08 dekabr 2023 14:42
723

Məskunlaşma gedən Füzuliyə, Laçına və Zabuxa təbii qaz verilib - VİDEO

2024-cü ildə 170-ə yaxın kəndin və yeni yaşayış massivinin qazlaşması planlaşdırılır

Dekabrın 8-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev  bildirib ki,  bu ilin yanvar-noyabr aylarında «Azəriqaz» İB-ə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 11 074 müraciət daxil olub.

Şöbə rəisinin sözlərinə görə, bunlardan 4 887 müraciət «Opentext» elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: «Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. «Opentext» proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 11 ayı ilə müqayisədə 918 müraciət azdır. Daha 6 187 müraciət elektron formada daxil olub.»

O qeyd edib ki, müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: «Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması həyata keçirilib».

Tədbirdə Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, bu il üçün qazlaşma proqramında nəzərdə tutulan 150 kənd və yeni yaşayış massivinin əksəriyyətində işlərə başlanılıb, bəzilərində işlər tamamlanmaq üzrədir.

Onun sözlərinə görə, qazlaşma işləri çərçivəsində respublika ərazisində müvafiq infrastruktur yaradılır. Belə ki, bu ilin 11 ayında 350 kilometrə yaxın yeni müxtəlif diametrli qaz xətləri çəkilib ki, bunlarında bir qismi istismara təhvil verilib.

Şöbə müdiri onu da qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə qaz təchizatının bərpası istiqamətində işlər aparılır, yeni infrastruktur qurulur: «Artıq Laçın şəhəri təbii qazla təmin olunur. Eyni zamanda, Laçın rayonunun əhali köçürülən Zabux kəndinə də qaz verilib. Məskunlaşma olan Füzuli şəhərində də artıq təbii qazdan istifadə edilir və bundan sonra da davamlı sürətdə qeyd etdiyimiz işlər aparılacaq».

T. Cəfərov onu da əlavə edib ki, gələn il 170-ə yaxın kənd və yeni yaşayış massivlərinin qazlaşması planlaşdırılır.

Elçin Zaman, "İki sahil"