11 avqust 2023 23:16
504

Əli Kərimlinin absurd iddiaları

Azərbaycanda «Siyasi  partiyalar haqqında» yeni Qanun qüvvəyə mindikdən sonra, özünü ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin əndişəsi daha da artıb. Ona görə ki, rəhbərlik etdiyi partiyanın fəaliyyətində yeni Qanunun maddələrinə uyğun olmayan ciddi qüsurlar aşkarlanıb. Xüsusilə tələb olunan 5 min üzv məsələsində saxtakarlıqlar üzə çıxıb.

AXCP-nin ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmamasından sonra  Əli Kərimli ənənəvi populizmindən əl çəkməyərək  yenə də cəmiyyətə öz yalanlarını yedirtməyə davam edir. O, iddia edir ki, qanunun geriyə qüvvəsi yoxdur və bizim partiya bir dəfə qeydiyyata alındıqdan sonra ikinici dəfə bu prosedura ehtiyac yox idi. Bu lidercik hələ də anlamır ki, bu Qanun yenidir və burada müasir standartlara, beynəlxalq hüquqa daha çox yer verilib.  Ona görə də partiyaların yenidən qeydiyyatı məsələsi zəruridir .

Bundan başqa, Əli Kərimli partiyasının  qeydiyyata alınmamasını hakimiyyətin qərəzi kimi qəbul edir. Hətta o daha dərinə gedərək bildirir ki, AXCP Azərbaycanda dövlət quran partiyadır və onun qeydiyyata alınmamasına görə Ədliyyə Nazrliyi məsuliyyət daşıyır. Belə yerdə deyirlər ki, «ağası gülüm olanın başına külüm olar.» Axı, xalq sənin və məsləkdaşlarının 1992-1993-cü illərdə qurduğu dövlətin zəifliyini, gücsüzlüyünü gördü . Məhz sizinkimilərin mənsəbpərəstlikləri, anarxiyası səbəbindən xalqın güvəndiyi  dövlət iflas olma həddinə çatdırıldı.   

Bəli, bütün siyasi fəaliyyətini dövlətinə və xalqına qarşı düşmənçilik üzərində quran bu şəxs hətta ölkəmizə yönəlik ən sərt və antimilli mövqe sərgiləməkdən çəkinmir. 1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-Müsavat hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə,  antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin, əslində qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu düşərgəni belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Son 20 ildə o, xarici fondlardan, səfirliklərdən verilən pulları partiyasına deyil, məhz ailə problemlərinə xərclədiyi üçün partiyadan yüzlərlə üzv istefa vermişdir.

İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən məyusluq keçirən bu antimilli liderciyin iddialarından biri o idi ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması guya sülhə təhlükədir. Məhz İrəvanda da revanşistlər belə düşünürlər. Demək, Kərimli ilə revanşistlərin Azərbaycan əleyhinə fikirlərində bir xeyli oxşarlıqlar tapmaq olar. O deyir ki, yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onda Kərimlidən  soruşmaq lazımdır ki, sənin təbirincə desək, əgər bu Qarabağ münaqişəsi  «hər iki ölkədə demokratiyanın bərqərar olması» nəticəsində həll edilə bilərdisə, bəs  onların «demokratik prezident» elan etdikləri Əbülfəz Elçibəyin və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter-Petrosyanın vaxtında niyə həll edilmədi, əksinə daha da pisləşdi?

AXCP sədrinin absurd iddialarının əksinə olaraq bu gün təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, ondan əvvəl də dəstəkləyib. Qeyd edək ki, ABŞ-ın ölkəmizə tətbiq etdiyi «Azadlığı müdlafiə Aktı»na  907-ci düzəliş də   Azərbaycana AXCP sədrinin mənsub olduğu hakimiyyətin dövründə  tətbiq olunub.

Əli Kərimli şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan belə çəkinməyib. Hətta vaxtilə AXC-də təmsil olunan şəxslər belə onun Ə.Elçibəyin əleyhinə iyrənc təbliğatlar apardığını etiraf etmişdilər. Necə deyərlər, vaxtilə öz liderinə xəyanət edən birisinin xalqına, dövlətinə  qarşı antimilli fəaliyyəti qətiyyən təəccüblə qarşılanmır.

Davamlı olaraq beynəlxalq birliklərdən Azərbaycana qarşı sərt mövqe göstərilməsini istəyən və əvəzində işğalçı Ermənistanı «demokratik» adlandıraraq erməni cəlladlarının cinayətlərinə bəraət qazandıran, eyni zamanda, sosial şəbəkələri hakimiyyətə qarşı şər- böhtan alətinə çevirən Əli Kərimlinin Azərbaycan dövləti ilə düşmənçiliyi pik həddə çatmaqdadır. Təbii ki, o, bir gün ölkəmizə qarşı bəslədiyi  bu kin-kudrət burulğanında tamamilə batacaqdır. Çünki  onun kimi məsləksizlərin sonu belə qurtarır.

Elçin Zaman, «İki sahil»