44 günlük Vətən müharibəsindən sonra Azərbaycan qonşu ölkələrlə, o cümlədən daim xalqımıza qarşı düşmənçilik edən Ermənistanla münasibətlərinin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasının və tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Lakin, eyni zamanda, işğalçı ölkənin təcavüzünü və 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasətinin beynəlxalq hüququn əsas prinsipləri baxımından qiymətləndirilməsinin zəruriliyini vurğulamağı da unutmur.
Ermənistan isə əksinə müharibənin səbəblərini və nəticələrini öz üzərindən atmağa çalışsa da bu təcavüzkar dövlətə elan edilmədən müharibəni başlamaqla beynəlxalq hüququn bir çox prinsiplərini pozub. Misal olaraq güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək prinsipini göstərmək olar. Ermənistanın kobud surətdə pozduğu digər prinsip beynəlxalq mübahisələrin sülh yolu ilə həlli prinsipidir. Bu prinsip həm də Azərbaycanın Konstitusiyasında qeyd edilib. Konstitusiyamızın 9-cu maddəsi Silahlı Qüvvələr adlanır. Bu maddənin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Bu da öz növbəsində ən Ali Qanunda dövlətimizin və onu qəbul etmiş cəmiyyətin tutduğu mövqeyi göstərir.
Bu yerdə vurğulamaq yerinə düşər ki, Azərbaycan ərazisində yaşayan ermənilərin silahlanmasının və separatçılıq meyillərinin baş qaldırmasının səbəblərindən biri də Ermənistan tərəfindən beynəlxalq hüququn dövlətlərin daxili işlərinə aid olan məsələlərə qarışmamaq prinsipini pozmasıdır. Ermənilərin separatçılıq çağırışları və hərəkətləri başlayarkən onlar guya azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığını vurğulayırdılar. Halbuki erməni millətinin nümayəndələri Azərbaycan SSR-in iqtisadi, sosial və digər sahələrində, yüksək vəzifələr tuturdular.
Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi öhdəliyi prinsipi də Ermənistan tərəfindən pozulur. Belə ki, son dövrdə Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi aktual olduğu halda, bu prinsipin pozulması prosedurun gedişində ləngimələr və yayınmalarla müşayiət olunur.
Ermənistan tərəfinin həvəslə qabartdığı xalqların öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə qeyd etmək lazımdır ki, erməni xalqı artıq bu prinsipdən bir dəfə istifadə edib və Ermənistan Respublikası adlı dövlətini yaradıb. Beynəlxalq hüquqa görə, öz müqəddəratını təyinetmə prinsipindən, adətən, hər xalq bir dəfə istifadə edir. Əgər dünyadakı xalqlar müxtəlif vaxtlarda və ərazilərdə bu prinsipdən təkrar-təkrar istifadə edərək özünə dövlətlər yaratsalar, bu hal dünyada qarşısı alınmaz xaosa və zəncirvarı olaraq beynəlxalq hüququn bütün digər prinsiplərinin pozulmasına səbəb ola bilər. Deməli, 1980-ci illərin sonlarından başlayaraq Ermənistan SSR, daha sonra isə Ermənistan Respublikası beynəlxalq hüququn əsas prinsiplərini pozmuş, xalqların öz müqəddəratını təyinetmə prinsipinə istinad edərək təcavüzkar, separatçı siyasətini pərdələməyə çalışmışdır.
Bəs bütün bunlara rəğmən Ermənistan nə edir? 27 il BMT TŞ-nin qətnamələrini saya salmayan İrəvan indi hansı mənəvi haqla ona müraciət edir?
Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin guya humanitar böhranla üzləşməsinə dair başlatdığı iftira və böhtan kampaniyasını getdikcə daha da genişləndirir. Belə ki, rəsmi İrəvan avqustun 11-də Qarabağın mülki əhalisinin “məcburi blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı” BMT Təhlükəsizlik Şurasına fövqəladə sessiyanın çağırılması xahişi ilə müraciət edib.
Ölkənin BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktub əvvəldən axıradək yalan, böhtan və iftiralarla doludur. O qeyd edib ki, bütün humanitar yardımların dayandırılması, məhdud daxili təminatın tədricən istifadəsi kəskin ərzaq qıtlığına və mağazaların bağlanmasına səbəb olub. Daimi nümayəndə saxta rəqəmlər uyduraraq, guya, 2 minə yaxın hamilə qadının, 30 minə yaxın uşağın, 20 min yaşlı və 9 min əlilin əsas qida və vitamin çatışmazlığı səbəbindən yaşamaq üçün mübarizə apardığını bildirib. Başqa bir sıra yalan rəqəmlər uyduran Marqaryan qeyd edib ki, bunun nəticəsində bu gün “Qarabağ xalqı humanitar fəlakətin astanasındadır”.
Eməni diplomatı iddia edib ki, hazırkı şəraitdə Ermənistan hökuməti qlobal təhlükəsizliyin təmin edilməsi və kütləvi cinayətlərin, o cümlədən müharibə cinayətləri, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və soyqırımların qarşısının alınması üzrə əsas orqan kimi BMT Təhlükəsizlik Şurasının müdaxiləsini və fövqəladə sessiyasının çağırılmasını xahiş edir.
Bütün bunlardan sonra haqlı sual yaranır: Bir qayda olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan orqanın qətnamələri heçə sayan, onları kağız parçası hesab edən Ermənistan indi hansı mənəvi haqla bu ali quruma müraciət edir? Amma biz hayların bu həyasızlıq xislətinə yaxşı bələdik. Bilirik ki, onlar belə insanı keyfiyyətlərdən çox-çox uzaqdırlar.
Nigar Orucova, “İki sahil”