13 avqust 2023 22:25
295

Qurban Qurbanov: HİK ilə maksimum hücumda oynamağa çalışacağıq

 "Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. HİK yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. HİK-i Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla HİK-ə qarşı Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, rəqib sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq".

“İki sahil” xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov HİK-lə cavab görüşünün süni örtüklü meydanda keçiriləcəyinə də toxunub: "Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda, təbii örtüklü meydanda oynasaq daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır".