Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və sürətlə o yerlərdə quruculuq, bərpa işlərini həyata keçirməsi anti-Azərbaycan dairələri ciddi narahat edir. Məkrli qüvvələr uğurlara kölgə salmaq üçün müxalif məxluqlardan, xüsusilə də Avropanın, ABŞ-ın qaranlıq dairələri tərəfindən maliyyəşən Əli Kərimli, Arif Hacıyev, Tofiq Yaqublu, İlqar Məmmədov, Cəmil Həsənli və digərlərindən alət olaraq istifadə edirlər. Dağıdıcı müxalifət məkrli dairələrin ayırdıqları maliyyə vəsaitinə şirnikərək insanları çaşdırmağa hesablanan açıqlamalarla çıxış edir, populist statuslar paylaşmaqla cəmiyyətin diqqətini özlərinə cəlb etməyə çalışırlar.
Hələ ötən il “Real” partiyasının sədri İlqar Məmmədov işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində inşa olunmuş “ağıllı kənd” layihəsindən video-reportaj təqdim edərək Böyük Qayıdışın ilk müjdəsini tənqid etmişdi. 30 illik işğaldan sonra dağıdılmış ərazilərimizin dövlət tərəfindən bərpası və əhalinin öz dədə-baba torpaqlarına qayıdışı böyük həsrətin sona satması, qürurverici hadisədir. Bunu necə tənqid etmək olar?
Əvvəla, onu bildirək ki, 20-dən çox ölkə müasir şəhərsalma planlarını “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına əsasən qurub. Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) MDB ölkələrində də ilk olan Azərbaycanın “Ağıllı kənd”konsepsiyasının bəyənərək bu modelin digər dövlətlərdə icra edilməsi üçün ölkəmizin təcrübəsindən istifadə ediləcəyini bəyan edib. İ.Məmmədov isə bütün bunları görməzdən gələrək iddia edir ki, bu konsepsiya xarici təcrübə öyrənilmədən, xarici ekspertlərin məsləhəti olmadan icra olunub.
Qeyd edək ki, Zəngilanda bu layihənin təməli qoyulmazdan əvvəl bu konsepsiyanın icrası üçün Azərbaycanda müxtəlif dövlət qurumlarının rəhbər və ekspertlərindən ibarət işçi qrup və alt işçi qruplar yaradıb və bu qruplara isə nüfuzlu xarici ekspertlər cəlb edilib. Konsepsiya Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Sinqapur, Cənubi Koreya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin qabaqcıl təcrübəsi əsasında hazırlanıb. Bu ərazidə ən müasir yollar çəkilib, smart və rəqəmsal işıq, su, qaz, rabitə xətləri qurulub, elektrik stansiyaları, qazpaylayıcı şəbəkələri quraşdırılıb, sosial infrastrukturlar yaradılıb, məktəb, xəstəxana, mədəniyyət və idman obyektləri, inzibati binalar inşa edilib.
Belə olan halda “Real” sədrinin iddiaları yalan, gülünc və əsassızdır. Bütün bu kimi faktlara rəğmən İlqar Məmmədov indi də yeni təbliğat kampaniyasına başlayıb. Belə ki, böyük qayıdışın növbəti mərhələsi çərçivəsində bu günlərdə Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndində qəbul edilib. Ağalı kənd sakini İlqar Məmmədov öz müsahibəsində bildirib: “Ağalıdan getməyimizi acı, ağrılı duyğularla xatırlayıram, o zaman mənim 6 yaşım var idi. Prezident İlham Əliyevin, Azərbaycan Ordusunun sayəsində bu gün doğulub boya-başa çatdığım yurduma qayıdıram. İndi çox fərəhli bir gündür. Çünki böyük sevinc hissi ilə doğma yurdumuza qayıdırıq”.
Ağalıya qayıdan kənd sakini İlqar Məmmədovun sevinci isə bu antimilli hissləri özündə daşıyan “Real” sədrini narahat edib. Niyə? Axı ərazilərimizə Böyük Qayıdışın başlanması İlqar Məmmədov və onun timsalında antimilli ünsürləri niyə bu qədər narahat edir?
Nigar Orucova, “İki sahil”