17 avqust 2023 01:37
483

Təhlükəsizlik Şurasının qərarlarına otuz il məhəl qoymayan ermənilər…

Görək bu qurum onları öz qapısından qovacaqmı?

Ermənilər yenə "qara zurna" çalmaqda, bəzi beynəlxalq təşkilatlar isə yenə də onlara züy tutmaqdadır.

Bildiyimiz kimi, Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsində qaldırdığı mərəkə ilə Azərbaycanı şantaj etməyə və beynəlxalq birliyin hədəfinə gətirməyə hesablanmış “Qarabağda humanitar böhran”, “soyqırımı” ağlaşması 22-ci günə keçdi. Qarabağda və Ermənistanda, eləcə də xaricdəki diaspor təşkilatlarında qaldırılan hay-küyə baxmayaraq hələ bircə nəfər erməni nəinki acından ölməyib, heç köpük də qusmayıb. Əksinə, sosial şəbəkələrdə Qarabağdakı ermənilərin günlərini toyda, nişanda, ad günlərində, banketlərdə, səyahətlərdə keçirmələrini əks etdirən şəkillər və videogörüntülər tez-tez yer alır. Orada aclıqdan, dərman çatışmazlığından əzab çəkən bir nəfərin belə olmadığı aydındır. Üstəgəl, Ağdam-Xankəndi yolu açıqdır və buradan onlara Azərbaycan tərəfindən humanitar yardımlar təklif olunur. O necə “humanitar fəlakət”dir ki, “acından ölənlər” dərmanları, çörək və digər ərzaqları qəbul etmirlər? Sualların cavabları onu sübut edir ki, növbəti  “soyqırım” mərasimi sadəcə uydurulmuş şou və saxta göz yaşlarıdır.

“Yardımları Xankəndinə daha sürətli və səmərəli necə çatdırmaq olar? Əlbəttə, Ağdam-Xankəndi yolu ilə. 44 kilometrlik Bərdə-Ağdam və 65 kilometrlik Ağdam-Füzuli 4 zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın sutkada 17 000 avtomobil keçirmə qabiliyyəti var”. Bunu üç gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında (keçmiş Tvitter) belə yazıb.

Məsələ də ondadır ki, ac adam üçün nə fərqi, ona qida məhsulları hansı yolla gətirilir, kim gətirir: “Qarabağ sırf kənd təsərrüfatı rayonudur, burada acından ölmək üçün xüsusi istedad lazımdır. Orada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, heyvandarlıq inkişaf etdirilir - bu, Leninqrad deyil. Bəli, Xankəndi əhalisinin bəzi hərəkətləri məhduddur, ərzaq və dərman təchizatı üçün xarici mənbəyə malik deyil. Amma bu, Azərbaycanın günahı deyil. Ermənistan indi Qarabağ ermənilərinin "acından ölməsi" ilə bağlı spekulyasiyalar aparır, Xankəndidə sıxıntı yaşandığını iddia edir. Bakı isə cavab verir ki, blokada yoxdur, bütün yüklər Ağdam yolundan keçməlidir".

Təbii ki, separatçıların və onların havadarlarının iddiaları boş haray-həşirdən başqa bir şey deyil, çünki ermənilərin heç bir arqumentləri yoxdur. Lap əvvəldən bunlar gəmidə oturub gəmiçi ilə dava ediblər və həmin iy burunlarında hələ də qalıb.

Məsələ ondadır ki, ermənilər Azərbaycanın Ermənistanla sərhədlərini açıq görmək istəyirlər. Bu necə ola bilər ki, bütün dünya ölkələri sərhədlərini qoruduğu, sərhəd-keçid məntəqəsi qoyduğu və ya bağlı saxladığı bir şəraitdə Azərbaycan öz sərhədini  ermənilərin arzusu ilə tamamilə “yiyəsiz” qoysun. Necə deyərlər, "quzunu qurda tapşırsın." Vallah, gülməlidir. Yəqin bunlar bizi yox, özlərini sarıyıblar. Bəyəm bizim sərhədlər “Həsənin dəyirmanı”dır ki, hər yetən başını ora soxsun? Belə qayda-qanun dünyanın harasında var?

İndi də deyirlər ki, Ermənistan bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə daşıyır. Bu həmin TŞ-dir ki, ermənilər onun 4 qətnaməsini 30 il veclərinə almadılar, lağa qoyub güldülər. İndi gün hayandan çıxıb ki, ermənilər özləri 30 il əvvəl nüfuzdan saldıqları TŞ-yə minnətçi düşüblər? Əgər BMT-dəkilərin mənliyi olsa onları saymayan, çıxardıqları qərarları zibil qutusuna atan erməniləri qapılarından iti qovan kimi qovmalıdırlar. Onların kağız-kuğuzunu da başlarına çırpıb əli ətəklərindən uzun şəkildə  geri qaytarmalıdırlar. Ancaq bu dünyanın başıaşağı işlərini çox görmüşük. Bilmək olmaz... Bütün hallarda qəbul olunmuş beynəlxalq qaydalar, haqq-ədalət Azərbaycanın tərəfindədir. Hər halda "soyqırımı" və "humanitar fəlakət" şoularının sonunu gözləyək.

Vəli İlyasov, “İki sahil”