13 sentyabr 2023 17:12
398

Şahin Diniyev oğlu haqqında: Ötən mövsümdəki Coşqun deyil

“Bir mütəxəssis kimi deyə bilərəm ki, Coşqun məni təəccübləndirdi. Ötən mövsümdəki Coşqun deyil”.

“İki sahil” xəbər verir ki, bunu müsahibəsində “Səbail”in baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevin Azərbaycan millisinin heyətində AVRO-2024-ün seçmə mərhələsində Belçikaya (0:1), yoldaşlıq görüşündə isə İordaniyaya (2:1) qarşı çıxışını dəyərləndirərkən deyib.

57 yaşlı mütəxəssis yay fasiləsində Türkiyənin “Ümraniyəspor” klubuna keçən 28 yaşlı yarımmüdafiəçinin performansından razı qalıb: “Daha inamlı, atletik, sərt futbol oynayan, tez düşünən Coşqun izlədim. Faydalı iş əmsalı daha çox idi. Belçika kimi komandanın orta sahədə dominantlıq edə bilməməsinin əsas səbəbkarları yığmamızın yarımmüdafiəçiləri idi. Oyunun taleyini həll etmək üçün də orta sahəni ələ keçirmək ilk şərtdir. Belçika yarımmüdafiədə rahat oynamadısa, onlara qarşı çıxış edən orta sahə oyunçularımızın əməyini yerə vurmaq olmaz”.

Ş.Diniyev oğlu üçün ikinci matçın daha uğurlu alındığını vurğulayıb: “Düşünürəm ki, Coşqun İordaniya ilə görüşü daha yaxşı keçirdi. Ümumi ansambldan heç də geri qalmadı, milliyə kömək etdi”.

Şahin Diniyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.