Yoxsa Cənubi Qafqaza soxulmaq cəhdi?
Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınını Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşmaq niyyəti onu göstərir ki, bu ölkə regionda yeni təxribatlar axtarışındadır və hələ də öz qərəzli mövqeyindən imtina etməyib
Ölkəsinin son 200 ildə törətdiyi və törətməkdə davam etdiyi çoxsaylı cinayətlərdən nəticə çıxarmayan indiki Prezident Emmanuel Makron ötən əsrin əvvəllərində sələflərinin oynadıqları anti-Türkiyə və anti-Azərbaycan rolunu davam bu gün də “uğurla” davam etdirir. Fransa hakimiyyəti və Prezident Makron bu gün də su bulandırmaqla, Avropa İttifaqı Şurasının Ermənistanla Azərbaycan arasında vasitəçiliyin üzərinə kölgə salmaqla məşğuldur. Fransa ATƏT-in keçmiş Minsk qrurupunun həmsədri kimi özünü 30 il boyu ifşa edib. Onun erməniləri müdafiə etidiyi kimsəyə sirr deyil. Rəsmi Paris saxtakarlıq və avantüra ilə məşğul olan rəsmi İrəvanın himayəçisi rolunda çıxış edir. Fransa dəfələrlə dövlət səviyyəsində Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatlar törədən Ermənistanı dəstəkləyən bəyanatlar verib.
Hələ iki ay öncə Paris Şəhər Şurası Qarabağdakı ermənilərə yardım kampaniyasına başlamaq barədə qətnamə qəbul etmişdi. Bu, ilk baxışda Fransanın ermənipərəst siyasətinin davamı kimi sıradan bir olay təsiri bağışlaya bilər. Amma azacıq təhlil göstərir ki, əslində bu, dəstəkdən daha çox Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə, ölkəmizin maraqlarına zərbə vurmağa hesablanmış bir addımdır. Paris Şəhər Şurasının Qarabağdakı ermənilərə “humanitar yardım”la bağlı başlatdığı aksiya həm də onu göstərirdi ki, Fransa regionda yeni təxribatlar axtarışındadır və hələ də öz qərəzli mövqeyindən imtina etməyib. Fransanın ermənipərəst fəalları bu absurd qətnamə ilə öz aləmlərində Qarabağdakı ermənilərin sosial durumlarının fəlakətli həddə çatdığını vurğulamaq yolu tutublar. Yəni, məqsəd ermənilərə yardım etmək deyil, yardım adı altında Azərbaycanın imicinə, onun haqq işinə zərbə vurmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır. Fransanın “humanitar yardım” avantürasının digər bir məqsədi onun Cənubi Qafqazda, xüsusilə də Ermənistandakı mövqeyini gücləndirmək, bu coğrafiyada nüfuz sahibi olmaqdır. İndiki dönəmdə bunun üçün ən yaxşı fürsət isə erməni yalanına ortaq olaraq, özünü Qarabağdakı hayların xilaskarı kimi təqdim etməkdir. Rəsmi Paris Fransanın regiondakı maraqlarını Ermənistanın və Qarabağdakı erməni separatçılarının əli ilə təmin etməyə çalışır ki, bu da Azərbaycanın maraqları baxımından yolverilməzdir.
Bütün bunlar azmış kimi, Fransanın bir sıra şəhər və regionlarından toplanmış “yardım”dan ibarət yük maşınını Ermənistanın Azərbaycanla razılaşdırmadan “humanitar yük” adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşmaq niyyəti haqqında məlumatlar yayılıb. Göründüyü kimi, islamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək məqsədi güdür. Fransa öz qeyri-adekvat hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir. Təbii ki, belə məqamda Azərbaycan əl-qolunu bağlayıb gözləməyəcək. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Elə uzun illər də Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışıb. Lakin sülh danışıqları fonunda torpaqlarımızın işğalı ilə barışmağa, Qarabağı unutmağa məcbur edildiyimizi gördüyümüzdə silaha sarıldıq. Yəni, biz heç zaman Ermənistan, Fransa kimi digər dövlətlərin ərazisini işğal, talan etmək barədə düşünməyib, əzəli, haqqımız olan torpağımızın geri qaytarılması üçün çalışmışıq. İndi də dəyişən bir şey yoxdur. Proseslərin gedişi göstərir ki, Fransanın bu avantürası onun özünün başında çatlayacaq və bunun sonu həm onun özü, həm də Ermənistan üçün yaxşı nəticə verməyəcək.
Göründüyü kimi, hər iki ölkə iflas dövrünü yaşayır. Ermənistanın səbəbi məlumdur. Bəs Fransa niyə iflas olur? İlk növbədə, bu ölkə keçmiş müstəmləkə ölkələrinə münasibətini dəyişə bilmir. Hələ də onları qul, özünü quldar görür. Fransanın xarici siyasətində dini ayrı-seçkilik aparıcı ideologiyadır. Ölkə daxilində belə insanlar dərilərinin rənglərinə görə irqi ayrı-seçkiliyə məruz qalırlar. Daim başqalarına demokratiya dərsi keçən bu ölkə indi beynəlxalq aləmdə bu sifətini qoruya bilmir. Azərbaycan-Ermənistan məsələlərinə münasibətdə bunu daha aydın görmək mümkündür. 30 il işğalçını müdafiə etmiş Yelisey sarayı ədalətli vasitəçi və münaqişələrə də hakim ola bilməz. Odur ki, Fransa qlobal münaqişələrdə vasitəçi olmaq kimi missiyadan da məhrum olur. Hazırda ölkə iqtisadiyyatında elə ciddi inkişaf nəzərə çarpmır. Bunun başlıca səbəblərindən biri kimi onun iqtisadi əməkdaşlığı siyasi ambisiyalarına qurban verməsi göstərilir.
Beləliklə, 500 il Afrikada mövcud olan, Avropa İttifaqının aparıcı dövləti sayılan Fransanın çöküşü davam edir. Hazırda onun Afrikadan qovulmasının növbəti dalğası baş verir. Onun dünya gücü kimi səhnədən gedəcəyi gün də uzaqda deyil.
Sevinc Azadi, “İki sahil”