01 sentyabr 2023 22:14
368

Şəhidlərin xatirəsinə həsr olunmuş futbol yarışı

Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə R. İbadov adına Cil kənd tam orta məktəbinin stadionunda   Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə təşkil edilmiş  mini-futbol turniri start götürdü və ilk qrup oyunları keçirildi.

Onu da bildirək ki,  yarışın açılışına Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idarənin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları,  ağsaqqalları, ziyalıları, eləcə kənd  sakinləri qatılmışdı.

Kənd ərazisində şəhidlərin xatirəsinə ucaldılan  parkı ziyarət etdikdən sonra tədbir Azərbaycan Respublikası Dövlət Himni oxunması  və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə çıxışında   bütün komandalara uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirən Teymur Babazadə bu siyasətin gələcək nəslin sağlam yetişməsi, eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafı məqsədini daşıdığını bildirdi. O, qeyd etdi ki, nəinki rayonumuzda, regionda da idman yarışlarının, idmanın kütləviliyinin artırılması məqsədilə tədbirlər təşkil edilir, bədən tərbiyəsi və idmanın əsas istiqamətləri müəyyən  olunur və   davamlı işlər görülür.

Çıxış edən digər natiqlər  isə bu kimi tədbirlərin yeniyetmə və gənclərin fiziki inkişafı ilə yanaşı, onların vətənpərvərlik tərbiyəsinin inkişafında böyük önəm daşıdığını bildirdilər.

Yarışan komandalar  13 sentyabra  qədər  yaşıl meydançada  şəhidlərin şərəfini uca tutmaqla  qələbə uğrunda mübarizə aparacaqlar. 

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü