Soyqırımı, separatizm, ksenofobiya, terror, başqa xalqların sərvətlərinin mənimsənilməsi...
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, bu mühüm reallığı da unutmayaq ki, gələcəyə keçmişlə addımlayırıq. Azərbaycan hər zaman keçmişini unutmur, bu günü ilə qürur duyur və gələcəyə böyük inamla addımlayır. Ən əsas Azərbaycan xalqı yenilməz, məğrur, tarixinə sahib çıxan xalq kimi tanınır və nüfuz qazanır. Azərbaycan 30 illik işğal dövründə daim dünyaya bu çağırışı edirdi ki, həqiqətə həqiqət gözü ilə baxmağın zamanıdır. Ədalət və beynəlxalq hüquq maraqların arxasında əriyəndə, dünya ikili standartlara əsaslanan siyasətindən əl çəkməyəndə təbii ki, etimad mühitinin mövcudluğundan, inamdan danışmaq qeyri-mümkündür. Ölkəmiz 30 il bu yanaşma ilə üz-üzə qaldı. Bəzi dünya güclərinin erməni yalanlarına inanıb Azərbaycanı işğalçı, Ermənistanı isə işğala məruz qalan ölkə kimi təqdim etmələrinin şahidi də olduq. ABŞ Konqesinin erməni diasporunun səyləri nəticəsində Azərbaycana qarşı «Azadlığı Müdafiə Аktı»na ədalətsiz 907-ci düzəlişi əlavə etməsi də bunun bariz nümunəsidir. Bütün bunlara baxmayaraq, Azərbaycan dipomatik mübarizəsini uğurla davam etdirdi. 2001-ci ildə ABŞ-da baş verən 11 sentyabar terror aktı bu rəsmi Vaşinqtonun xarici siyasətində mühüm dəyişikliklərə yol açdı. Belə ki, ABŞ höküməti «907-ci düzəliş»in ədalətsiz qərar olduğunu təsdiqlədi və onun bir illik fəaliyyətinin dondurulması ilə bağlı qərar qəbul etdi. Artıq həmin ildən başlayaraq hər il bu qərar yenidən təsdiqlənir. Qərarın birdəfəlik ləğvi prosesinin uzanması da dünyanın ikili standartlara əsaslanan siyasətinin bariz nümunəsidir.
İkili yanaşmadan, ən əsası Ermənistana dəstəkdən irəli gələn xeyli sayda faktları sadalamaq olar. Erməni diasporunun zaman-zaman apardığı təbliğata görə ermənilər beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, əzilən və döyülən» millət kimi təqdim olunsalar da tarixi faktlar Azərbaycan xalqının 30 ildə necə vəhşi bir millətlə üz-üzə dayandığını təsdiqləyir. Faktlara əsaslanan tarix hər zaman bu tələbi ortaya qoyur ki, həqiqəti yalan təbliğatla deyil, faktlarla ortaya qoymaq gərəkdir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycana əsassız torpaq iddiası irəli sürən ermənilərin dost, qardaş Türkiyəyə qarşı «erməni soyqırımı» məsələsindən bir təzyiq vasitəsi kimi istifadə etməsi də məlum olaylardandır. Türkiyə rəsmilərinin bu məsələnin araşdırılması üçün tarixçilərdən ibarət türk-erməni komissiyasının yaradılması və dünya arxivlərinin açılması tələbi ilə çıxış etməsi daim qarşı tərəfdə böyük səs-küy yaradıb. Ermənistan hakimiyyəti «bu kimi məsələlərlə tarixçilər deyil, siyasətçilər məşğul olur» söyləməklə özlərinə saxta tarix yazmaqda nə dərəcədə püxtələşdiklərini nümayiş etdirirlər.
