11 dekabr 2023 22:23
177

Vətən sevgisi

İstərsə Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük haqq savaşımızda Vətən naminə sinəsini düşmən gülləsinə sipər edib canından keçən qeyrətli, mərd övladlarımız çox oldu. Belə Vətən sevdalılardan biri də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Birinci Qarabağ müharibəsinin şəhid Səxavət Ələmdar oğlu Məhərrəmovdur. Masallı rayon Mərkəzi Kitabxanasının Təzə Alvadi kənd kitabxana filialında qəhrəman Vətən oğlunun anada olması 50 illiyi münasibətilə tədbir keçirildi. Onun doğma Azərbaycan yaşadıqca örnək olası həyat və döyüş yolundan tədbir iştirakçılara geniş məlumat verildi.

Bildirildi ki, Səxavət Məhərrəmov 1973-cü il qədim Oğuz yurdu, Ağbaba mahalının Qara-çanta kəndində dünyaya göz açib. 1988-ci ildə daşnakların mənfur siyasəti nəticəsində Səxavət öz el-obasından didərgin düşüb, ailəsi ilə Bakının Lökbatan qəsəbəsində özlərinə yurd-yuva qurublar. 1990-cı ildə burada 106 saylı orta məktəbi bitirdikdən sonra 1 saylı Təmir-Tikinti İdarəsində işə düzəlib. Həm də o, Azərbaycanda Milli Azadlıq Hərəkatında fəal iştirak edib. Eyni zamanda erməni dığaların Qarabağın ədalətsiz işğalı onu rahat buraxmır. 1991-ci ilin noyabrında könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. Əvvəlcə daxili qoşunlarda xidmət edib, sonra isə təzəcən yaranan Milli Ordu sıralarına qoşulub. İgidliyi, cəsurluğu döyüşçü dostları arasında ona böyük hörmət qazandırıb. Bir sıra hərbi əməliyyatlarda xüsusi məharət ilə fərqlənib.

27 iyun 1992-ci ildə erməni faşistləri tərəfindən Ağdərənin strateji əhəmiyyətli Möhtarağ kəndinə hücum olunub. Kənd uğrunda qızğın döyüşlər gedib. Döyüş zamanı Səxavət tez-tez yerini dəyişib, düşmən mövqelərinə sarsıdıcı zərbələr endirib. Nəhayət, faşist xislətli ermənilər əllərində olan zirehli maşını itirdikdən sonra kəndi tərk etməyə məcbur olub. Bölmə geri dönərkən kəndin yaxınlığındakı meşədə mühasirəyə düşüb. Bu zaman Səxavət düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub.

Qəhrəman döyüşçü Səxavət Məhərrəmov Bakı şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1992-ci ilin noyabr ayında “Milli Qəhrəman” adına layiq görülüb. Oxuduğu 106 saylı orta məktəbini onun adına verməklə, eləcə burada büstü qoyulub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü