Müqəddəs Qarabağın erməni quldurlarından təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də 1983-cü ildə Lənkəran rayonu Veravul kəndində dünyaya göz açan gizir Yusif Məmmədrza oğlu Xəlilovdur.
Doğma Azərbaycana, xalqına böyük sevgisi olan Yusif Xəlilov 18 il orduda xidmət edib. Vətənini göz bəbəyi kimi qoruyub, məqamı gələndə onun yolunda canından keçməyi özünə şərəf bilib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, ağır yaralanıb. Sağaldıqdan sonra tank komandiri kimi Vətəninin keşiyində durub. Lokal antiterror tədbirlərnə qoşulan igid döyüşçü son damla qanına qədər vuruşaraq əbədiyyətə qovuşub. Doğulub boya-başa çatdığı Veravul kəndində torpağa tapşırılıb.
Şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan Yusif Xəlilovun oxuduğu Veravul kənd məktəbində xatirə lövhəsi vurulub. Məktəbdə Yusif Xəlilov adına sinif otağı da fəaliyyət göstərir. Qəhrəman şəhidin Vətənə əmanət qoyduğu 2 qızı var.
Bəli, doğma Azərbaycanın müqəddəsliyinə tapınaraq ömrünü ona sərf edən Yusif kimi mərd oğlanlar heç zaman unudulmur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü