ƏSL SƏNƏTKARLA, SƏNƏTİ MƏŞĞUL EDƏNLƏRİ BİR-BİRİNDƏN AYIRD EDƏ BİLMƏYƏNLƏR ELƏ KÜTLƏDƏN O TƏRƏF DEYİL
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Hələ bir əsr bundan əvvəl naşiri və redaktoru olduğun “Molla Nəsrəddin” jurnalında bu başlıq altında dillər əzbərinə çevrilən bir felyeton yazmısan: “A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın qulağına bir neçə söz pıçıldayam, bir neçə mətləblərdən agah edəm?...”.
Mirzə Cəlilin qızıldan qiymətli bu sözləri indi necə yerinə düşür. Onun ustalıqla ifadə etdikləri təkcə yaşadığı dövr üçün deyil, sanki bu günümüz, gələcək üçün deyib. Deməli, Cəlil Məmmədquluzadə və Mirzə Əlkbər Sabirin yaratdıqları personajlar sən demə ölməmişlər, sadəcə o zaman düz sözdən, həqiqətdən qorxan, çəkinən mollalar idisə, indi sosial şəbəkələrin istifadəçiləri olan və hər şeyi qara görən bir qrup qaragüruhçulardır. Təəssüf ki, onların sayı az olsa da, amma onların istifadə etdikləri mentalitetimizə, milli dəyərlərimizə yad olan jarqon ifadələr, küçə söyüşləri ilə gündəm yarada bilirlər və ən əsası kütlənin diqqətini özlərinə cəlb edərək, doğru-yanlış fikir formalaşdırırlar. İnternet əsrinin, konkret olaraq idarəolunmaz sosial şəbəkələrin verdiyi bu imkanlar isə sonda onların kimdən xoşu gəlmirsə və ya kimlər ki, onlar kimi düşünüb-danışmırlarsa, həmin şəxsi və şəxsiyyətləri xalqın gözündən salmaq üçün yetərli olur.
Artıq bir müddətdir ki, xalqımızın barmaqla sayıla biləcək dəyərli sənətkarlarından olan Xalq artisti Rasim Balayevə həmin “klaviatura qəhrəmanları” total hücum edərək, haqqında olmayan təhqiramiz ifadələr işlədirlər. “Günahı” da hamının bildiyi, amma dilə gətirmədiyi həqiqəti söyləməsi olub.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib. Cənab Prezident bu ali ordeni Xalq artistinə şəxsən özü təqdim edərkən onlar arasında səmimi dialoq yaşanıb. Azərbaycan xalqının xalq qəhrəmanımız Babəki, dahi şairimiz Nəsimini Rasim Balayevin canlandırdığı obrazlarda sevdiyini dilə gətirən dövlət başçımıza Xalq artisti əsl Babəkin Sizsiniz demiş, obrazını isə özü yaratdığını qeyd edib. Milyonların ürəyindən gələn bu sözlərin Ali Baş Komandan, Böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin sərkərdəsinə söyləməsi yuxarıda haqqında qeyd etdiyimiz qaragüruhun xoşuna gəlməyib və Xalq artistini guya ki, yaltaqlıq etməkdə günahlandırıblar. İstər-istəməz, sual yaranır: Əcəba, Rasim Balayev səhv, yalan olan nəyi deyib ki, Prezidentin xoşuna gəlməyə çalışıb? Məgər cənab İlham Əliyev son 200 ildə torpaq itirən Azərbaycan üçün yeni tarix yazmayıbmı?
Hamımızın asanlıqla əli çatan Azərbaycan tarixini vərəqləyin. Bunun üçün tarixçi alim olmağa da ehtiyac yoxdur. 19-cu əsrin əvvəllərindən bu yana təqvimdə xalqımızın üzünü güldürəcək, ona hədsiz sevinc bəxş edən hansı qalibiyyət tarixi, gün və ya günlərimiz varmı?
Tarixçilərimizin araşdırmalarında da tez-tez rast gəldiyimiz faktlardır ki, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə əraziləri ikiyə bölünən Azərbaycan sonrakı dövrlərdə ancaq torpaq itirib: İrəvanı, Göyçəni, Zəngəzuru verməmişikmi? Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərində Yuxarı Qarabağ və ona bitişik 7 rayon olmaqla ölkə ərazisinin 20 faizi itirilmədimi? Hələ bu da son olmayacaqdı. Düşmən o qədər qudurmuşdu ki, bizi yeni əraziləri işğal edəcəkləri ilə hədələyirdi. Ermənistanın müdafiə naziri olmuş David Tonoyan dünyanın haqq-ədalət beşiyi sayılan Amerikada jurnalistlərə “Yeni müharibə ilə yeni ərazilər fəth edəcəyik” fikirlərini səsləndirməkdən çəkinmirdi. Saxta erməni həqiqətlərini çəkdiyi əndərəbadi filmlərlə dünyaya yayan və bu yolla dünyanın dörd bir tərəfinə yayılan erməni lobbisindən Qarabağ erməniləri üçün ianələr toplayan erməni rejissor Arşak Zakaryan isə bir addım da irəliyə gedərək “Füzuli, Ağdam bizimdir. Bakı isə növbətidir” deyirdi.
Onun Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik” sərsəmləməsini eşitmək necə də kədərli səhnə idi.
İndi gözümüzün qarşısında ermənilərin böyük planını puç edən, onların “dənizdən-dənizə böyük Ermənistan” xülyalarını məhv edən, planlarını, minbir oyunlarını pozan Ali Baş Komandan İlham Əliyevə Babək deyilməyəcək bəs, kimə deyiləcək? Ali Baş Komandanın yaratdığı yeni reallıqlardır, Azərbaycanı hədələyənlərdən biri hazırda dəmir barmaqlıqlar arasına düşdü, digəri də Kəlbəcəri uşaq kimi ağlayaraq tərk etdi, indi bir-birlərini didib-parçalayırlar.
Səmimi olaraq etiraf edin, ay qaragüruhçular, bütün bunların nə vaxt ola biləcəyini təsəvvür edirdinizmi? Ancaq və ancaq yuxuda xəyalını qura bilərdiniz. Deməli, yuxunuzu gerçəkliyə qovuşduran sərkərdə nəinki Babəkdən, dünyanın bütün tarixi qəhrəmanlarından üstündür, uca məqamdadır.
Əminəm ki, Rasim Balayev də Böyük Qələbənin ilk günündən belə düşünüb. Ona “İstiqlal” ordeni verilməsəydi belə, o, bu həqiqəti deyəcəkdi. Dövlət başçısı da xalq artisti belə düşünür deyə onu təltif etmir. Bu addımlar dövlətinin əsl sənətkara, sənət adamına diqqət və qayğısının təcəssümüdür. Rasim Balayev də belə böyük sənətkarlardan, daha doğrusu, sənətinin fövqündə dayanan dəyərlərimizdəndir. Biz onun əvəzsiz rolları ilə Azərbaycan kinosunu sevmişik. Rasim Balayevin “40 il boyunduruq altında yaşmaqdan, bir gün azad yaşamaq üstündür” kəlmələri ilə müstəqil dövlətimizin timsalında nə qədər qiymətli varlığa sahib olduğumuzun dəyərini anlamışıq. Ən əsası Rasim Balayevin Babək, Beyrək, Nəsimi obrazları ilə yaratdığı qəhrəmanlıq nümunələrindən riqqətə gələn neçə-neçə qəhrəman şəhidlərimiz öz qanları-canları hesabına müasir qəhrəmanlıq tariximizi yazdılar, ruhları şad olsun.
Rasim Balayev əvəzolunmaz, misilsiz rolları ilə öz ismini milyonların qəlbinə, özü də qızıl hərflərlə yazıb. Nə etsəniz də, ordan silmək gücündə deyilsiniz, ay sosial şəbəkə fürsətcilləri! Onun müsahibələrində səsləndirdikləri fikirləri kontekstdən çıxarıb, sosial paylaşmalarla nəyəsə nail ola bilməyəcəksiniz. Millətinə, dövlətinə, xalqına zərrə qədər faydanız olmasanız da, heç olmasa davranışlarınızla könül bulandırmayın, qalan dəyərlərimizin kövrək qəlblərini sındırmayın. Rasim Balayev kimi sənət adamını gözdən salmaq istəyənlər, unutmayın ki, şit, təlxək hərəkətləri ilə əsl sənəti məşğul edənləri əksinə sosial şəbəkə qəhrəmanlarına çevirib xalqın, millətin gözünə soxmağa çalışanlar da sizsiniz. Qaldı, ziyalı-kütlə söhbətinə - mənim düşüncəmdə sənətkarla, sənəti məşğul edənləri bir-birindən ayıra bilməyənlər elə Rasim Balayevin qeyd etdiyi kimi kütlədən o tərəfə deyil.
Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü, elmlər doktoru