20 noyabr 2023 23:04
583

MAHİRƏ NAĞIQIZI YARADICILIĞINDA QƏRBİ AZƏRBAYCAN MOTİVLƏRİ

Artıq heç kəsə sirr deyil ki, Ümummilli Liderimiz Heydər Əliyevin də, ölkə başçımız İlham Əliyevin də hər zaman diqqət məkəzində saxladığı Qərbi Azərbaycan mövzusu günümüzün böyük aktuallıq kəsb edən məsələsidir. Dövlətimizin siyasi xəttinin dəstəkçiləri olan ziyalılarımızın, alimlərimizin də fəaliyyətində bu motivlər hər zaman öz əksini tapmışdır.

Bütün dövrlərdə tarixi hadisələrin, yeniliklərin çağırışçısı olan ədəbiyyatın və elmin ziyasını özündə birləşdirən Mahirə Nağı qızı Hüseynova da bu qəbildən olan şairə, dilçi-alimdir. Naxçıvanda doğulub boya-başa çatsa da, əslən ulu Azərbaycan torpağı Dərələyəz mahalından olan Mahirə xanımın mənsub olduğu nəsil milli ruhu, ictimai-mənəvi keyfiyyətləri ilə tarixə düşmüşdür. Bu baxımdan deyə bilərik ki, Mahirə Nağıqızının bugünkü qərar tutduğu pillələrin hər biri kökdən, əsildən qaynaqlanır. Bununla bərabər, Mahirə xanımın bədii və elmi yolunda Dərələyəz mahalının folkloru, dialektologiyası və toponimiyasının tədqiqatçısı olan tanınmış ictimai və elm xadimi Həsən Mirzəyevin də böyük təsiri olmuşdur. Təbii ki, bu mühüm faktorların fonunda Mahirə Hüseynovanın yaradıcılığında Qərbi Azərbaycan motivlərinin hiss və ifadə olunmaması qeyri-mümkündür.

Mahirə Nağıqızının fəaliyyəti çoxşaxəli və olduqca zəngindir. O, dilçiliyin müxtəlif sahələri istiqamətində aparılmış tədqiqatlar üzrə 26 elmi kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait, 5 proqram, 14 bədii (şeirlər) kitabının, 400-ə qədər elmi və publisistik məqalənin müəllifi kimi həm dilçi-alim, həm şairə, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışan əsl zəhmətkeş Azərbaycan qadınıdır.

Mahirə Hüseynovanın “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” kimi irihəcmli və digər elmi əsərləri professorun elmi irsində Qərbi Azərbaycan mövzusunun nə dərəcədə geniş yer tutduğunun bariz nümunəsidir. Bununla belə onun bu ilin oktyabr ayında çap olunmuş “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyası bir daha Azərbaycan elminin qabaqcıl simalarından olan Mahirə Nağıqızının dövlətimizin siyasi xəttinə sadiqliyinin nümunəsi olmaqla bərabər, həm də öz əsil-kökünə məhəbbətinin sübutudur.

Mahirə Nağıqızı şairə kimi də yüksək novatorluq qabiliyyətinə malikdir. Cünki onun bədii yaradıcılığında hər dövrün hadisəsinə uğun nümunələr yer almaqdadır və hörmətli şairəmiz, demək olar ki, külliyyatında heç bir mövzunu kənarda qoymamışdır: Allah sevgisi, Vətən sevgisi, ana, ata, ailə, övlad və nəvə məhəbbəti, şəhidlərimizə ehtiram, böyük zəfərimizə duyulan fərəh, eləcə də peşələrə və peşə sahiblərinə dərin hörmət və təşəkkür, duyğular və digər mövzular Mahirə xanımın şeirlərinin əsas süjet xəttini təşkil edir.

Müxtəlif mövzularda aydın, axıcı, saf Azərbaycan dilində yazılmış bu şeir nümunələrində ən maraqlı məqamlardan biri də məhz elə Qərbi Azərbaycan motivlərinin təzahürüdür.

Buradan boylanıb nə cürə baxam,
Qaçaq qayasına qəsd var, qərəz var?
Gündüzlər getməyə gücüm yox catam,
Yuxuda gördüyüm Dərələyəz var.

Doktorluq tədqiqatının mövzusunu təşkil edən müəllimi Həsən Mirzəyevə xitabən yazdığı “Ay Həsən Mirzə!” şeirində də əzəli yurd torpaqlarımız olan Zəngəzur həsrəti hərarətlə duyulur:

Vətən dərdi bağlayıbdı sinəni
Niyə gülmür üzün, ay Həsən Mirzə?   
Talan olub, viran olub ellərin,
Qalmasın bir sözün, de, Həsən Mirzə!

***      ***      ***

Güllü yaylaqların de, kimə qalıb?
Sərin bulaqların üstün kim alıb?
Daha dözmür ürək, səbrin daralıb
Dərdini çəkəmmir fil, Həsən Mirzə!

Qərbi Azərbaycan motivləri Mahirə Nağıqızının şeirlərində təkcə məzmun baxımından deyil, həmçinin dilçilik nöqteyi-nəzərindən, dialektoloji baxımdan da diqqəti cəlb edir.

Bu dünyanın yaşı qədər tarixin var,
Sonu qədər, başı qədər tarixin var.
Dağı qədər, daşı qədər tarixin var,
Ha baş vursam bitməz qatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

***      ***      ***

Dərələz şenniyi, Göyçə, Ağbaba
O ağır ellərin boşaldı bir-bir.
Yetiş hayımıza Xan Heydər baba,
Sənsən loğmanımız, dərman səndədir.

Gətirdiyimiz hər iki nümunədə həm fonetik, həm də leksik baxımdan Qərbi Azərbaycan nəfəsi duyulmaqdadır. Birinci nümunədə “amanat” sözündə ə<a əvəzlənməsi müşahidə olunursa, ikinci nümunədə İrəvan dialektinə məxsus olan “oba, yaşayış məntəqəsi” anlamında işlənən “şenniy” leksik vahidi işlənmişdir.

Ümumiyyətlə, türk xalqlarının ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında mühüm yeri olan və öz növbəsində yazılı ədəbiyyata bayatıların təsiri danılmaz bir faktdır. Bu təsir Mahirə Nağıqızının poeziyasında nəinki güclüdür, hətta bayatı irsimizə sadiq qalmaqla 1300-dən cox bayatının, onlarla haxışta, layla və oxşamalardan ibarət kitabın ərsəyə gəlməsi ilə nəticələnmişdir.

Mahirə Nağıqızının zəngin mənəviyyatından və yüksək təfəkküründən süzülüb gələn poetik düşüncələrinin inikasında, həmçinin elmi baxışlarının məcmusunda öz əksini tapan Qərbi Azərbaycan motivləri onu soy-kökümüzə bağlılığının, sədaqətinin rəmzi ifadəsidir. Bu bağlılıq bizləri nəhəng, qanlı və əzablarla dolu bir yüzillik boyunca ayrı düsdüyümüz əzəli torpaqlarımıza, ulu elimzə, doğma yurd yerlərimizə qayıdışımıza çağırış edir. Mahirə Nağıqızının qələminin çalarlarını ötən yüzillikdə itirdiklərimizin geri qayıdışının zəfər təntənəsinin təsvirində və ifadəsində görmək arzusu ilə ...

Leyla Səfərova,
filologiya üzrə fəlsəfə doktoru,
“Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin dekanı