Artıq neçə ildir ki, Xankəndidəki terrorçu dəstələrə başçılıq edən Araik Arutyunyan indi kal armud kimi sadə ermənilərin boğazında ilişib qalıb. Çünki onun iddialarından əl çəkib getməsi bölgədə rahat həyatın təmin olunmasına doğru böyük bir addım olardı. Lakin Qarabağı çalıb-çapan quldurbaşı isə iki ayağını bir başmağa dirəyib getmək istəmir ki, istəmir. Əlbəttə, bunun səbəbləri var. İrəvana getməkdən it kimi qorxan Araik bilir ki, oraya varid olan kimi həlak olanların və itkin düşənlərin ata-anaları onun yaxasından ikiəlli yapışacaq və hesab soracaqlar. Onda Araik nə cavab verər? Daha deyə bilməz ki, sizin oğullarınızın qanı ilə yaxşı pul qazanmışam.
Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olmazdan əvvəl hayların demək olar ki, hamısı şirin xəyallarla yaşayır, itkilərə o qədər də acımırdılar. Ancaq biabırçı məğlubiyyətdən sonra şirin xəyalların yerində övlad itkisi və acı göz yaşları qaldı.
Son günlər ermənilər arasında Araik Arutyunyanı “devirmək” çağırışları səsləndirilir.
Bu barədə sosial şəbəkənin erməni seqmentində müraciətlər yayılıb. “Qarabağda olan kişilərə sual var: nəyə görə blokadaya düşməyinizə səbəb olan Araik və onun bütün xuntasını aradan qaldırmırsınız? Aylardır heç nədə günahı yoxmuş kimi gəzir. Ermənistandan heç kim gəlib sizin əvəzinizə Araiki devirməyəcək. Bunu istəsələr də, edə bilməzlər. Ancaq bacarsalar, Paşinyanı aradan götürərdilər. Əslində, Araiki xüsusi əməliyyatla aradan götürmək asandır. Bəs nəyi gözləyirsiniz?”, – müraciətdə bildirilir.
Diqqətə çatdıraq ki, Xankəndidə Araikin düşmənləri az deyil. Qondarma rejimin "müdafiə naziri" olmuş Samvel Babayan və tərəfdarları Araiki "aşırmaq" üçün ən təhlükəli qüvvədir. Əvvəllər onların arasında baş verən silahlı insidentlər sübut edir ki, Samvellə Araik barışmaz düşmənlərə çevriliblər. "İt itin ayağını basmaz"-deyiblər. Kaş bu məsələdə atalar sözü öz qüvvəsində qalmasın, yəni, "it itin ayağını elə bassın ki, gözləri lap kəlləsinə çıxsın."
Vəli İlyasov, "İki sahil"