10 avqust 2023 23:18
394

AXCP qeydiyyat üçün xarici himayədarlarından dəstək istəyir

Azərbaycanda «Siyasi  partiyalar haqqında» yeni Qanun qüvvəyə mindikdən sonra, əslində adı olub, fəaliyyəti isə heç cür nəzərə çarpmayan bir çox partiyalar özlərini  buraxmalı olublar. Yeni Qanuna görə, siyasi  partiyaların qeydiyyatı üçün ilkin şərt hər bir partiyanın ən azı 5 min üzvünün olmasıdır.

Məhz bu hadisədən sonra partiyasını daim ana müxalifət hesab edən AXCP sədri Əli Kərimli və onun sosial şəbəkələrdəki trolları dövlətə qarşı  qara piar kampaniyasına başlayıblar.  Onların bu kampaniyada başlıca  məqsədləri  həmişəki kimi,  Azərbaycan dövlətinə və onun başçısına  böhtan atmaq, qara yaxmaq, bir sözlə, xaricdəki anti-Azərbaycan qüvvələrə yaltaqlanmaqdır.

Məsələn, AXCP funksioneri Seymur Həzi sosial şəbəkədə bildirib ki, biz Azərbaycanı müxalifətsiz, AXCP-ni qeydiyyatsız qoymayacağıq. Onun  bu iddiası, əslində qulağa xoş gəlir. Güman edirsən ki, sosial bazalarını genişləndirməklə, fəaliyyətlərində şəffaflığa nail olmaqla partiyalarını yenidən qeydiyyatdan keçirə bilərlər. Lakin Seymur Həzinin bu fikrinin astar üzündə isə riyakarlıq var. O, AXCP-ni  beynəlxalq təşkilatların Azərbaycan dövlətinə təzyiqləri ilə qeydiyyatdan keçirmək arzusundadır. Ancaq hələ də anlamır ki, Azərbaycan  hüquqi dövlətdir və ona təzyiqlər vasitəsi ilə təsir etmək mümkün deyil.

Bəli, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycan  hakimiyyəti dəkonstruktiv müxalifətin olmasında maraqlıdır. Ona görə ki, müxalifətsiz cəmiyyət inkişafsız cəmiyyətdir . Adətən konstruktiv müxalifət hakimiyyətin qüsurlarını  kənardan aydın görüb onu şərh edir, təkliflər verir, seçkilərdə rəqibinə qarşı bu faktlardan yararlanaraq sivil şəkildə mübarizə aparır. Lakin xaricdəki və daxildəki anti-Azərbaycan qüvvələr  ölkəmizdə sivil müxalifətin yaranmasına deyil, dağıdıcı müxalifətin formalaşmasına nail olublar.

Belə ki, AXCP sədri Əli Kərimli və onun inhisarında olan qondarma  «Milli Şura» xarici maliyyə vəsaitləri hesabına dövlətimizə vəmilli mənafelərimizə qarşı zərərli addımlarını bu gün də davam etdirirlər. Bu dağıdıcı siyasi təşkilatların fəaliyyəti və xarakteri imkan vermir ki, onlar ciddi sosial baza toplamaqla seçkilərdə müsbət nəticələrə nail olsunlar. Son 30 ildə iştirak etdikləri bütün  seçkilərdə məğlub olanlar nəinki istefa vermirlər, hətta partiyalarında diktatura şəraiti yaradıblar.

AXCP-nin inhisarında olan qondarma  «Milli Şura» indi bir qrup donosbazın, qaragüruhun şər-şəbədə yuvasına çevrilib. Tofiq Yaqublu, Cəmil Həsənli, Seymur Həzi, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və onlarla bu kimi xaraktersizlər bu gün də sosial şəbəkələrdə ölkəmizin uğurlarına böhtan atmaqla məşğuldurlar. Onlar FETÖ  terror təşkilatının üzvü hesab edilən, hətta saxta pul kəsməklə məşğul olduğu bildirilən Qubad İbadoğlunun haqlı həbsindən  istifadə etməklə  Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa  çalışırlar.

Onlar xaricdəki anti-Azərbaycan qüvvələrin dövlətimiz əleyhinə  ənənəvi qarayaxmalarına  Qubad İbadoğlu məsələsini gündəmdə saxlamaqla dəstək verirlər. Həm də elə bir vaxtda ki, ölkəmiz indi işğalçı Ermənistanı dəstəkləyən, islamofobiya və Azərbaycanofobiyalara qarşı qətiyyətlə, təkbaşına mücadilə edir.

Bu gün dağıdıcı düşərgənin fəaliyyəti çox iyrənc bir vəziyyətə gəlib çıxıb. Yəni, bu partiyalar demokratiyadan dəm vursalar da, əslində, burada çoxluğun azlıq üzərində diktaturası hökm sürür. Ona görə ki, onların liderləri partiyadaxili demokratik islahatları qəbul etmirlər. Fikir verin, Əli Kərimli 20 ildən çoxdur ki, AXCP sədridir. Bu dövrdə  onun düşüncələrində, siyasi mübarizə üsulunda . cəmiyyətə sivil baxışlarında   heç bir proqressiv dəyişiklik yoxdur. 

Eyni zamanda bu da biabırçı faktdır ki, heç bir sivil cəmiyyətdə siyasi partiyaya bu qədər uzunmüddətli rəhbərlik etmirlər. Xüsusilə də bütün seçkilərdə məğlub olan partiya sədri dərhal istefa verərək  ya siyasətdən, ya da ki, partiya rəhbərliyindən uzaqlaşmalıdır.

Digər tərəfdən, dağıdıcı müxalifət partiyalarının kadr potensialı o qədər zəifdir ki, hətta onların funksionerlərini cəmiyyətin böyük qismi tanımır. Çünki dağıdıcı düşərgənin rəhbərləri cəmiyyəti cəlb edəcək alternativ proqramlarla  çıxış etmək gücündə də deyillər. Sanki onların  vəzifələri sadəcə hakimiyyətə böhtan atmaq, hətta ən yaxşı işlərinə kölgə salmaqdır. Bununla da Əli Kərimlinin trol dəstəsinin rəzil kimliyi və xarakteri tam aydın olur.

Elçin Zaman, «İki sahil»