İşğaldan azad edilmiş ərazilərimizdə həyat keçirilən tədbirlər təkcə erməniləri narahat etmir
“Azadlıq” qəzetinin feysbuk səhifəsində bir status paylaşılıb. Statusda deyilir ki, guya işğaldan azad olunmuş ərazilərdə bölgənin faunası barbarcasına məhv edilir. Amma bununla bağlı heç bir fakt göstərilməyib. Sadəcə, paylaşımın altında hansısa məkanda çəkilmiş anlaşılmaz görüntü yerləşdirilib.
Halbuki 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan yalnız tarixi abidələri, mədəni irsi dağıtmaqla kifayətlənməyib, həmin ərazilərdə meşə massivlərini sıradan çıxarıb, ovlanması qadağan olunan “Qırmızı Kitab”a düşmüş heyvanları barbarcasına məhv ediblər. Ermənistanın ekoloji terror siyasəti sayəsində transsərhəd çay olan Oxçuçay tamamilə təhlükə mənbəyinə çevrilib. Yəqin ki, 2020-ci ildə Kəlbəcər, Laçın və Ağdamı boşaltmaq üçün Azərbaycanın humanist mövqeyi nəticəsində verilən əlavə vaxtdan istifadə edərək hayların meşələri yandırmaları, ağacları kəsmələri kimi vəhşilikləri heç kəsin yadından çıxmayıb.Təkcə bir faktı xatırladaq ki, Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1818 ədəd müxtəlifcinsli, kökü üstdə çoxillik ağaclar kəsilib və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulub. Elə bu kimi səbəblərdən işğal dönəmində həmin ərazilərimizin ekoloji mühit tamamilə dəyişib. Qarabağ və Şərqi Zəngəzurda ekosid törədərək "ölü torpaq" siyasəti həyata keçirən Ermənistan hazırda da transsərhəd ekoloji terrorunu davam etdirir.
Amma Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatan kimi həmin ərazilərin təbiətini əvvəlki görkəminə qaytarmaq məqsədilə əməli işlərə start verdi. Müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmağa başlanıldı. Böyük Qələbədən ötən bir ildə - Zəfər günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Bundan sonra Heydər Əliyev Fondunun layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirildi. Son məlumata görə, Şuşa rayonu ərazisində yerləşən Topxana meşəsinə bitişik olan 1,5 hektar torpaq sahəsində və Şuşa şəhərinin giriş hissəsinin sol tərəfində 0,02 hektar torpaq sahəsində yerli şəraitə uyğun ağac növləri əkilib.
Daha sonra işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olundu. Ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması istiqamətində əməli addımlar atıldı.
Bir sözlə, bu gün işğaldan azad olunmuş ərazilərimizin landşaft örtüyünün, flora və fauna aləminin, yeraltı və yerüstü sərvətlərimizin, torpaq və su resurslarının tədqiqi, mühafizəsi, bərpası və səmərəli istifadəsi Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinin, Prezident İlham Əliyevin tapşırıqlarının uğurla həyata keçirilməsinə tam şəkildə səfərbər edilib. Belə olan təqdirdə “Azadlıq” qəzetinin feysbuk səhifəsindəki bu sayıqlamaya nə ad vermək olar? Bu qüvvələr, konkret olaraq bu səhifəni işlədənlər niyə indiyə qədər erməni vəhşiliyi ilə bağlı statuslar paylaşmır? Niyə bölgədə yeni ekoloji fəlakətə səbəb olacaq Arazdəyəndə zavod tikintisi ilə bağlı etiraz səsləndirmirlər?
Belə məlum olur ki, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, o cümlədən təbiətin dirçəldilməsi istiqamətində həyat keçirilən tədbirlər təkcə erməniləri narahat etmir...
Qvami Məhəbbətoğlu, “İki sahil”