Zatulin dönüb özünə yaxşı baxsa görər ki, ermənilərə yaltaqlıq onu simasızın birinə çevirib
Ünvanımıza daim hürənlərdən biri, gözlərini qara pərdə tutmuş Konstantin Zatulinin xüsusi antipatiya, hətta zooloji nifrət obyektləri arasında Azərbaycanla Türkiyə xüsusi yer tutur. O son açıqlamasında isə nifrətinin apogeyinə çatıb.
Görün Konstantin Zatulin nə sayıqlayıb: "Türkiyə bizim müttəfiqimiz deyil. Ölkələrimizin liderləri arasında hər hansı yaxşı münasibətlər olsa da, həqiqətən belə olsa belə, biz Türkiyədə baş verənlərin, onun siyasətinin ayıq təhlilinə laqeyd yanaşmamalıyıq. Türkiyənin öz maraqları var və onlar həmişə olub, heç yerdə yoxa çıxmayıb. Türkiyə Qafqaza can atır, Xəzərə can atır, Rusiya Federasiyasının türk xalqları ilə, hətta Yakutiya ilə də dövlətdən yan keçməməklə münasibət qurur.”
Zatulinin iddialarına görə, Türkiyə keçmiş Sovet Orta Asiyasını özü üçün yenidən təşkil etməyə çalışır, indi Altayla maraqlanmağa başlayıb, Monqolustanla əlaqə saxlayır və s. Bu isə Türkiyənin indiki rəhbərliyinin açıq şəkildə Böyük Turana, onların təsir dairələrinin birləşməsinə yönəlmiş ideologiyasına uyğundur və onlar bizim rəqiblərimizdir - inteqrasiya ya bu ərazilərin Moskva ətrafında, ya da Ankara ətrafında baş verir.
Gördünüzmü, xoruzun qıpqırmızı quyruğu necə göründü? Erməni xislətli bu zatıqırıq özünü-sözünü necə itiribsə başqa ölkələrin daxili işlərinə burun soxmaqdan da çəkinmir. Bəli, Zatulin və onun kimiləri yandırıb göynədən türk dövlətlərinin möhkəmlənən birliyidir. Hamını öz imperiya arşını ilə ölçən Zatulin başqalarının güclənməsini psixoz vəziyyətdə qarşılayır. Ancaq başa düşmək istəmir ki, türklər kimsənin torpağını işğal etmək fikrində deyillər.
Qarayaxmasını davam etdirən başabəla deputat daha sonra ətrafındakıları dalayır: "Bizim müəyyən sayda türk lobbilərimiz var ki, onlar Türkiyənin etdiyi hər şeyi sadəcə tərifləyirlər. Siz mərkəzi kanallarda, məsələn, İqor Korotçenkonun, Sergey Markovun, yaxud Maksim Şevçenkonun danışdıqlarına qulaq asın...Bu adamlar Azərbaycanla, Türkiyə ilə münasibətlərə aludə olan insanlardır. Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir, üstəlik, Azərbaycan və Türkiyə bu gün hərbi-siyasi müttəfiqliyə malikdir".
Konstantin Zatulinin bəyanatı, əslində Rusiya Federasiyasının siyasi arenasında olan və Moskvanın normal münasibətlər saxladığı dövlətlərin təftişini aparmağa çalışan siyasət cırtdanlarının təmərküzləşmiş mövqeyi, onların şəxsi istəklərinin göstəricisi sayıla bilər. İqor Korotçenkonu, Sergey Markovu və Maksim Şevçenkonu az qala "Azərbaycanla Türkiyənin agenti" elan edən Konstantin Zatulin, təbii ki, fərdi mövqe, fərqli baxış və fikir nümayiş etdirə bilər.
Rusiyadakı bütün deputatların, siyasətçilərin və ya siyasi analitiklərin Azərbaycanla Türkiyəyə rəğbətlə yanaşmaq məcburiyyəti ilə öhdəliyi yoxdur. Bu, anlaşılandır. Anlaşılmaz məqam Konstantin Zatulinin Rusiyanın maraqlarının müdafəçisi obrazını yaratmağa çalışaraq elə həmin maraqlarla RF vətəndaşlarının mənafelərinə zərbələr vurmaqla məşğul olmasıdır.
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları, bu əməliyyatlara görə kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların sayının 14022-yə çatdığını və Moskvanın çox ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, hazırda Rusiya üçün Türkiyə ilə əlaqələr əlahiddə əhəmiyyət kəsb edir. Suriyada, Liviyada, Afrikanın bir çox bölgələrində, Şərqi Avropada və xüsusilə də Cənubi Qafqazda qarşılıqlı anlaşma, habelə maraqlarla mənafelərin nəzərə alınması şərtilə əməkdaşlıqda olan Moskva və Ankara hazırda tərəfdaşlardır. Bəzi məkanlarda isə belə tərəfdaşlıq geosiyasi müttəfiqlik səviyyəsindədir.
Lakin Kreml bu çağırışları lüzumsuz hesab etdiyi üçün qeybət və demaqogiya ilə məşğul olanlara fikir vermir. Səbəb məlumdur: Moskva-Ankara əlaqələrinin məhdudlaşdırılması çağırışları Rusiyanın maraqlarına və ən əsası, dövlət mənafeyinə tamamilə ziddir. Konstantin Zatulinin isterikası isə "Türkiyə Rusiyaya qarşıdır, Böyük Turan qurmaq istəyir, Azərbaycanla strateji müttəfiqdir" deməsi ilə o, sifarişin kimlərdən və nə məqsədlə alındığını aşkar göstərir.
Məhz Ermənistanın hakimiyyət dairələri, erməni siyasətçilər və analitiklər, həmçinin müxtəlif ölkələrdəki erməni diaspor təşkilatlarının rəhbərləri sözügedən ifadələri tutquşu kimi təkrarlayır, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin Rusiya üçün "çox ciddi geosiyasi təhlükə” olduğunu israrla vurğulayırlar.
Zatulinin ermənidən artıq erməni olmağa çalışması, fasiləsiz olaraq Ermənistanı və Qarabağdakı separatçıları dəstəkləməsi onun şəxsiyyətsizliyindən irəli gəlir.
"Rusiya Erməniləri İttifaqı" adlı diaspor təşkilatının rəhbəri Ara Abramyanla "Taşir" holdinqinin sahibi Samvel Karapetyanın "sadiq köpəyi" funksiyasını illərdən bəri yerinə yetirən Konstantin Zatulin heç cür anlamır və anlaya da bilməz ki, İqor Korotçenko, Sergey Markov və Maksim Şevçenko kimi rusiyalı siyasi ekspertlər sağlam məntiqə və düşüncəyə malik siyasətçilərdir. Ermənilərin "sümük" atıb qısqırddığı siyasətçi deputat dönüb bir özünə baxsın. Dönüb özünə yaxşı baxsa görər ki, onun-bunun qarşısına yüyürüb quyruq bulayan və pay atılmasını gözləyən yiyəsizlərə oxşayır. Onu da görər ki, ermənilərə yaltaqlıq onu simasızın birinə çevirib.
Vəli İlyasov, “İki sahil”