Bütün bu uğurların yeganə səbəbi isə, əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir.

Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından dünyada ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Artıq heç kim Azərbaycanla təhdid dili ilə danışa biməz.

Bir sözlə, bütün bu deyilənlər bir daha onu təsdiqləyir ki, xalqımızı və dövlətimizi perspektivdə hələ möhtəşəm sosial, iqtisadi uğurlar, diplomatik qələbələr gözləyir.

Nigar Orucova, “İki sahil”