15 avqust 2023 23:12
436

İşğaldan əziyyət çəkən bir milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır

Dövlət başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, növbəti beş ildə azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar

«Biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq.» Dövlət başçısı İlham Əliyev  Laçın şəhərinin timsalında onu da bildirir ki, bu şəhər cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və hazırda  orada 700-dən çox ailə üçün  şərait var. Sentyabrın 15-dək məktəb, uşaq bağçası,  xəstəxana da hazır olacaq.  Şəhərdə  digər sosial obyektlər də inşa edilir.  Cənab İlham Əliyev görülən işlərin fonunda belə bir əminliyi də ifadə edir ki, növbəti beş ildə  azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlar. Amma şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Çünki  əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40-50 min insan yaşayırdı.  Baş plana əsasən  Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli şəkildə həyata keçirilir.

O da məlumdur ki, bu ayın sonuna qədər füzulililərin mərhələli şəkilə öz doğma yurd-yuvalarına qayıdacaqları nəzərdə tutulub. Həmçinin bu sevinci yaşayanlar arasında Laçın rayonunun  Zabux kəndinin sakinləri də vardır. Hər bir qayıdış Azərbaycanın gələcəyi barədə aydın təsəvvür yaradır. Bu baxımdan ki, bu qayıdış, həmçinin həmin torpaqların həyatında qurub-yaratmaq mərhələsinin başlanğıcıdır. Soydaşlarımız həmin ərazilərin malik olduğu  imkanlardan maksimum səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün geniş imkanların yaranmasını təmin edəcəklər. Bu ərazilərdə hər bir yeniliyin, ən əsası idarəçilik sistemində təkmilləşmənin mövcudluğu qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir.

Azərbaycanın gələcəyi ilə bağlı proqnozlara gəldikdə cənab İlham Əliyev bu mühüm məqamı bildirir ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra əlbəttə ki, sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var. Odur ki, hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir. Lakin başlıca prioritet  ərazilərin işğaldan azad edilməsi və müvafiq olaraq Silahlı Qüvvələrin potensialının artırılması məsələsi idi: «O ki qaldı indi Azərbaycanın müdafiə qabiliyyətinə, bu məsələ yenə də diqqət mərkəzində qalmaqdadır, İkinci Qarabağ müharibəsinin təcrübəsini, bizə daha çox lazım olanları, daha az lazım olanları, daha çox nəyin istifadə olunduğu, daha az nəyin istifadə edildiyini nəzərə almaqla… Birinci planda, əlbəttə ki, dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Düşünürəm ki, bu hədəf, bu məqsəd neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik.»

Bütün bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi əsas prioritetlər sırasındadır. Sülh  müqaviləsinin imzalanması istiqamətdə müxtəlif formatlarda görüşlər və danışıqlar aparılır. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri, eyni zamanda, keçirilən görüşlərdə qəbul edilən qərarlardan irəli gələn vəzifələri  yüksək səviyyədə yerinə yetirib sülh müqaviləsinin tezliklə imzalanmasına səy göstərdiyi halda Ermənistan təxribatları ilə bunun əksinə çalışdığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bildirir:  «Biz haqq-ədaləti tələb edirik. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq və bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq.»  Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addım oldu. Cənab İlham Əliyev belə bir çağırışı da səsləndirir ki, ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Əks təqdirdə, sülh olmayacaq.  

Bu gün Azərbaycanın postmünaqişə dövrünün reallıqları fonunda qazandığı uğurlar müstəqil siyasətimizin təqdimatında da əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini də önə çəkir. Təbii ki, burada söhbət ədalətin və beynəlxalq hüququn yanında olmaqdan, bütün məsələlərin məhz bu prinsiplər əsasında həllinə nail olmaqdan gedir. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının  ikili standartlara əsaslanan siyasətindən irəli gələn qərəzli yanaşmalarla üz-üzə olub. Bütün hallarda ölkəmizin müstəqil siyasəti özünün uğurlu nəticəsini verib.  Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə  iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz, ordumuz, eyni zamanda, imkanlarımız var. Azərbaycan daxili resursları hesabına Qarabağı, Şərqi  Zəngəzuru yenidən quruq.

Bu gün  bütün dünya azərbaycanlıları qürur hissi ilə qeyd edirlər  ki,  sözün əsl mənasında müstəqil ölkə kimi yaşayırıq. Azərbaycanda təhlükəsizlik təmin edilir,  əmin-amanlıq hökm sürür. Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür. Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Ölkə Prezidenti daim çıxışlarında bu reallığı da xüsusi vurğulayır ki,  Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır.  Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da  təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Dövlətimizin siyasəti xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Bu fikir xarici ekspertlər, siyasətçilər tərəfindən də etiraf olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu, ən əsası həyata keçirilən siyasətin, təşəbbüslərin dəstəkləndiyi ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində  stimulverici amildir. Cənab İlham Əliyev bu uğurlara söykənərək bildirir ki, uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Milli maraqlar diktə edir ki, bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq.

Azərbaycanın  qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir.  Azərbaycanın  dünyadakı rolunu və ölkəmizə  münasibəti əks etdirən çox parlaq bir nümunənin-120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrlik müddətinin quruma üzv dövlətlərin yekdil qərarı ilə bir il uzadılmasını xüsusi qeyd etməliyik. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində də ölkəmizin beynəlxalq nüfuzuna diqqəti yönəldərək bildirir ki, bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın  rəhbərlik edirik: «Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Biz Avropa İttifaqına üzv ölkələrin üçdəbiri - doqquz ölkə ilə strateji tərəfdaşıq. Yəni, beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Biz beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik və bu, İkinci Qarabağ müharibəsinin uğurla aparılması üçün də öz rolunu oynamışdır. Çünki biz həqiqəti sübut etmişik. Biz yalnız həqiqəti sübut etməyə çalışırdıq və ona nail olduq ki, bu, bizim torpağımızdır. Bax, durduğum torpaq Azərbaycan torpağıdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işimizlə bu hüquqi və siyasi bazanı yarada bilmişik.»

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda  həm beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirir, eyni zamanda, iqtisadi imkanlarını genişləndirməklə hədəflərə doğru inamla addımlayır. Reallıq budur ki, dünya gücləri  Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir, Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini dünya hərb tarixində ilkə atılan addım kimi dəyərləndirir. Müharibə bitən kimi quruculuq işlərinə start verilməsi və hazırda soydaşlarımızın bu torpaqlara qayıdışının daha sürətli hal alması ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Azərbaycan postmüharibə dövründə   hər bir planı ardıcıllıqla həyata keçirir. Atılan hər bir addım əvvəlki addımın məntiqi davamıdır.

Yeganə Əliyeva, «İki sahil»