1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin yeni dövrü başlandı, lakin çox çətin, hətta nəticəsi görünməyən bir müstəqillik dövrü. Təsadüfi deyil ki, 1991-1993-cü illər aralığında ölkədə xaos hökm sürməkdə idi. Hakimiyyəti ələ keçirmiş qüvvələr xalqımızın gələcəyə olan ümidlərini qırır, ölkəmizin müstəqilliyini təhlükə altına salırdı. Bunun nəticəsi idi ki, düşmən Ermənistan hakimiyyəti ölkədə siyasi hərc-mərclikdən istifadə edərək, Azərbaycanın ən vacib, strateji, səfalı regionlarından olan Qarabağ ərazisi və ətraf rayonları işğal etməyə başladı. Qısa müddət ərzində ölkəmizin ərazisinin 20 faizi işğal olundu, Azərbaycanın ərazi bötüvlüyü pozuldu.
Sözsüz ki, baş verənlər fonunda Azərbaycan xalqı öz xilaskarına üz tutdu. Bir tərəfdən düşmən hücumu və torpaqların işğalı, digər tərəfdən isə ölkədəki xaos xalqımızı əldən salmışdı. Buna görə də, Azərbaycan xalqı və ölkənin sayılıb-seçilən ziyalıları xalqımızı bu ağır dövrdən xilas edəcək xilaskarı olan Heydər Əliyevə müraciət etdi. Sözsüz ki, 1969-1982-ci illər aralığında Azərbaycana rəhbərlik edən, 20 Yanvar faciəsində hər şeyə gözə alaraq öz etirazını çatdıran Heydər Əliyev xalqın israrlı tələbindən sonra bu çətin və məsuliyyətli təklifi qəbul etdi, 15 iyun 1993-cü il tarixindən Azərbaycana rəhbərlik etməyə başladı. Bu tarix həm də Azərbaycan xalqının qurtuluş tarixinə çevrildi.
Növbəti 30 il ərzində istər Ümummilli Lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövrlərində Azərbaycan güclənərək dünyada sayılıb seçilən dövlətlərdən birinə çevrildi.
2020-ci ildə şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətə son qoydu və işğal altında olan torpaqlarımız işğaldan azad edildi. Bu tarixi qələbə dövlətimiz və xalqımızın birliyinin bariz nəticəsidir.
Sözsüz ki, əldə olunan parlaq qələbələr, ölkəmizdə olan daxili stabillik, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu vaxtilə ölkənin müstəqilliyinin az qala sonuna çatdırmış, özlərini müxalifət adlandıran antimili ünsürləri narahat edir.
Xalqdan heç bir dəstək ala bilməyən bu qüvvələr xarici havadarlara üz tuturlar. Azərbaycanın əleyhinə fəaliyyət göstərən həmin qüvvələr bu kimi xainlərə müəyyən pul ödəyərək öz maraqlarını həyata keçirməyə cəhdlr edirlər. Zaman keçdikcə heç bir nəticə əldə edə bilməyən xarici havadarlar bunların da yarıtmazlığını gördükdə edilən ödənişləri ya azaldır, ya da kəsirlər.
2020-ci ildə qazanılan tarixi qələbəni həzm edə bilməyən, hər vəchlə erməniləri və havadarlarını dəstəkləyən Tofiq Yaqublu və onun kimilər artıq etdiklərinin faydası olmadığını dolayı yolla etiraf edirlər. Bir müddət öncə Cəmil Həsənli xarici havadarlarından iki yüz dollar aldığını çıxışında bildirmişdi. İki yüz dollara əsl üzlərini göstərən, sözdə xalqın taleyinə biganə qalmayan, amma əməllərində tam əksini nümayiş etdirən iki üzlü ünsürlər üçün xalq və dövlət anlayışlarının önəmi yoxdur.
Bu kimi antimilli ünsürlərə mesajımız budur ki, Azərbaycan xalqı sizi yaxşı tanıyır və heç vaxt sizə dəstək verməyəcək. Xalq öz Liderinə, dövlətinə güvənir və həır zaman da dövlətinin yanında olacaq!
Fuad Heydər,
Siyasi şərhçi