Bəs sabiq pulgir, alkaş səfirin qarnının ağrısı nədir?
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997) Riçard Kozlariç yenə də ənənəvi riyakarlığına sadiq qalaraq ölkəmizin ünvanına böhtan dolu çıxışları ilə özünü gündəmə gətirib. O, bu dəfə FETÖ terror təşkilatı ilə əlaqələrinə və saxta pul əskinasları hazırlamaq ittihamı ilə həbs edilən Qubad İbadoğlunun oğlunun müdafiəsi istiqamətində canfəşanlıq edir. Belə ki, o, avqustun 7- də «The Washington Post» qəzetində dərc etdirdiyi redaktor məqaləsində Qubad İbadoğlunun həbsinə görə ABŞ-dövlətindən Azərbaycanın hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqini istəyib.
Qeyd edək ki, onun bu məqaləsindən sonra AXCP sədri Əli Kərimli, qondarma «Milli Şura»nın sədri Cəmil Həsənli və müsavatçı Tofiq Yaqublu cuşa gələrək Azərbaycan dövlətinə və xalqına qarşı antimilli çıxışlar sərgiləyirlər. Bu gerizəkalılar az qala Ricard Kozlariçin qardaşları rolunda çıxış edərək onun anti-Azərbaycan böhtanlarına züy tuturlar. Hətta onun ölkəmiz haqqındakı rəzil fikirlərini demokratik düşüncənin məhsulu hesab edirlər. Görünən odur ki, əli kərimlilər, tofiq yaqublular, cəmil həsənlilər harada Azərbaycan düşməni varsa onun sırasında qərarlaşmağa çalışırlar.
Qeyd edək ki, bu Riçard Kozlariç Azərbaycanda səfir olan vaxtlar Ermənistanın işğalçı ordusu torpaqlarımızın 20 faizini zəbt etmiş, 1 milyondan artıq soydaşımızı məcburi köçkün və qaçqın vəziyyətinə salmışdı. Onun səfir olduğu dövrdə Xocalı soyqırımı, Meşəli, Qaradağlı qətliamları qurbanlarının yaraları hələ də sağalmamışdı. Bəs o zaman bu Riçard Kozlariç niyə səsini ucaldaraq erməniləri qatil, cani adlandırmırdı? Ona görə ki, onun kor vicdanı belə şeyləri görə bilmirdi.
Ümumiyyətlə, öz maraqları müstəvisində fəaliyyət göstərən bu dırnaqarası siyasətçi ilk dəfə deyil ki, ölkəmizə qarşı qərəzli və böhtan dolu çıxışlar edir. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində də o, «Nyu-York Times»da dərc etdirdiyi məqalədə Azərbaycana qarşı qara piar kampaniyası başlatmışdı. Bundan başqa, Kozlariç Azərbaycanda terrorçu fəaliyyətlərinə görə həbs edilən vətən xainlərinə də himayədarlıq edirdi. Məsələn, o, qondarma «Talış Muğan Respublikası» nın qondarma rəhbəri, vətən xaini Əlikram Hümbətovun müdafiəsində də xüsusi canfəşanlıq göstərirdi.
Ricard Kozlariç bir şəxsiyyət kimi də çox aşağılardadır. O, həddən artıq içki düşkünüdür, yəni əməlli -başlı alkaşdır. Bu sabiq sərsəri səfir hətta Azərbaycandakı diplomatik fəaliyyəti dövründə qəbullarda o qədər içirmiş ki, onu qolundan tutub avtomobilinə sürüyərək aparırmışlar. Kozlariç ölkəmizdəki səfirliyi dövründə burnunu lazım olmayan yerlərə dürtüşdürən və amerikalıların özləri tərəfindən də tənqid edilən diplomat idi.
Sabiq səfir, eyni zamanda, pulgir, var-dövlət düşkünü kimi də xarakterizə olunurdu. Qeyd etmək lazımdır ki, Kozlariç vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəsə də ona imkan verilməyib. Ona görə ki, qanunla diplomatik fəaliyyətlə bərabər, bizneslə də məşğul olmaq qadağandır. Bu isə onu əsəbləşdirib və məhz həmin dövrlərdən başlayaraq, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyalarına başlayıb.
Elçin Zaman, «İki sahil»