Azərbaycanın siyasi həyatında müxalifət deyil, siyasi müxəlləfat kimi tanınan AXCP-nin bəzi fəalları özlərini göstərmək və gündəmə soxulmaq üçün dəridən-qabıqdan çıxaraq mücərrəd fikirlər irəli sürürlər.
Onlardan biri-AXCP funksioneri Fuad Qəhrəmanlı Ermənistan tərəfindən bu günlərdə Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında süni surətdə yaradılan qaralama kampaniyasına özəl münasibətini bildirib. Bu antimilli ünsür elə çiy fikirlər səsləndirib ki, eşitsə bişmiş toyuğun da gülməyi gələr. Özündə çatmadığı halda başqalarına ağıl öyrədən Qəhrəmanlı Azərbaycanın apardığı uğurlu xarici siyasəti bəyənmədiyini deyir, hətta onun milli maraqlara vurduğu zərbədən dəm vurur. Onun düşüncəsinə görə öz yolumuzu üzümüzə bağlayan erməni terrorçularına humanitar yardımı yalvara-yalvara verməliyik. Yəni, ay ermənilər, biz sizi sevəcəyik, siz sevməsəniz də. Görəsən Fuadın bədəni bilirmi ki, başı nə danışır? Düşünürmü ki, dünyanın əksər dövlətlərinin başçıları və tanınmış siyasətçilərinin Azərbaycan Prezidentinin daxili və xarici siyasətini təqdir etdiyi, ölkəmizin reytinqinin sürətlə yüksəldiyi bir vaxtda bir nəfər gözügötürməzin sözlərinin nə çəkisi ola bilər? Əlbəttə, düşünmür, əgər düşünsə qətiyyən danışmazdı.
Belə görünür ki, bunlar başları girməyən yerə bədənlərini soxmağa çalışırlar. Fuad Qəhrəmanlı isə eyibinə kor olsaydı danışmağa cürət etməzdi. Axı, rəhbəri Əli Kərimli olan kəsin səviyyəsi bundan artıq olmaz ki! Necə düşünür, elə də danışır, sanki nəyisə icad edir. Heç demir ki, mən hara, siyasət hara?
Fuad yaxşı olar ki, gedib haradansa qrant pullar qazanmaq barədə düşünəsən. Vaxtını yelə vermə, bu siyasət sənlik deyil. Bildiyin işdən yapış. Qranddan-mrantdan al ye, dilini də farağat qoy, çox danışan çox bəlaya düşər. Sizin "işləriniz"in nədən ibarət olduğunu hamı bilir. "Qanun naminə" filmindəki Kamilov demiş: ayə, sən niyə burnunu hər yerə soxursan?
Vəli İlyasov, "İki sahil"