Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində 2800 reytinq xalı qazanıb.
Federasiyanın mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan idmançı ilk görüşündə İsveçrə təmsilçisi Tobias Kuenzidən hər iki setdə (21-12,21-13) üstün olub.
Növbəti qarşılaşmada Niderland bamdintonçusu Dennis Kopeni (21-15,21-17) mübarizədən kənarlaşdıran Dviçayo uğurlu çıxışın davamını 1/4 finalda da gətirib. O, bu dəfə digər niderlandlı Joran Kveekelə 2:0 (21-16,21-10) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Dviçayo finalın bir addımlığında yarışın qalibi danimarkalı Viktor Svendsenə uduzub- 0:2 (17-21,13-21).