“Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.
Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyada gerçəkləşən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.