11 dekabr 2023 23:10
329

Müasir müstəqil Azərbaycanın memarı

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu Öndərimiz xalqa bağlı insan, əvəzolunmaz şəxsiyyət, prinsipial dövlət xadimi idi. Hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində vahid amal uğrunda mübarizə aparırdı, xalqın firavanlığı, dövlətin inkişafı onun həyat fəlsəfəsi idi. Azərbaycan dilinin, elmi, ədəbi, mədəni abidələrin tədqiqi və qorunması, dövlət quruculuğu, iqtisadi inkişaf, imperialist qüvvələrin korporativ maraqlarına xidmət edən avantürist subyektlərin zərərsizləşdirilməsi, təhlükəsizlik və ölkədaxili stabillik, hərbi sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi vacib əhəmiyyətli addımların atılması dahi siyasətçinin sadalanan keyfiyyətlərindən az bir qismidir. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyası da Ümummilli Liderin böyük xidmətlərindən biridir. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin təməlini qoydu. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verdi.Ulu Öndər ölkəmizdə iqtisadi dirçəlişin, qadın və gənclər siyasətinin, hərbi sənaye quruculuğunun banisidir. Heydər Əliyev hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına böyük önəm verib. 

Ümummilli Lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmləndirilməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq oldu. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçmiş oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa etdi. Ümummilli Liderimizin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaratdı.

Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Bu gün Ümummilli Lider Heydər Əliyevin  müəyyən etdiyi  iqtisadi  inkişaf kursunu yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları  sayəsində  Azərbaycan  dövləti  bu gün tarixinin ən böyük yüksəliş dövrünü yaşamaqdadır. Ümummilli Liderin layiqli varisi, dövlətimizin başçısı İlham Əliyev bu məsələlərdə yeni və müasir yanaşma yolları arayaraq Ulu Öndər Heydər Əliyevin  iqtisadi siyasətini  uğurla həyata keçirir.

Ulu Öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır.Ulu Öndər vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli Lider Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Bu təməl Azərbaycan xalqını ən çətin dövrlərdə bir yumruq halında birləşdirib. Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik Respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir.

Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə 2020-ci il Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi. Bütün bu möhtəşəm uğurlar isə məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Xalqımız öz xilaskarını heç zaman unutmayacaq və müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı naminə Ulu Öndər Heydər Əliyevin ideyaları ölkəmizdə əbədi yaşayacaqdır. 

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı