14 avqust 2023 22:27
371

Qəhrəmanlının növbəti “qəhrəmanlığı”

Günümüzdə sosial şəbəkələrin “qəhrəmanına” çevrilmək üçün dəridən-qabıqdan çıxanlar kifayət qədərdir. Onlardan biri də AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlıdır. O, növbəti dəfə feysbuk səhifəsində özünü  ifşa edib. O, utanmadan iddia edib ki, guya hakimiyyət xalqın rəğbətini qazanmaq istəmir. Əvvəla, Fuad Qəhrəmanlının nəzərinə çatdırmaq istərdik ki, dövlət başçımızın siyasi kursunun əsasını, ilk növbədə, insanların taleyi, onların güzəranı, təhlükəsiz yaşaması təşkil edir. Yəni, Azərbaycan dövlətinin siyasətində əhalinin sosial rifahı, sabit, təhlükəsiz şəraitdə firavan yaşaması prioritet təşkil edir. Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilməsi və səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyalar, sosial müavinətlər, təqaüdlər mütəmadi artırılır. Yeni iş yerləri açılır, şəhid ailələrinin, əlillərin və müharibə veteranlarının həyat tərzinin yaxşılaşdırılması, həmçinin sahibkarlığın inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir və s. Bu mənada artıq hakimiyyət həyata keçirdiyi sosial-iqtisadi islahatlarla, yeritdiyi daxili və xarici siyasəti ilə xalqın etimadını tam qazanıb. Buna heç bir şübhə olmasın, Fuad Qəhrəmanlı!

Fuad Qəhrəmanlının iddiasına görə, hər şey yaxşı olsa, müxalifət də öz sosial bazasını xeyli itirərmiş. Burada Fuad Qəhrəmanlıya gülməmək mümkün deyil. Çünki sual olunur: Ay özünü müxalifətçi hesab edən Fuad Qəhrəmanlı, sən axı hansı sosial bazanızdan danışırsan? Məgər sizin sosial bazanız, yaxud digər resurslarınız var? Yoxdur axı! Buna  isə kifayət qədər misal gətirmək olar. Mən yalnız bir fakt göstərməklə kifayətlənəcəyəm. “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə əsasən, Ədliyyə Nazırliyində qeydiyyata düşmək istəyən partiyalar beş min üzv tələbini yerinə yetirməlidirlər. Lakin indiyədək AXCP bu tələbi yerinə yetirə bilməyib. Bu isə o deməkdir ki, sizin heç 5 min o yana qalsın, heç 500 nəfər tərəfdaşınız, rəsmi üzvünüz yoxdur.  Bəli, bu gün  sosial bazanız yox səviyyəsindədir və marginallaşmısınız. Yalnız feysbukdaşlarınız var ki, onlar da artıq sizi tərk etməkdədirlər. Belə olan təqdirdə hansı sosial bazanızdan söz açırsan? Görünür, olmayan şeydən danışmaq sənin fikrincə, əsil qəhrəmanlıq imiş.

Bəli, bu gün sirr deyil ki, Fuad Qəhrəmanlı kimilər feysbukda oturub pozuculuq, təxribat xarakterli “fəaliyyətlə” məşğuldur və bunu siyasi fəaliyyət hesab edirlər. İnsanlığa, milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşmayan tərzdə çirkin təbliğat aparısnız. Şübhəsiz, Fuad Qəhrəmanlı elə-belə fəaliyyət göstərmir, elə-belə danışmır. Əlbəttə ki, onu danışdıran, belə fəaliyyətə təhrik edən var: onu danışdıran anti-Azərbaycan ünsürlərdən aldığı vəsaitlərdir. Amma unutmayın ki, məqsədinizə heç zaman nail olmayacaqsınız. Hələ də başa düşmürsünüz ki, xalq artıq sizin kimilərdən bezib.

Qvami Məhəbbətoğlu, “İki sahil”