09 dekabr 2023 01:15
556

Gücümüzün, ləyaqətimizin, qətiyyətimizin təntənəsi - Zəfər paradı

2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən, əvvəlkilərdən fərqli bu parad Silahlı Qüvvələrimizin qalibiyyət yürüşü kimi tarixə yazıldı

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra paytaxtın Azadlıq meydanında keçirilən Zəfər paradı Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin, diplomatiyamızın, Silahlı Qüvvələrimizin rəşadətinin, xalqımızın milli ruhunun, qürurunun, həmrəyliyinin, müdafiə qüdrətimizin ifadəsi olmaqla, əsrlərdən bəri şüurları zəhərləyən daşnak ideologiyasının məhvi idi. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə düşünülmüş konsepsiya əsasında toplanılan güc, siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində qazanılan uğurlar, inkişaf edən iqtisadiyyat Ermənistanın yalançı təbliğatına son qoydu. Bu parad cənab İlham Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin istiqamətlərini əhatə edən «Nəyin, necə, nə zaman» həyata keçiriləcəyi çoxistiqamətli sualına möhtəşəm cavab idi. Bu cavabla təsdiqləndi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi ədalətin, supergüclərin üstündən xətt çəkdikləri beynəlxalq hüququn bərpasıdır.

«Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi» söyləyən dövlət başçımız Ali Baş Komandan kimi, tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur» deyən ermənipərəst dairələrin məkrli niyyətlərinin qarşısını dəmir yumruğu, xalqımızın birliyi ilə aldı. Bu parad Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla bütün haylara heç vaxt unutmayacaqları məğlubiyyət qulaqburması idi. Ermənistan üzərindəki Qələbəmiz qüdrətli ordunun formalaşdırılması təcrübəsinin təsdiqi idi. Azərbaycan erməni faşizmi üzərində Qələbə qazanmaqla bu günə qədər həllini gözləyən BMT qətnamələrini öz gücü ilə icra etdi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından yanımızda olduğunu birmənalı və sərt açıqlamaları ilə bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyevlə Zəfər paradını birgə izləmələri dünyaya birlik və həmrəyliyin sarsılmazlıq simvolu kimi çatdırıldı. Kapitulyasiya aktı ilə diz çökən Ermənistan Azərbaycan torpaqlarını qaytarmağa məcbur edildi.

Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Silahlı Qüvvələrimiz qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki Zəfəri ilə tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübarizlik ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda döyüşmək əzminin nümunəsinə çevrildi.

Bu paradın xüsusi önəmi ilə fərqləndiyini ifadə edən Prezident İlham Əliyevin «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər» sözlərində qalib, torpaq həsrəti bitmiş xalqın istəkləri ifadə olunur. Qətiyyətin təntənəsi olan bu sözlər Cıdır düzündə rəqs edən Ermənistanın baş naziri Nikol Paşinyana, «Yeni bölgələrdə yeni müharibə»” bəyanatı səsləndirən, «Qarabağ müharibəsi yenidən alovlansa, o zaman Bakıda bitəcək”», «Erməni tankları Bakıya gələcək» sayıqlaması ilə başından böyük qələt edən Hayastanın keçmiş müdafiə naziri Davit Tonoyana ustad şilləsi idi. Azərbaycanın mərd oğulları Tonoyanın «arzusunu gerçəkləşdirdilər.» Erməni tankları Bakıya gə(tiri)ldi. Amma məğlub, Hərbi Qənimətlər Parkında əbədi xəcalətə məhkum sınıq-salxaq dəmir parçası kimi.

Bu parad Türkiyə ilə Azərbaycanın əsrlərə söykənən qardaşlığının sarsılmazlıq simvolu, bu həmrəyəliyə həsəd aparanlara gözdağı kimi tarixə yazıldı. Silahlı Qüvvələrimizlə birgə türkiyəli hərbçilərin mehtər marşının sədaları altında paraddakı keçidi bu qardaşlığın siyasi-hərbi Qələbəsi kimi bütün ermənipərəst dairələrə «biz varıq, gələcəkdə də olacağıq» mesajı idi.

Ermənistan üzərindəki Zəfərimizi bütün türk dünyasının birlik , həmrəylik rəmzi kimi dəyərləndirən Prezident İlham Əliyev «Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» sözləri ilə hər iki ölkəni təmsil edən əsgər və zabitlərin qürürlü keçidini regionun alternativi olmayan modern silahlı qüvvələri kimi dəyərləndirdi. Azərbaycan xalqı əmin oldu ki, ən müasir döyüş imkanlarına malik ordumuz nəinki istənilən təxribatın qarşısını almağa, həmçinin düşmənin mövqelərini anında məhv etməyə qadirdir. Dövlət başçımızın qətiyyət nümunəsi olan «Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq» sözləri erməni faşizmini əbədi məhvə məhkum etdi.

Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu ilin sentyabr ayında aparılan qısamüddətli antiterror tədbirləri ilə erməni separatizminin kökünü kəsən Milli Ordumuz üçün Xankəndi paradı sadəcə bir hərbi keçid deyildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin, Vətən müharibəsindən sonra abadlaşan, yenidən qurulan şəhər və kəndlərimizə köçürülən , doğma yurdlarını qovuşan insanların Qələbə təntənəsi idi
 Xankəndidə belə bir tədbirin yüksək səviyyədə keçirilməsi, dövlət başçımız İlham Əliyevin Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizin keçidini qürurla izləməsi xalq- iqtidar birlyinin, gücün, qüdrətin nümayişi, abadlıq-quruculuq işlərinin ən mükəmməl örnəyinin təntənəsi idi. 30 il separatizmin, hərbi xunta rejiminin qanlı yuvasına çevrilən Xankəndidə qalib ordumuzun Zəfər paradı ərazi bütövlüyümüzün yekun möhürü oldu.

Dövlət başçımızın rəhbərliyi ilə 20 il ərzində Qələbəyə doğru gedən, beynəlxalq hüquq müstəvisində mövqeləri möhkəmlənən, iqtisadi islahatları ilə nümunə göstərilən güclü siyasi iradə Xankəndidə dalğalanan bayrağımızla öz sözünü dedi. Bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan döyüş meydanlarında qan tökərək şəhidlər verən, düşmənə arxa çevirməyən, zəngin qəhərəmanlıq tarixinə , hərbi qüdrətə malik yenilməz xalqa məxsus ulu torpaqdır. «Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik» söyləyən Ali Baş Komandanımız XXI əsrdə heç bir orduya nəsib olmayan peşəkarlıq, fədakarlıq göstərən Silahlı Qüvvələrimizin əsgər və zabitləri ilə qürür duyduğunu fəxrlə səsləndirdi. Bütün dünya ictimaiyyətinə bəyan edildi ki, indiyədək heç bir xalq öz doğma torpağını bizim qədər əziz tutub, uğrunda ölümə getməyə, şəhidlik zirvəsinə qalxmağa hazır olmamışdır.

Dövlət başçımız dəfələrlə bəyan edib ki, bizə yeni müharibə lazım deyil. Azərbaycan xalqı istədiyinə nail oldu, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətini öz gücü, birliyi ilə bərpa etdi, düşmənə layiq oldğu yerini göstərdi. Erməni faşizmi bu gücün qarşısında diz çökdü. Bu gücü daha da möhkəmləndirmək Azərbaycan dövləti üçün daim diqqətdə saxlanılan ümdə məsələdir. Biz müharibə istəmirik, amma müharibəyə hər an hazırıq.

Xuraman İsmayılqızı, «İki sahil»