11 avqust 2023 00:58
505

Şeytanın nökərləri?

Yoxsa, Allahın bəndələri?

Molla rejiminin antimüsəlman maskası cırılıb

"İslam respublikası" adlandırılan İranın qonşu müsəlman ölkələrinə gətirdiyi müsibətlər və bəlalar barədə nə qədər danışılsa da əmmaməli siyasətçilərin öz cinayətkar əməllərindən əl çəkmək fikirləri yoxdur. Müharibə apardığı bir neçə ərəb ölkəsində törətdiyi hərbi cinayətlərdən yorulub usanmayan İran rejimi son illər hücumunun istiqamətini dəyişib. Artıq İran casusları Türkiyədə və Azərbaycanda zərərli dini təbliğat aparmaqla, silahlı çıxışlara zəmin hazırlamaqla məşğuldurlar. Vurğulayaq ki, son iki ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan təlimat və pul alan bir neçə terror təşkilatı ifşa edilib.

Bu günlərdə Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İranın casus şəbəkəsini zərərsizləşdirib.  Bu barədə “Mouze” "Teleqram" kanalı məlumat yayıb. Bildirilib ki, həbs edilənlər arasında azərbaycanlılar da var. Onlardan ikisinin adı məlumdur.

İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdikləri müəyyən edilib. MİT tərəfindən İŞİD üzvü olan kuryerin 8,5 milyon avroya İrana satılmaq üçün rəqəmsal karqo İstanbula yola düşdüyü texniki izləmə vasitələri ilə müəyyən edilib. Kuryer İstanbul Beynəlxalq Hava Limanında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb.

Bu və digər çoxsaylı mötəbər faktlar sübut edir ki, İran ənənəvi siyasətini həyata keçirməkdə israrlıdır. Yəni, qardaş müsəlmanları bir-birinə qırdırmaq üçün hər cür fitnəkarlığa əl atır. Adını "İslam respublikası" qoyub İslamın bünövrəsinə balta çalan molla rejimi özünü müsəlman aləminin cəlladı kimi aparır. Tiryək hakimiyyətinin idarə etdiyi dövlət elə belə də olmalıdır. Faktdır ki, İran ətrafındakı bütün ölkələrdə narkotik biznesi qurmaqla məşğuldur. Ancaq haram olsa da o pullar məşəqqət içərisində yaşayan İran xalqının rifahı üçün deyil, saxladığı terror dəstələrinin başkəsənlərinə və qonşu ölkələrdə onların xeyirinə casusluq edənlərə paylanır. Narkotik dövriyyəsinə görə bu şeytani dövlət dünyanın ən iri narkotik mərkəzlərindən biri sayılır. Halbuki öpüb gözlərinin üstünə qoyduqları "Qurani- Kərim"də bu kimi işlərlə məşğul olmaq qadağandır və haram sayılır. Belə görünür ki, bunlar Allah bəndəsi deyil, şeytanın nökərləridir.

Bir məsələ də var ki, İran Türkiyəyə və Azərbaycana narkotik yaymaqla bu ölkələrdə təkcə pul qazanmaqla kifayətlənmir. Ölkələrimizə qarşı düşmən mövqe tutan molla hakimiyyəti həm Azərbaycanda, həm də Türkiyədə dövlət çevrilişləri üçün hazırlıq işləri aparır. Təəssüf ki, tüfeyli yolla asan qazanc əldə etmək istəyən bəzi soydaşlarımız İran xüsusi xidmət orqanlarının təsiri altına düşərək milli və dini ənənələrimizi ayaq altına atır, düşmənlərimizə "maşa"lıq edirlər. Molla rejiminin "yorğa"lıq etməsinə baxmayaraq istər qardaş Türkiyədə, istərsə Azərbaycanda caynaqları kəsiləcəkdir. Artıq bu işlərə başlanıb. Son vaxtlar İran rəsmilərinin özlərini sığortalamasına baxmayaraq onların riyakarlıqları keçmir, çünki cırılmış maskalarının arxasından iblis sifətləri açıq görünür.

Vəli İlyasov, "İki sahil"