15 avqust 2023 23:43
456

AXCP-də bolşevizm tüğyan edir

Bizim kimi düşünməyən bizdən deyil

AXCP rəhbərliyi və onların inhisarında olan qondarma  «Milli Şura»çılar  siyasi fəaliyyətlərindəki  bacarıqsızlıqlarını ört- basdır etmək üçün asan yol tapıblar. Onlar sosial şəbəkələrdə  populist çıxışları ilə və böhtan kampaniyası aparmaqla baş girələyirlər. Əslində onların sosial şəbəkələrdəki ən böyük «fədakarlıqları»  xaricdəki himayədarlarına yarınmağa nail olmaqla onlardan daha çox cib xərcliyi qoparmaqdır. Ona görə də sosial şəbəkələrdəki statuslarında ağıllarına gələndən çox ağızlarına gələnləri  paylaşmaqla fərqlənirlər.

Onların statuslarını oxuyanda insanda belə rəy formalaşır ki, milli ünsürlərin  arasında da bir rəzil rəqabət mövcuddur: sosial şəbəkələrdə kim daha fəaldır və kim daha çox qərəzli çıxışları ilə anti-Azərbaycan qüvvələrin diqqətin çəkir. Xüsusilə AXCP sədri Əli Kərimlinin, AXCP üzvü İlham Hüseynin, qondarma  «Milli Şura»nın sədri Cəmil Həsənlinin, şuranın  Kordinasiya Mərkəzinin üzvləri Tofiq Yaqublunun, Gültəkin Hacıbəylinin və digərlərinin statusları  Ermənistandakı revanşitlərin mövqeləri ilə üst-üstə düşür. AXCP-dəki trolların rəhbəri İlham Hüseyn  iddia edir ki, Azərbaycan Ermənistandan zəifdir, onun qalib gəlmək imkanları çox aşağıdır. 

Tofiq Yaqublu isə bildirir ki, Laçın sərhəd- keçid məntəqəsi açılmalı və Qarabağdakı ermənilərə humanitar yüklər göndərilməlidir. Başqa bir sayıqlamasında isə o, deyir ki, yaxşı olardı ki, Xankəndi ilə danışıqlar aparılsın. Bu sərsəm müxalifətçidən soruşmaq lazımdır ki, Gürcüstanla razılaşdırmadan Almaniyanın, İngiltərənin Abxaziyaya yük göndərmələri mümkündürmi?  Təbii ki yox.

Xankəndi, Ağdərə, Xocavənd və rus sülhməramlılarının müvəqqəti nəzarət etdikləri digər ərazilər bütün dünyanın tanıdığı suveren Azərbaycan torpaqlarıdır. Bu ərazilərə hər hansı yüklərin daşınması Azərbaycan dövlətinin razılığı əsasında həyata keçirilə bilər. Ona görə də həm bizim dağıdıcı müxalifətin, həm də ermənilərin və onların havadarlarının bu istiqamətdəki hay-küyləri boşboğazlıqdan başqa bir şey deyildir. Bunu Tofiq Yaqublu və onun Ermənistandakı həmfikirləri dərindən  anlamalıdırlar. Əgər başa düşmürlərsə, dəmir yumruqla anlatmaq olar.

Bəli, dağıdıcı  müxalifətin ənənəvi  bolşevizm xəstəliyi hesab edilən  «bizi kimi düşünməyən bizdən deyil»  və yaxud «mənim dediyimi deməyən düz demir» xəstəliyi bu gün daha çox özünü büruzə verir. Məsələn, AXCP funksioneri İlham Hüseyn sosial şəbəkələrdəki statuslarında hakimiyyəti söyməyənləri, ona qarşı etiraz səsini ucaltmayanları  şərin nökəri adlandırır.

Bu rəzil «siyasətçi»dən soruşmaq lazımdır ki, axı, sən kimsən ki, xalqa dərs verirsən, onu aşağılayırsan? Xalqın gözü tərəzidir  və kimin kim olduğunu da çox yaxşı görür. Məhz sizin kimilərin yalanından, düzə əyri deməyindən, şər- böhtanlarınızdan bezən ölkə vətəndaşları müxalifətdən birdəfəlik üz çevirib. Nə qədər ki, bunlar bunu məqamı  anlamamısınız məğlubiyyətləriniz saysız -hesabısız olacaqdır.

Elçin Zaman, «İki sahil»