"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen cari mövsümdə Azərbaycan Qran-prisinin özü üçün həlledici olduğunu bildirib.
“İki sahil” "F1mania.net" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü Bakıda komanda yoldaşı Serxio Peresin qalib gəldiyini xatırladıb.
Niderlandlı pilot Bakıdakı məğlubiyyətini qələbə seriyasının açarı hesab edib: "Düşünürəm ki, Azərbaycandakı yarışda nələrsə öyrəndim. Boliddə bəzi şeyləri necə etməli olduğumu bildim. Birinci ola bilməsəm də, avtomobildə çox şey sınamışdım. Bundan sonra ritmi tuta bildim".
Qeyd edək ki, apreldə baş tutan Azərbaycan Qran-prisində Serxio Peres qalib olub. Ondan sonra ardıcıl 9 yarışda Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq Sebastian Fettelin rekordunu təkrarlayıb. Pilot həftəsonu İtaliyada da eyni nəticəni göstərsə, "Formula 1"də ardıcıl 10 Qran-pridə qalib gələn ilk sürücü olacaq.