Bir məqamı da qeyd edək ki, hətta işğalçı ölkədə «erməni soyqırımı» abidəsi ucaldılaraq, ölkəyə səfər edən xarici ölkələrin rəsmilərinə bu abidəni ziyarət etdirməklə onun tanıdılmasına səy göstərirlər. Bu da erməni həyasızlığının bir göstəricisidir. Dünya güclərinin, o cümlədən Fransanın heç bir araşdırma aparmadan «erməni soyqırımı»nı tanıması, hətta bunu digər ölkələrdən tələb etməklə yanaşı, daxildə bunu tanımayanlara qarşı cəzanın və cərimələrin tətbiqi məsələsini gündəmə gətirməsi dünyanın ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə hansı şəkildə yanaşdıqlarını nümayiş etdirdi. Fransa istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə bu meyarları kobud şəkildə pozaraq Ermənistana dəstəyi ilə müxtəlif sualların yaranmasına səbəb olur. Ermənistan və Fransanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq. Fransa bu ölkədə yaşayan etnik azlıqlara qarşı olduqca qərəzli siyasət yürüdür və ayrı-seçkilik tətbiq edir. Bu fakt inkaredilməzdir ki, Fransada yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan edilib. Bu qadağalar davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün səmərəli mexanizmlərin tətbiqinə imkan vermir. Başqa dinlərə nifrət zəminində törədilən cinayətlərin rəsmi statistikası aparılmasa da, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar, digər etnik və dini qruplara, xüsusilə müsəlmanlara qarşı qadağalar artır. Bu, bir daha onu göstərir ki, Fransada mənəvi və dini ayrı-seçkilik meyilləri artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Fransada islamofobiya bu ölkənin tarixi müstəmləkəçilik siyasəti nəticəsində formalaşıb və Makron hökumətinin yürütdüyü irqçi siyasətlə daha geniş vüsət alıb. Ermənistana siyasi, hərbi dəstəyini əsirgəməyən Fransa ilə təcavüzkar ölkəni birləşdirən dəyərlər də işğalçılıq, separatçılıq, ksenofobiya, terrorçuluq, başqa xalqlara məxsus sərvətlərin mənimsənilməsidir. Bununla Fransa Ermənistanı müdafiə etməklə yanaşı, həm də özünün müstəmləkəçilik siyasətinə haqq qazandırmış olur.
Bunları qeyd etməkdə məqsədimiz oldur ki, illərdir erməni vəhşilikləri, onların ört-basdır edilməsinə dünyanın əksər güclərinin dəstəyi gizlədilməyə çalışılsa da hadisələrin gedişi bir daha sübut etdi ki, faktları gizlətmək, yalanla həqiqət üzərində qalib olmaq mümkün deyil. Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Mediya Forumunda jurnalistin «Ermənilər Azərbaycanın mədəni irsinə qarşı planlaşdırılmış bu dağıntıları nəyə görə etdilər» sualını cavablandırarkən bildirmişdir ki, bu günə qədər də başa düşə bilmirəm bu qəddarlığın, bu nifrətin mənbəyi haradan qaynaqlanır? Çünki ermənilər Azərbaycan ərazisində uzun müddətdir ki, yaşayırlar. Tarixə diqqət yönəldən cənab İlham Əliyev bir daha bu həqiqətləri tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, ermənilərin kütləvi surətdə Qarabağa köçü XIX əsrin birinci yarısında başlamışdır. 1805-ci ildə Kürəkçay müqaviləsi nəticəsində Qarabağ xanlığı, ondan sonra imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə isə Azərbaycanın digər xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Ondan sonra daha çox İrandan və Şərqi Anadoludan ermənilərin kütləvi məskunlaşması prosesi başlamışdır. Bunu təsdiqləyən çoxlu sənədlər var. Görkəmli dövlət xadimlərinin yazıları, məktubları, açıqlamaları - bütün bunlar tarixən təsdiqlənir: «Yəni, onlar bu torpaqlara - Qarabağ torpağına qonaq kimi gəlmişdilər, o cümlədən Şuşaya. Onlar iddia edirdilər ki, Şuşa erməni şəhəridir. Birincisi, Şuşa şəhərinin tarixi o qədər də uzaq illərə getmir. 1752-ci ildə Pənahəli xan Şuşada şəhər salmışdır və keçən il Azərbaycanda “Şuşa İli” elan olunmuşdur. Çünki biz Şuşanın 270 illiyini qeyd edirdik. Yaradılandan işğala qədər Şuşada yaşayanların mütləq əksəriyyəti azərbaycanlılar olub. Əgər Şuşa erməni şəhəri idisə, nə üçün belə acınacaqlı vəziyyətdə idi? Nə üçün Şuşanın 17 bulağı da işğal dövründə ermənilər tərəfindən qurudulmuşdur?»
Qısa təhlil bu qənaətə əsas verir ki, təbliğat real faktlara, tarixi həqiqətlərə əsaslananda daha inandırıcı və uzunömürlü olur. Eyni zamanda, dünyanın Fransa kimi gücləri bir mühüm məqamı da unutmamalıdırlar ki, ədalətin və beynəlxalq hüququn varlığına kölgə salaraq işğalçını, terroru dəstəkləyən bir ölkəni müdafiə etməklə ümumilikdə bu siyasətə dəstək olurlar. Bu isə öz növbəsində həmin ölkələrin nüfuzuna, söz sahibliyinə öz mənfi təsirini göstərir. Tarixi Zəfərimizdən sonra Fransaya qarşı yaranan etimadsızlığın son həddə çatması deyilənlərə bariz nümunədir.
Yeganə Əliyeva, “İki sahil”